“Onlar bizim musiqiyə valehdirlər” – Kəmalə Maisqızı

14:26 | 22.12.2014
“Onlar bizim musiqiyə valehdirlər” – Kəmalə Maisqızı

“Onlar bizim musiqiyə valehdirlər” – Kəmalə Maisqızı

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Maisqızı ANN.Az-ın suallarını cavablandırıb, danimarkalıların Azərbaycan musiqisinə necə münasibət bəsləməsi barədə danışıb, Danimarka uşaqları ilə bizim uşaqları müqayisə edib və skandinaviyalıların nə üçün Azərbaycana səfər etmək istəməsini açıqlayıb.

- Danimarkada nə qədər azərbaycanlı yaşayır?

- Çox deyil. Onlar müxtəlif adalarda yaşayırlar. Bizim şəhərimizdə yalnız 3-4 ailə yaşayır. Ona görə də bəzən birlikdə toplaşmaq, hansısa məsələləri birgə həll etmək çox çətindir. Şəhərlər arasındakı məsafə tez-tez görüşməyə imkan vermir.

- Sizin mərhum həyat yoldaşınız Elxan Hüseynov bir neçə il əvvəl diaspora strukturunun əsasını qoydu və bu istiqamətdə olduqca aktiv idi…

- Həyat yoldaşımın başlatdığı diaspora fəaliyyətini davam etdirirəm. O, öz vətənini çox sevirdi və həmişə öz ölkəsinin xeyrinə aktiv fəaliyyət göstərirdi. Onun başladığı işi yarıda qoymaq düzgün olmazdı. Bizim iki əkiz oğlumuz var, Emil və Kərim, onlar ali məktəbdə oxuyurlar. Ümid edirəm, iki il sonra onlar ataları tərəfindən başlanmış diaspor fəaliyyətini öz üzərlərinə götürəcəklər. Onlar çox vətənpərvərdirlər, Azərbaycanı sevirlər və evdə yalnız ana dilində danışırlar.

- Artıq neçə ildir Danimarkada yaşayırsınız, nə işlə məşğulsunuz və diaspora fəaliyyətiniz nədən ibarətdir?

- Biz Danimarkada artıq 11 ildir yaşayırıq. Fredensborq şəhərində 10 il yaşadıq. Bu yaxınlarda Hillerod şəhərinə köçdük. Bu şəhərdə özəl məktəbdə işləyirəm. 6 sinif üzrə 0-dan musiqi dərsi deyirəm. Elə bu şəhərdə, artıq 7 ildir Danimarka musiqiçisi, Danimarkada çox məşhur Lars Bonun ansamblında ifa edirəm. O, şərq musiqisiylə maraqlanır. Biz kollektivdə 8 nəfərik. Məndən başqa qalanları danimarkalılardır.
Qeyd etmək xoşdur ki, mənim gəlişimlə ansamblda Azərbaycan musiqisini sevdilər. Və hər il biz Azərbaycan xalq mahnılarının daxil olduğu konsert proqramıyla çıxış edirik.

- Bəs Danimarka tamaşaçısı Azərbaycan musiqisinə necə reaksiya verir?


- Sentyabrda mən Azərbaycan mahnılarından ibarət repertuar hazırladım, Danimarka tamaşaçılarının çox xoşuna gəldi. Biz məhz Azərbaycan mahnılarıyla çıxış etmək üçün bir neçə dəvət aldıq. Bizim şəhərin bütün mədəni tədbirlərinin rəhbəri Hillerado Per Hasfelds bu həftə xüsusi olaraq bizim mahnılarımızı dinləmək üçün gəldi və özünün dediyi kimi, zəngin Azərbaycan musiqisinə sözün həqiqi mənasında aşiq oldu. O, qeyd etdi ki, ilk dəfədir Azərbaycan musiqisini eşidir və dərhal ölkəylə, Qarabağ münaqişəsi ilə maraqlandı. Biz uzun müddət Ermənistanla olan problemlərimizdən danışdıq. Yeri gəlmişkən, hər dəfə biz kolleqalarla işdə və ya hansısa tədbirlərdə yığışarkən, bizim ağır problemlərimizi müzakirə edirik. Şəxsən ondan incik düşürəm ki, Avropada, həmçinin Danimarkada hələ də çox insanlar bilmirlər ki, müharibəni biz yox, ermənilər başlayıb.

Bizim musiqimizə qayıdaraq, qeyd etmək istəyirəm ki, musiqiçi olmayan danimarkalılar da bizim musiqimizi çox bəyənirlər. Səkkiz il boyunca, hər il sərasər, mən mədəniyyət günlərində iştirak edirəm və kitabxanaların, muzeylərin böyük zallarında üç konsert verirəm. Bir konsert ansamblla ifa edirik. Digərində mən təkcə Azərbaycan musiqisini ifa edirəm. Üçüncüdə mənim şagirdlərim iştirak edirlər, onlar isə həm klassik musiqi, həm də Azərbaycan xalq mahnılarını ifa edirlər. Onlar müxtəlif dillərdə, həmçinin Azərbaycan dilində ifa edirlər.

Melizmlər, incə şərq nüansları, bizim musiqimizin tonu tamaşaçılara çox maraqlıdır. Onlar qeyri-adi, özlərinin də dediyi kimi, bizim fövqümüzdə olan nələrsə hiss edirlər. Bəziləri bizimlə bahəm ifa etməyə çalışırlar. Şən mahnıları çox sevirlər, mahnının ritminə uyğun əl çalırlar. Çox təəssüf ki, Danimarkaya bizim istedadlı musiqiçilərimiz gəlmirlər. Əminəm ki, bizim muğamımız, caz musiqisi onları valeh edərdi, bundan sonra onlar daha böyük həvəslə bizim musiqimizlə və mədəniyyətimizlə maraqlanardılar.

Məşhur müğənni və ya aktrisa deyiləm, böyük peşəkar konsertlərdə iştirak etmirəm. Amma öz gücümlə, danimarkalılara Azərbaycanı tanıtmağa çalışıram.

Məsələn, 30 noyabrda məşhur Danimarka müğənnisi Qudrun Xolçla biz mərkəzlərdən birində konsert verdik və müxtəlif dillərdə, həmçinin Azərbaycan dilində, "Sarı Gəlin", "Girdim yarın baxçasına" mahnılarını ifa etdik. Tamaşaçılar adi, sadə və səmimi idilər. Çoxları dedilər ki, ilk dəfədir Azərbaycan musiqisini eşidirdilər və ona valeh oldular.

- Siz Azərbaycan musiqisini danimarkalı uşaqlara öyrətməklə böyük iş görmüş olursunuz.


- Bilirsiniz, bizim musiqiçilərimizlə danimarkalı musiqiçiləri müqayisə etsək, qürurla qeyd etmək istərdim ki, bizdə daha istedadlı uşaqlar var və onlar yerli uşaqlarla müqayisədə musiqiyə daha çox maraq göstərirlər. Burada musiqi dərsi ən çox 25 dəqiqə davam edir.

Diqqətəlayiq haldır ki, bir müddət əvvəl musiqi məktəbində 56 yaşlı şagirdim var idi. O, klassik musiqiylə çox maraqlanırdı, hərçənd peşəsi mühəndis idi. O, məndən xahiş etdi ki, ona Azərbaycan musiqisini ifa etməyi öyrədim. O, bizim konsertlərimizdə Qarayevi, Quliyevi, Məlikovu və s. bəstəkarların əsərlərini ifa edərkən, mən fəxr edirdim. Hamı bizim klassik musiqimizdən təsirlənirdi.

Yeri gəlmişkən, mənim çoxlu türk şagirdlərim var, onlar da həmçinin məmnuniyyətlə Azərbaycan musiqisini ifa edirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM