“Bankla sahibkar arasında anlaşılmazlığı dövlət həll etməlidir” - AÇIQLAMA

13:20 | 16.02.2016
“Bankla sahibkar arasında anlaşılmazlığı dövlət həll etməlidir” - AÇIQLAMA

“Bankla sahibkar arasında anlaşılmazlığı dövlət həll etməlidir” - AÇIQLAMA

"Sahibkarlığın inkişafı ilə bağlı yüksək rütbəli məmurların çıxışları yalnız ictimai xarakter daşıyır. Yəni sahibkarlar bu çıxışları qanun hesab edib, ona  əsaslanıb öz işlərini görə bilməzlər. Bu səbəbdən də lazımi tədbirlər görülməlidir” – bunu ANN.Az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyib.

Ölkə başçısı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Amma hələ də bir çox problemlər var. Məsələn, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun Cəlilabadda sahibkarlarla görüşü zamanı sahibkarlardan biri belə bir şikayəti dilə gətirib. Sahibkarın sözlərinə görə, o, fəaliyyətini inkişaf etdirmək üçün banklardan birinə müraciət edib, amma bank ondan kredit müqabilində Bakıda olan evin əmlak sənədini girov qoyulmasını istəyib: "Onlara cavab verdim ki, axı Cəlilabadda yaşayıram, Bakıda necə evim ola bilər? Bu səbəbdən kredit götürə bilmədim”. 

Görəsən regionda olan sahibkarlara göstərilən bu cür münasibətin əsas səbəbi nədir? Sahibkarlarla bank arasında hər hansı bir problem yaranırsa, dövlət nə etməlidir? 
 
 
Vahid Məhərrəmov 

Bu sualları ANN.Az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov şərh edib.

Ekspert tövsiyyə edib ki, sahibkarlarla banklar arasında belə problemin yaşanmaması üçün dünya praktikasından istifadə edilməlidir: "Dünyanın bir çox ölkəsində dövlət xüsusi təminat fondu yaradır. O fondlar banklar qarşısında dövlət hesabına 80 faizlik öhdəliyi öz üzərinə götürür. Əgər fermer götürdüyü əmanəti vaxtında banka qaytara bilməyəcəksə,  belə olan halda həmin təminat fondu (zəmanət fondu) kreditin 80 faizini banka qaytarır. Sonradan mərhələ-mərhələ bu fond  fermerlərlə, sahibkarlarla özləri o qalığın əldə olunmasına çalışırlar. Sahibkarlığın inkişafı üçün belə qaydalar tətbiq olunmalıdır.   Dünya praktikasına nəzər salsaq görərik ki, bu fond sayəsində görülən işlərin nəticələri çox yüksəkdir və yaxşı da nəticələr əldə olunub. Bu yaxınlarda Brüsseldə keçirilən bir tədbirdə Baltikətrafı ölkələr və Avropa ölkələrində tətbiq olunan bu sistemin üstünlüyündən danışılırdı”.    
Vahid Məhərrəmov əlavə edib ki, sahibkarlar onlan üçün ayrılan kreditləri rahat və qanuna uyğun şəkildə əldə etməlidirlər: Bəzi vaxt problemlərin olduğunun şahidi oluruq, bu da təbii ki, onların işlərinə mane olur. Bəzən dövlət rəsmiləri kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün hər cür şərait yaradıldığını deyirlər. Ancaq bu cür problemlər, hər hansı bir çıxış ilə həll edilmir. Yəni dövlət rəsmilərinin, məmurların, hökumət başçısının çıxışı ilə bu məsələlər  həll olunmur. Ona görə ki, çıxış yalnız ictimai xarakter daşıyır. Yəni hansısa məmurun çıxışı qanunu əsas deyil ki, sahibkarlar ona əsaslanıb iş görsünlər”.

Ekspert əlavə edib ki, bu cür çətin durumlarda vəziyyətdən çıxış yolu sistemli qaydada həll olunmaqdan ibarətdir: "Böhran ərəfəsində ölkədəki bankları risk altına qoymaq olmaz. Ancaq fermerlərin, sahibkarların bu gün maliyyə ehtiyacı mütləq ödənilməlidir. Belə olmadığı halda ölkənin ərzaq təhlükəsizliyi təmin olunmayacaq. Bununla yanaşı hökumət bankla sahibkar arasında mövcud olan anlaşılmazlığı, hər hansı problemin həllini mütləq qaydada öz üzərinə götürməlidir”. 

Regionlarda yaşayan sahibkarların niyə məhz kredit üçün paytaxta gəldiklərinə ekspert belə aydınlıq gətirib: "Yəqin ki, rayonlarda olan bank filiallarının bu kimi əməliyyatları yerinə yetirməyə gücləri çatmır: "Ola bilsin, regiondakı bank filiallarına belə səlahiyyətlər verilməyib. Kənd təsərrüfatı riskli sahədir. Ehtimal olunur ki, bölgələrdəki filiallar sadəcə baş ofislərlə sahibkar arasında vasitəçi rolunu oynayır”. 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM