Vəzifəsini itirəndən sonra Nazirlər Kabinetində işə götürülən məmurlar - SİYAHI

Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.
Vəzifədən azad olunduqdan sonra NK-ya təyinat alan məmurların siyahısını təqdim edirik:
Şahin Mustafayev - On bir il ərzində (2008-2019) Azərbaycanın iqtisadiyyat naziri olmuş Şahin Mustafayev tutduğu vəzifədən azad olunduqdan sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Baş nazirin müavini təyin olunub.
Rüfət Məmmədov - Şahin Mustafayevin iqtisadiyyat naziri olduğu dövrdə onun müavini olmuş Rüfət Məmmədov da 2019-cu ildə işdən azad olunduqdan sonra NK-ya təyinat alan məmurlardandır. Belə ki, o, həmin il Baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub.
Musa Pənahov - Uzun müddət nəqliyyat nazirinin, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini işləmiş Musa Pənahov da vəzifəsini itirdikdən sonra NK-ya təyin olunan məmurlardandır. Belə ki, Musa Pənahov Nazirlər Kabinetinin Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin olunub.
Natiq Məmmədov - 2011–2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini olan Natiq Məmmədov da NK-də vəzifəyə gətirilən rəsmilərdəndir. O, 2018-ci ildən Baş nazirin Sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini vəzifəsini icra edir.
Hacıbala Abutalıbov - On yeddi il (2001-2018) Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olmuş Hacıbala Abutalıbov da 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin müavini təyin olunmuşdu. Lakin o, cəmi bir il sonra Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad olunmuşdu.
www.anews.az
Son xəbərlər 
Daha çox 























