Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Beynəlxalq Bankı” Açıq
Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə
hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il
tarixli Fərmanın icrası çərçivəsində ABB-nin maliyyə dayanıqlılığının
gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri
ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital
itkilərinin bərpasını əhatə edir. Artıq ABB-nin 9,93
milyard manat dəyərində toksik aktivi dövlət tərəfindən alınmış, likvidlik
dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat
həcmində depozit yerləşdirilmişdir. Bundan əlavə, bankın kapital mövqeyinin
dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan
dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi
kapitalın artırılmasına yönəldilmişdir.
Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın
yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik
aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə
itkilərə məruz qoymuşdur. Nəticədə 2016-cı ilin yekunlarına görə beynəlxalq
maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları
da daxil olmaqla) 1,9 milyard manat, ABB-nin özünün isə 1,74 milyard manat məbləğində
zərərinin açıqlanması gözlənilir.
Sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü
restrukturizasiyası nəzərdə tutulur.
Öhdəliklərin
könüllü
restrukturizasiyası çərçivəsində "Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi
planlaşdırılır.
Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici
kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin
maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası
dayandırılır.
Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta
mövqeyi tənzimlənəcək, maliyyə
vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır.
Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır.
"Azərbaycan Beynəlxalq Bankının maliyyə və kapital
mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur. ABB-nin maliyyə
dayanıqlığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə
xidmətlərinin göstərilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bank tərəfindən
hal-hazırda görülən tədbirlər maliyyə sabitliyinin təmin edilməsi üçün əhəmiyyətli
addımdır və bu tədbirlər Maliyyə Nazirliyi tərəfindən tam şəkildə dəstəklənir. Maliyyə
Nazirliyi ümid edir ki, ABB-nin xarici valyutada olan kreditorları təklif
olunan restrukturizasiya planını dəstəkləyəcəkdir. Dövlət bank üçün böyük addım
atır və faktiki olaraq dövlət borcunun artırılması hesabına ABB-nin borclarını
qəbul edir. Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, ABB-nin əmanətçiləri
təklif olunan restrukturizasiya planından təsirlənməyəcək və Bankın bütün xidmət
və əməliyyatları eyni qaydada davam etdiriləcək.” – deyə maliyyə naziri Samir Şərifov
bildirib.
ABB-nin sağlamlaşdırılma prosesi Maliyyə
Bazarlarına Nəzarət Palatasının ardıcıl nəzarəti altında həyata keçirilir.
"Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya
planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. ABB
maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və
sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin
göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Buna görə də
biz Maliyyə Nazirliyinin bankın maliyyə vəziyyətini sabitləşdirmək və
dayanıqlığını təmin etmək səylərini müsbət qarşılayırıq. Hesab edirik ki, bu
addım təkcə bank üçün deyil, ümumilikdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət
daşıyır. Restrukturizasiya planı ABB-nin yerli hüquqi və fiziki şəxslər
qarşısındakı öhdəliklərinə heç bir halda təsir etmir. MBNP olaraq biz bankın
kreditorlarının və əmanətçilərinin hüquqlarının pozulmayacağına və vəsaitlərindən
sərbəst şəkildə istifadə etmələrinə nəzarət edəcəyik” – deyə Maliyyə
Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı
bildirib.
"2016-cı il üzrə maliyyə nəticələrimizdə qeyd
olunduğu kimi, ABB hal-hazırda mürəkkəb maliyyə vəziyyətindədir. Buna
baxmayaraq, inanıram ki, bizim xarici valyutada olan kreditorlarımızın dəstəyi
ilə ABB-nin gələcək maliyyə dayanıqlığı təmin ediləcək. Bankın cari vəziyyətində
göstərdikləri dəstəyə görə Maliyyə Nazirliyinə və MBNP-yə minnətdarlığımı
bildirirəm.
ABB-nin pərakəndə və korporativ müştərilərini əmin
etmək istəyirəm ki, restrukturizasiya planı onlara heç bir halda təsir etməyəcək.
Əlavə olaraq, bizim digər xidmət və əməliyyatlarımız bu prosesdən kənarda
qalacaq”- deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Bizi sosial şəbəkələrdə izləyin !