“Omid” mağazalar şəbəkəsinin rəhbəri və satış müdiri həbs edilib

“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə işçidən zor tətbiq etməklə 88 min manat tələb etməkdə təqsirləndirilərək həbs ediliblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəbəkənin Gəncədə yerləşən “Omid Gəncə-3” mağazasında baş verib.
Belə ki, Rəhman Məmmədov və Tərlan Qasımzadə mağazanın müdirini satılan mallardan əldə olunan pulları mənimsəməkdə ittiham ediblər. Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyərək, müxtəlif vasitələrlə hədələyib və şirkətə vurduğu iddia edilən ziyana görə ondan 88 min manat tələb ediblər.
Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri və satış müdiri saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı ilə məşğul olan mağazalar şəbəkəsidir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və ölkənin rayonlarında 100-ə yaxın filialı var.
























