Sürücü yol polisinin özbaşınalığından narazıdır - Rəsmi tərəf nə deyir?

Masallı rayonu Boradigah qəsəbəsinin sakini 32 yaşlı Elnur Balayev yol polisi tərəfindən sürücülük vəsiqəsinin əlindən alınmasına görə narazılıq edir, bu barədə o Anews.az-a şikayət ünvanlayıb.
Vətəndaşının dediklərinə görə, YPX əməkdaşları Azər Rəcəbli və Vüsal Nağıyev zorakılıqla onu polis bölməsinə aparıb.
"22 iyul saat 11 radələrində Masallı rayonu Boradigah qəsəbində idarə etdiyim 99-FF-989 dövlət qeydiyyat nişanlı maşınımı 565 çağırışlı avtopatrulu idarə edən YPX əməkdaşları Azər Rəcəbli və Vüsal Nağıyev saxladılar. Narkotik istifadəsi iddiası ilə Masallı Rayon Polis bölməsinə getməyə məcbur etdilər ki, analiz verməlisən”, şikayətçi əlavə edib.
Balayev bildirir ki, yol boyu onun şəxsiyyətini alçadan ifadələr işlədilib və şikayət edəcəyini bildirdikdə əhəmiyyət verilməyib.
Analizinin cavabı mənfi çıxan Elnur Balayev avtomobildə pərdə iddiası ilə onu buraxmadıqlarını deyir.
"Analizdən sonra dedim ki, gördüz hərşey tərtəmizdi. Onlar isə maşınımdakı pərdənin qanunsuz olduğunu dedilər. Mən SMS radarın cavabını dedim ki, mayın 1-dən noyabrın 15-nə kimi arxa yan şüşələrə pərdə vurmaq olar. Onlar mənə kəs səsini burda qanun bizik dedilər”, şikayətçi söyləyib.
Elnur polis əməkdaşlarının yetərli iddia tapmadıqları üçün keçmiş məsələləri açdıqlarını söylədi.
"Sürücülük vəsiqən 2 il bundan qabaq nəzarətə götürülüb, sonra yenə sənə verilib dedilər. Mən bunun söhbətə aid olmadığını bildirsəm də onlar sürücülük vəsiqəmi götürdülər. Rəis müavini Ramal bəy məndən sürücülük vəsiqəmi qaytarmaq üçün 20 manat rüşvət istədi. İlk başda verməyəcəm desəm də daha sonra məcbur oldum. Amma o, 200 manat pərdəyə görə qeyri qanuni cərimə protokolu yazdı", deyə Elnur Balayev bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynova şikayət ünvanlayan sürücü yenidən Masallı Rayon Polis Şöbəsinin Rəis müavini Ramal Ağaməmmədova yönləndirilib.
"Daxili İşlər Nazirliyindən zəng gəldi və elə Azər Rəcəbli deyən kimi əsaslandırdılar. Məni rəis müavininə yönləndirdilər. Səhər getdim, o mənə ayıb deyil bizdən niyə şikayət etmisən deyərək qınadı. Mən də sizin vətəndaşı təhqir etməyiniz ayıbdır, mən öz hüquqlarımı bərpa etmək üçün şikayət etmişəm söylədim. O get baxarıq dedi”, deyə o vurğulayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev səsləndirilən iddiaların əsassız olduğunu bildirib.
"Həmin şəxs sürücülük hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılıb və bununla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə barəsində inzibati protokol tərtib edilib. Sürücülük vəsiqəsi isə sürücülük hüququ məhdudlaşdırıldığı üçün aidiyyatı üzrə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə göndərilib. Səsləndirilən digər iddiaların heç bir əsası yoxdur. Ona qarşı heç bir qanunsuz tələb irəli sürülməyib”, deyə Məhəmməd Rzayev deyib.
Məhluqə Tağıyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























