Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 7-də mərhum yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə məhkəmə qərarını elan edərək Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir. Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytında məlumat yayılıb.
www.anews.az
Rafiq Tağı xüsusilə İslam dini ilə bağlı tənqidi fikirləri ilə tanınırdı. Onun müəllifi olduğu "Şərq-Qərb araşdırmaları” adlı silsilə məqalələrin dərc olunmasından sonra 2006-cı ildə İranda barəsində dini ölüm fətvası verilmişdi.
Rafiq Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırlması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd edib. Ərizəçi Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəfə alınmasından şikayət edib.
Avropa Məhkəməsi qərar verdi ki, Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) prosessual baxımdan pozuntusu baş verib.
Məhkəmə qərarında Rafiq Tağının ölümü ilə bağlı cinayət araşdırmasının effektivliyini incələyib.
"Məhkəmə bir sıra istintaq hərəkətlərinin uyğun və vaxtında həyata keçirildiyini müşahidə edir və iş materiallarından görünür ki, istintaq qurumları ərizəçinin ərinin öldürülməsinin arxasındakı müxtəlif mümkün motivləri, o cümlədən, bunun onun nəşrləri ilə əlaqəli ola biləcəyi ehtimalını incələyiblər. Bu durumda Məhkəmə, yerli qurumlar tərəfindən həyata keçirilmiş istintaqın ümumi yetərliliyini şübhə altına alacaq hər hansı əksiklik görmür”, - məhkəmənin rəsmi saytı yazıb.
Bununla belə, Avropa Məhkəməsi zərərçəkmiş kimi tanınmış ərizəçinin haqlarının istintaq zamanı pozulduğunu ifadə edir.
"İstintaq zamanı ərizəçiyə zərəçəkmiş status verilməsinə rəğmən, istintaq qurumlarının onun işin sənədlərinə çatımını dəfələrlə əngəllədiyi görünür. Məhkəmə, istintaq orqanlarının bu duruma haqq qazandırmaq üçün daxili qanunvericiliyə istinad etməsini qəbul edə bilməz… Məhkəmə, bu məsələnin Azərbaycana qarşı əvvəlki məhkəmə işlərində də vurğulandığını müşahidə edir. Daxili qanunvericiliyin durumunun nəticəsi olaraq, ərizəçi davam edən cinayət istintaqı ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini dəfələrlə xahiş etsə də, onun tələbləri diqqətə alınmayıb və ya rədd edilib. Bu durum ərizəçini qanuni maraqlarını qorumaq imkanından məhrum edib və istintaqın ictimaiyyət tərəfindən yetərincə müzakirə edilməsini əngəlləyib. Məhkəmə, bu məsələdə vurğulayır ki, mərhumun ailə üzvlərinin və ya onların qanuni nümayəndələrinin istintaqda iştirakı və məlumatların onlara verilməsi, habelə, onlara digər sübutlar təqdim etmək imkanının yaradılması vacibdir… Yuxarıda vurğulanan mülahizələr Məhkəmənin, ərizəçinin ərinin ölümü ilə bağlı aparılan araşdırmanın, ölən şəxsin ailəsinin qatılımı kimi önəmli bir təminatdan məhrum olması səbəbindən səmərəsiz olması qənaətinə gəlməsi üçün yetərlidir… Beləliklə, ərizəçinin istintaqa qatılma çərçivəsi ilə əlaqədar olaraq, Konvensiyanın 2-ci maddəsi prosessual baxımdan pozulub…”, - məlumatda yazılıb.
Cari ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə illik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.
Ləman Qasımova
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























