İnternetsiz qalan media: şərh verir, tənqid edir və çıxış yollarını göstərir - AÇIQLAMALAR

15:15 | 17.11.2015
İnternetsiz qalan media: şərh verir, tənqid edir və çıxış yollarını göstərir - AÇIQLAMALAR

İnternetsiz qalan media: şərh verir, tənqid edir və çıxış yollarını göstərir - AÇIQLAMALAR

Ölkə ərazisində 6 saatdan çox müddətə internetin olmaması özü ilə birgə digər problemlərin qabarmasına səbəb oldu. Dünənki hadisə nəticəsində həm bank sektoru, həm də internet mediası ağır zərbə aldı. İnternetin kəsilməsi eyni zamanda informasiya təminatının təhlükəsizliyinə təhdid kimi də qəbul edildi.

Dünənki hadisənin internet saytlarının, redaksiyalarının fəaliyyətinə təsiri daha çox özünü nədə görsətdi? Sonrakı fəsadları nə oldu? Dövlət belə bir hadisənin baş verməməsi ilə bağlı ən birinci hansı addımları atmalıdır? İnternet sahəsindəki inhisar halları nə vaxt aradan qaldırılacaq?

ANN.Az mövzu ilə əlaqədar  "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin, "Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxanın, "lent.az" xəbər saytının baş redaktoru Qabil Abbasoğlunun, "modern.az" saytının baş redkatoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının fikirlərini öyrənib.



Mehman Əliyev dünən ölkədə baş verən hadisəni çox ciddi problem kimi dəyərləndirdiyini deyib: "Hətta bir anlıq elə vəziyyət yarandı ki, biz büllütenlərimizi əvvəllər olduğu kimi kruyerlər vasitəsilə göndərək. Əslində hiss olundu ki, internetin birdən-birə yox olması bizi və başqalarını (informasiya oxuyanları və istehsal edənləri də) necə çarəsiz vəziyyətə salır?”

Agentlik direktoru ölkədə internet sahəsinin digər sahələrdə olduğu kimi inhisardan əziyyət çəkdiyini dilə gətirib:  "Delta telekom”la bağlı dəfələrlə bu məsələ qaldırılıb ki, monopoliya aradan qaldırılsın. Bu ciddi problemdir və onu hər an yenidən yaşaya bilik. Dəfələrlə alternativ provayderlərin yaradılması təklif olunub. Dünən baş verən hadisə nəticəsində ölkəyə ciddi mənada ziyan vuruldu, həm də bu ziyanın mənəvi tərəfləri daha çoxdur. Bank sistemində və digər qurumlarda zəncirvari problemlər yaşandı. Ümumiyyətlə, Azərbaycanda biz real olaraq sistemli krizislə üzləşdik və rabitə sistemi də onun tərkib hissəsidir.  Bu məsələyə dırnaqarası deyil, tam ciddi şəkildə baxılmalıdır. Çünki belə şeylərlə oynamaq olmaz”. 

M.Əliyev indiyə kimi dünyada bunabənzər hər hansı hadisənin olmasını eşitmədiyini vurğulayıb: "Hələ də internetin istifadəsində ciddi problemlər var, tam bərpa olunmayıb. Bu gün dünya Azərbaycanda belə bir hadisənin olmasını eşidib, amma bunun real olmasına inananlar azdır, çünki əcnəbilər heç vaxt belə bir problemlə üzləşməyiblər və təsəvvür edə bilmirlər. Elə bu baxımdan da belə bir hadisənin baş verməsi bütün ölkə üçün faciədir. Və bu faciəni aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır”. 



Arif Əliyev də belə bir hadisənin baş verməsini informasiya təhlükəsizliyi təminatına ciddi təhdid hesab edir: "Dünən baş verən hadisə hansısa bir informasiya axtaran şəxsin çətinliyə düşməsi demək deyildi.  Eyni zamanda bu problem maliyyə əməliyyatlarında və bir çox sahələrdə ciddi fəsadlara yol açdı. Amma belə hadisənin tək Azərbaycanda baş verməsini demək düzgün deyil. Çünki  daha geniş imkana malik olan ölkələrdə də belə problemlər vaxtilə yaşanıb. Amma məsələ ondadır ki, internetin yoxa çıxması ölkənin bəzi ciddi qüsurlarını qabartdı və bariz şəkildə ortaya qoydu. İlk növbədə monopoliya və inhisarçılığın olmasını vurğulamaq istərdim. Ölkə ərazisinin 90 faizinə qədərinə əgər bir provayder internet paylayırsa, əlbəttə ki, burada problemin kökündə inhisarçılıq, monopoliya durur. Bu baxımdan hələ əvvəldən belə problemin yaşanacağını proqnozlaşdırmaq lazım idi. İnhisarçılığın olması bahalaşmanın olmasına, təhlükəsizliyin, müdafiənin zəif olmasına, həm də sağlam bazar rəqabətinin yaranmamasına gətirib çıxardır. "Delta telekom” demək olar ki, dövlət orqanları ilə əlaqədar təşkilatdır. Bu nüans isə inhisarçılığı daha da gücləndirir”. 

Birlik sədri əlavə edib ki, dövlət belə bir vaxtda mütəxəssislərin, ekspertlərin xalqa, millətə xeyir verəcək təkliflərini dinləyib münasib modelləri nəzərdən keçirməlidir: "Bundan başqa dövlət inhisarçılığın aradan qaldırılması, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı tədbirlər həyata keçirməlidir. Azərbaycan ilk növbədə 2020-ci ildə ölkəni internet cənnətinə çevirmək barədə qəbul olunmuş konsepsiyasına əməl etməlidir. Artıq qarşıdan 2016-ci il gəlir, amma ölkəmizdə belə ciddi problemlər yaşanır. Bu o deməkdir ki, 2020-ci il barəsində qəbul olunmuş konsepsiyanın heç 50 faizi həyata keçirilməyib”. 



"lent.az" xəbər saytının baş redaktoru Qabil Abbasoğlunun fikrincə, dünən  baş vermiş hadisənin mənfi tərəfi informasiya təhlükəsizliyi təminatına edilmiş təhdid kimi qəbul olunmalıdır: "İnternetin kəsilməsi nəticəsində saytların "İP” meyarlarının aşağı düşməsi və s. məsələlər sonuncu yerdə dayanır. Çünki söhbət daha çox ölkənin, bütövlükdə informasiya məkanında yaranan ciddi bir prosesdən gedir. Burada həm dövlətin təhlükəsizliyi, həm KİV-də informasiyanın məhdudlaşdırılması ilə bağlı, həm də cəmiyyətin informasiya qəbul etmək baxımından qarşısının alınması məqamları var”. 

"Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan isə internetin kəsilməsində təxribat versiyasının olmasına şübhə etmədiyini deyib: "Bu təkcə mənim fikrim deyil, geniş yayılmış fikirdir. "İP” məsələsinə gəlincə, şübhəsiz ki, öz təsirini göstərib. Bir-neçə saat kəsinti yarandı. Bu sayta girişlər zamanı müəyyən fasilələrin yaranması demək idi. Hansısa saytın "İP”sinin azalması, hansısa bankın işində problemin yaranması və s. problemlər mövcuddur, amma bütövlükdə götürdükdə bu problem informasiya təhlükəsizliyinin təhlükə altına düşməsi deməkdir. Bu hadisədən sonra çox ciddi təxribatlar baş verə bilər”.



Azər Ayxan dünən baş verən bu hadisəni 1990-ci ilin 19 yanvar günü AzTV-nin enerji blokunun partladılması və bütün ölkənin informasiya təminatının yox edilməsinə bənzədib: "O vaxt da ölkədə panika yaranmışdı. O vaxtda Azərbaycanda informasiya təminatı bir kanal vasitəsilə idi. O vaxt alternativ informasiya vasitələri çox az idi, sadəcə "Azadlıq”, "Amerikanın səsi” radioları var idi. Amma dünən yeni media sahəsində heç bir alternativ informasiya mənbəyi yox dərəcəsində idi. Ümumiyyətlə, dünən baş verən hadisə Azərbaycanın internet təhlükəsizliyi, informasiya təhlükəsizliyi barədə ciddi düşünməyə əsas verir”.     



"modern.az” saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı internetin kəsilməsini havanın, suyun olmaması ilə müqayisə edib: "Əgər internetin zəif olması, yaxud fasilələrlə verilməsi saytların fəaliyyətinə mənfi təsir göstərirsə, indi görün onun kəsilməsi, olmaması nə deməkdir? Əlbəttə ki, heç arzuolunan hal deyil”. 

Baş redaktorun sözlərinə görə, belə bir halın təkrar baş verməməsi üçün həm hökumət, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi   ciddi tədbirlər həyata keçirməlidir. Misal üçün, alternativ üsullara əl atılmalıdır ki, təkrar hər hansı problem yaşanarsa, alternativ sistem işə düşsün ki, internet kəsintisi olmasın”. 

İnternetin kəsilməsinin təxribat olub-olmaması məsələsinə gəlincə, baş redaktor müxtəlif fərziyyələrin irəli sürüldüyünü vurğulayıb: "Dünən baş verən hadisə barəsində də fərziyyələr çoxdur. Əsas odur ki, bu sübuta yetirilsin. Tək onu deyə bilərəm ki, arzuolunmaz bir hadisə baş verib”.

Qeyd edək ki,  noyabr 17-də saat 16:05 etibarən bütün ölkədə internet kəsilib. İnternetin bərpası gecə saatlarında  mümkün olub. İnternetin kəsilməsi  ölkəni internetlə təmin edən "Delta Telekom” provayderinin bazasında baş verən yanğın hadisəsi ilə əlaqələndirilib. 

Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM