DYP sürücülərə xəbərdarlıq edib

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səfərlərin sayı artıb.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb.
DYP bildirib ki, səfərlərin artması bölgələrdə yol-nəqliyyat hadisələrinin sayına da təsir edir.
Qeyd olunub ki, əsasən toqquşma, aşma və maneəyə çırpılma ilə nəticələnən qəzalara yol açan amillər sırasında sürücülərin getdikləri yola bələd olmaması, mürəkkəb relyefli ərazilərdə kifayət qədər sürücülük təcrübəsinin olmaması, təhlükəsizlik tədbirlərinin görülməməsi, avtomobilin yorğun və yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şəraitinin, sutkanın qaranlıq vaxtının və məhdud görünmənin nəzərə alınmaması, həmçinin texniki cəhətdən nasaz nəqliyyat vasitələrindən istifadə edilməsi yer alır.
DYP, həmçinin son illər səfərlər zamanı kirayə avtomobillərdən istifadənin artdığını bildirib. Qurumun məlumatına görə, avtomobilin texniki vəziyyətinin və ya xidmətindən istifadə edilən sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması sonradan ciddi fəsadlara səbəb ola bilər.
























