Aşura günündə işləmək günahdırmı? - AÇIQLAMA

Bu gün, avqustun 8-də Azərbaycanda aşura günüdür. Ölkənin bəzi bölgələrində bu gün vacib gün kimi, bəzilərində isə ümumiyyətlə qeyd edilmir. Hətta bəzi bölgələrdə aşura günündə ev işləri ilə məşğul olmaq, dükanlara alış-veriş etmək belə günah hesab edilib.
İlahiyyatçı Hacı Sədi deyir ki, bu cür yanaşmaların dinlə bağlılığı yoxdur.
İlahiyyatçının sözlərinə görə, bu gün hətta çörək bişirən zavodlar da işləmir.
"Mənim də yadımdadır ki, bu gün hətta çörək bişirən zavodlar işləmirdi. Mən də istəməzdim belə olsun. Amma bu insanların şəxsi məsələsidir. Bəlkə də həmin gün ailələr ziyarətlərə gedir deyə işləməyi vacib hesab etmir. Hətta bəziləri ev işləri görmür. Necə ki, insanın ailəsində yas mərasimi olar iş görməz. Bunu da onun kimi qəbul edib iş görməzlər”, Hacı Sədi söyləyib.
Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin üzvü deputat Cavanşir Paşazadənin fikrincə, bu günü necə qeyd etmək insanların şəxsi məsələsidir.
"Məsələn mən hazırda qan vermə aksiyasında iştirak etdim. İnsanların yanaşması fərqlidir. Bu gün işləmək və ya harasa getməyin günah olması barəsində dində heç bir əsas yoxdur. Mən ümumiyyətlə belə bir hal ilə rastlaşmamışam", deyə deputat vurğulayıb.
Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























