Zahid Oruc Mirzəli və Sadıqlı ilə bağlı Avropa dövlətlərini hüquqi əməkdaşlığa çağırıb
Avropa dövlətləri Məhəmməd Mirzəli barəsində çıxarılan qiyabi hökm və Tural Sadıqlıya qarşı irəli sürülmüş ittihamlarla əlaqədar Azərbaycanın hüquqi yardım müraciətlərinə qarşılıqlılıq prinsipi əsasında yanaşmalıdır. Bunu deputat Zahid Oruc Milli Məclisdə “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Konvensiyanın İkinci Əlavə Protokolunun müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Məhəmməd Mirzəli Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə qiyabi mühakimə olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Zahid Oruc bildirib ki, Tural Sadıqlı və eyni cinayət işi üzrə digər şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.1, 214-2, 220.2, 281.2 və 320.1-ci maddələri ilə ittihamlar irəli sürülüb. Bu maddələr dələduzluq, terrorçuluğa açıq çağırış, kütləvi iğtişaşlara çağırış, dövlət əleyhinə yönələn açıq çağırışlar və saxta sənədlərdən istifadə ilə bağlıdır.
Deputatın sözlərinə görə, həmin şəxslər Avropada qaçqın və ya mühacir statusu altında fəaliyyətlərini davam etdirirlər.
“Biz Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmirik. Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik”, - Zahid Oruc bildirib.
O qeyd edib ki, Azərbaycanın ratifikasiya edilmiş konvensiyalar çərçivəsində xarici dövlətlərə göndərdiyi hüquqi yardım sorğularının icra vəziyyəti araşdırılmalıdır.
Deputat Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, təhlükəsizlik və media qurumlarının iştirakı ilə Azərbaycana qarşı xaricdən həyata keçirildiyi bildirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər barədə xüsusi hesabatın hazırlanmasını təklif edib.
Onun sözlərinə görə, hesabatda son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, icra faizi, cavabsız qalan müraciətlər, imtinaların hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi, eləcə də axtarışda olan şəxslərlə bağlı görülən tədbirlər göstərilməlidir.
“Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın ‘qarşılıqlı yardım’ prinsipi formal xarakter alır. Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır”, - Zahid Oruc deyib.
Deputat Avropa Şurası qarşısında Konvensiyanın icrasına dair ölkələr üzrə real göstəricilərin açıqlanması məsələsinin qaldırılmasını da təklif edib.
Gülnar Nazimqızı