İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına kompleksdə görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, çoxmənzilli yaşayış binalarının tikintisi üçün təxminən 5 hektar ərazi ayrılıb.
Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Mənzillərin 93-ü birotaqlı, 37-si ikiotaqlı, 351-i üçotaqlı, 37-si isə dördotaqlı olacaq.
Kompleksdə sakinlərin ehtiyaclarını qarşılamaq üçün uşaq bağçası və digər iaşə obyektlərinin yaradılması, həmçinin elektrik enerjisi, qaz, su və kanalizasiya sistemlərinin qurulması nəzərdə tutulur.
Ərazidə yolların və səkilərin salınması, abadlıq və yaşıllaşdırma işlərinin aparılması da planlaşdırılır.
İlham Əliyevə, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək həyata keçirdiyi və gələcəkdə icra edəcəyi layihələr barədə məlumat verilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma layihə barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 1 hektardan çox olacaq kompleksdə yeddimərtəbəli mehmanxana binası, texniki binalar və köməkçi sahələr yaradılacaq.
Mehmanxana eyni vaxtda 307 qonağın qəbuluna imkan verəcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub.
Kompleksdə kafe, restoran, tədbir və ziyafət zalı, görüş, iclas və iş otaqları, həmçinin idman zalı yaradılacaq.
Ziyafət zalının tutumu 350, konfrans zalının tutumu isə 500 nəfər olacaq. Layihə çərçivəsində yeraltı avtodayanacağın da inşası nəzərdə tutulur.
***
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat veriblər.
İlham Əliyevə əvvəlcə Zəngəzur dəhlizi üzrə dəmir yolu tikintisi layihələri barədə məlumat verilib.
Bildirilib ki, layihələr başa çatdıqdan sonra dəmir yolunun illik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib. Bu istiqamətdə 2024-cü ilin mayından "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yük daşınır. İndiyədək ümumilikdə 43 min ton yük daşınıb.
Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə 2025-ci ildə başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir. Yeni layihəyə əsasən, bu göstəricinin 194,2 kilometrə çatdırılması, 10 stansiya və üç sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.
Hazırda Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissənin layihələndirilməsi başa çatıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastruktur işlərinin bir hissəsi tamamlanıb, digər işlər davam etdirilir.
Məlumata görə, əraziyə 7 kilometrlik rels və 7 min ədəd şpal gətirilib. Sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır.
Sərhəddən 700 metr məsafədə yerləşən hissədə isə minatəmizləmə işləri başa çatdıqdan və TRIPP marşrutu üzrə layihə hazırlandıqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur.
Bununla yanaşı, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyənin həyata keçirdiyi Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda Türkiyə tərəfi bu xətt üzrə layihələndirmə işləri aparır.
Naxçıvanda 60 elektrik avtobusu istifadəyə veriləcək
Prezident İlham Əliyevin ötən il imzaladığı "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncama əsasən, şəhərin ictimai nəqliyyatında sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili nəzərdə tutulur. Bu məqsədlə Azərbaycanda yığılan 60 "BYD" markalı elektrik avtobusu alınıb.
Uzunluğu 8,7 metr olan avtobusların hər birinin sərnişin tutumu 53 nəfərdir. Avtobuslar üçün enerjidoldurma cihazları quraşdırılıb, xidmət göstərilməsi məqsədilə depo infrastrukturu təkmilləşdirilib. Bu tədbirlərin həyata keçirilməsi üçün "BakuBus" MMC-yə 33,449 milyon manat vəsait ayrılıb.
Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi yaradılıb. Avtobuslarda bank kartları, QR kod, "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş imkanları təmin edilib.
Layihənin icrası ilə Naxçıvan şəhərində doqquz marşrut üzrə il ərzində 4,5 milyon sərnişinə xidmət göstərilməsi planlaşdırılır.
Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək və sərnişindaşımanın təhlükəsizliyi və fasiləsizliyi təmin olunacaq.
"BakuBus" MMC-nin Naxçıvanda fəaliyyətə başlamasının ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına və ödənişlərin tam nağdsızlaşdırılmasına imkan verəcəyi bildirilib.
Təxminən üç hektar ərazini əhatə edən depoda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemi ilə təchiz edilmiş elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks yaradılıb.
Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək. Burada 200 sürücü və 22 inzibati heyətin çalışması nəzərdə tutulur. Sürücülərin aylıq əməkhaqqının 1 000 manatdan çox olacağı bildirilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma park barədə məlumat verib.
Bildirilib ki, Naxçıvan Sənaye Parkı Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı fərmanla yaradılıb. Parkın ərazisində mərhələli şəkildə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati və sosial obyektlərin yaradılması nəzərdə tutulur.
Naxçıvan şəhərinin cənub-qərbində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşəcək park 310 hektar ərazini əhatə edəcək.
Hazırda parka potensial sahibkarların cəlb olunması ilə bağlı bir sıra layihələr üzrə danışıqlar aparılır.
Azərbaycanda hazırda səkkiz sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam, Hacıqabul, "Araz Vadisi İqtisadi Zonası" və Balaxanı sənaye parklarıdır.
Bundan əlavə, Gəncə və Şəmkirin inzibati ərazilərində yaradılması nəzərdə tutulan Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi davam edir.
Sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb. Onlardan 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya yatırılıb və 11,5 mindən çox iş yeri yaradılıb.
2026-cı il iyulun 1-nə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib. Bunun 6,7 milyard manatlıq hissəsi ixrac olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.
Energetika naziri Pərviz Şahbazov layihələr barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, gücü 25 MVt olan “Şəms 1” Günəş Elektrik Stansiyası 52 hektar ərazidə inşa edilir. Layihəni “CEİ Naxçıvan” MMC həyata keçirir və indiyədək 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb.
Tikinti-quraşdırma işlərinin noyabrda yekunlaşdırılması, şəbəkə infrastrukturunun inşasından sonra isə stansiyanın istismara verilməsi planlaşdırılır. Hazırda layihədə 218 nəfər çalışır.
Stansiyanın illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi, 19 minə yaxın ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir. Layihə nəticəsində ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “CEİ Naxçıvan” MMC-nin daxil olduğu AGEC şirkətlər qrupunun Azərbaycanda həyata keçirdiyi digər layihələr barədə də məlumat verilib.
Dövlət başçısı və birinci xanım daha sonra gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında görülən işlərlə tanış olublar.
Məlumata görə, stansiyanın tikintisini “Enerso” MMC həyata keçirir. Topoqrafik işlər başa çatdırılıb, geoloji tədqiqatlar isə davam edir. Tikinti işlərinə ilin sonunadək başlanılması planlaşdırılır.
Layihənin 50 hektar ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və 21 minə yaxın ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir.
Layihənin ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısını alacağı və 12 milyon kubmetr təbii qaza qənaət edəcəyi proqnozlaşdırılır.
Ümumilikdə Naxçıvanda günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2 070 MVt təşkil edir. Bunun 108 MVt-ı, yaxud 5,2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istismara verilməsi ilə Naxçıvanda bu göstəricinin 158 MVt-a çatacağı gözlənilir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərinin mərkəzində ucaldılan Heydər Əliyev abidəsini ziyarət ediblər.
Prezident və xanımı abidənin önünə gül dəstələri qoyaraq Heydər Əliyevin xatirəsini yad ediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Son xəbərlər
Daha çox





