Yutub söyüş videolarını niyə silmir?

12:45 | 30.03.2018
Yutub söyüş videolarını niyə silmir?

Yutub söyüş videolarını niyə silmir?

Təmsil etdiyim media qrupda etikadan kənar, ölkəmizin nüfuzuna zərbə vuran, əxlaqi dəyərlərdən kənar paylaşımlara qarşı addım atmaq qərarı verdik.
 
Lakin Yutub sosial şəbəkəsinin qaydalarına görə, videoların silinməsində baxış sayı və bəyənmələrə diqqət yetirilir. Həmin videoların baxış sayının yüksək olması isə bu əxlaqdankənar səhifələrin bağlanması üçün birləşməyimizi zəruri edir. Yəni şikayətlər və "bəyənməmələr” artmalıdır. Gənclərimizi bu məsələdə aktiv olmağa, ailələrimizin eşitməməli olduğu əxlaqdankənar, söyüşlərlə dolu səhifələrin bağlanmasına dəstək verməyə çağırıram.

Axar.az xəbər verir ki, bu sözləri "Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə deyib.

O, bu şəxslərin "mühacir” adlandırılmasına qarşı da çıxıb və bildirib ki, psixoloji pozuntusu olan bir neçə şəxsi, "söyüş ünsürlərini” mühacir adlandırmağımız bu həyatı yaşayaraq ictimai fikir tariximizdə iz qoyanların ruhuna təhqir olardı.

A.Camalqızı millət vəkillərinin bu mövzuya münasibət sərgiləməkdən çəkindiyini də bildirib. Vurğulayıb ki, bu söyüşlərdə hədəf Azərbaycan dövlətidir, ona görə də hər birimiz diqqətli və həssas olmalıyıq.

"Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin artıq özümüzünkülərdən istifadə etdiyini, bu təhlükəni dəf etmək üçün ictimai müqavimət göstərməli olduğumuzu bildirib.

"Bu gün Azərbaycanda olan rahatlıq Türkiyə, Rusiya, İranda, heç Avropada da yoxdur. Dövlətdə stabillik olması birinci şərtdir. Azərbaycan Prezidenti, onun köməkçisi sosial şəbəkədən istifadə edir. Belə bir vəziyyətdə sosial şəbəkələri məhdudlaşdırmaq kimi çağırışlar yanlış yanaşmadır. Bu gün islam ölkələrində ciddi münaqişə ocaqları yaradanlara fürsət vermiş olur. Bütün bu proseslərdən sonra Azərbaycanda seçkilərin vaxtının nə üçün dəyişməsini daha yaxşı anlamış oluruq. Demək ki, dövlətdə məlumat olub ki, seçkilərin vaxtını önə çəkib. Bu, Türkiyədə 15 iyul çevrilişinin deşifrə olunmasına bənzəyir. İndi onların zamanları yoxdur. Seçkilərin vaxtı dəyişməsə idi, bu proses payıza qədər davam edəcəkdi. Bu gün ölkəmizdə sabitliyi qoruyan komanda olmasa, Azərbaycan üçün təhlükə yarana bilər. Həmin sabitliyi qoruyan tərəf isə Azərbaycan iqtidarıdır”, - R.Arifoğlu qeyd edib.

Millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, söyüş heç zaman demokratiya uğrunda mübarizə üsulu ola bilməz:

"Azərbaycandan kənarda yüz minlərlə vətəndaşımız yaşayır, lakin onlar Azərbaycanın müqəddəs mübarizəsini unutmamalıdırlar. Kim bu mübarizədə xalqımızın yanında deyilsə, o bizim düşmənimizdir. Mən, xüsusən, xaricdə yaşayanlardan danışıram. Bu il Cümhuriyyətin 100 illiyini qeyd edəcəyik, o insanlar da demokratiya uğrunda mübarizə aparırdılar. Lakin onların heç bir yazısında söyüş, təhqirə rast gəlmirik. Halbuki onları ölkədə repressiya gözləyirdi. Əgər sən söyüş söyürsənsə, demək haqsızsan, söyüş heç zaman mübarizə üsulu olmayıb. Sosial şəbəkədə müqəddəs Azərbaycan ailəsini təhqir edənlərə qarşı mübarizə aparmalıyıq”.

"Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas bildirib ki, bu gün xaricdəki səfirlərimiz bu təhqirlərə cavab verməlidir:

"Biz hər hansı xarici ölkə rəhbərinə qarşı danışsaq, adamın ciyərini çıxararlar. Lakin bu gün onlar Azərbaycan hakimiyyətini rahatca təhqir edirlər. Hesab edirəm ki, xaricdəki səfirlərimiz bu təhqirlərə qarşı ciddi addım atmalıdır. Fransada "erməni soyqırımı olmayıb” deyənlər cərimələnib, həbs edilir. Hazırda ölkədə ilana ağı verən kimdisə, terrora çağırış edən kimdisə, polis onun kim olduğunu müəyyənləşdirməlidir. Bu gün Azərbaycan cəmiyyəti, jurnalistlər və ziyalılar söyüş kampaniyasından istifadə edənlərə tutarlı cavablarını verirlər. Hesab edirəm ki, belə adamlara qarşı mübarizəmizi davam etdirməliyik”.

"Şərq” qəzetinin redaktoru Akif Aşırlı bildirib ki, bu adamlar soyadlarından, kimliyindən imtina edən şəxslərdir:

"Bu gün orta məktəbdə onlayn media dərsləri keçilməlidir. Biz vətəndaş birliyi platforması yaratmalıyıq”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu medianı bu məsələdə daim fəal olmağa, onlara cavab verməyə səsləyib:

"Bu gün bir sıra ölkələr sosial şəbəkələrlə bağlı hüquqi platforma axtarır. Təhqir, söyüş kimi fikirlərə qarşı məhdudiyyət qoyur. Biz də bu istiqamətdə düşünməliyik”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu hallara qarşı Azərbaycanın hər bir ziyalısı mübarizə aparılmalıdır:

"Bu gün xaricdə yaşayan şəxslər milli-mənəvi dəyərlərin təhqiri üsuluna əl atıblar. Bəlkə də bu dövr sosial şəbəkə tariximizdə ən pis dövrdür. Həm ziyalı, həm də mədəniyyət, incəsənət nümayəndələrinə müraciət edərək bildirmək istəyirəm ki, onlara qarşı öz sözümüzü deyək, mövqeyimizi ortaya qoyaq, onlara layiqli cavabı verək”.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizə, hakimiyyətə qarşı yönəlmiş təhqirlər, çıxışlar dövlətimizi və dövlətçiliyimizi məhv etməyə yönəlib:

"Hər birimiz birmənalı şəkildə dövləti və dövlətçiliyi qorumalıyıq. Onlar küçə təfəkkürünə malik insanlardır ki, erməni və ermənipərəst qüvvələrin alətinə çevrilib. Bu gün sosial şəbəkədən hər kəs istifadə edir, heç kim buna qarşı çıxmır. Lakin hesab edirəm ki, burada bir məsuliyyət olmalı, müəyyən çərçivə gözlənilməlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM