Zakir Həsənovdan bayram təbriki

10:28 | 24.06.2017
Zakir Həsənovdan bayram təbriki

Zakir Həsənovdan bayram təbriki

"Ordumuz əvvəllər olduğu kimi 2016-cı ilin aprel ayında da düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi".

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, bunu 26 iyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə  təbrikində müdafiə naziri Zakir Həsənov deyib. 

O, qeyd edib ki, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

"İstənilən iqlim şəraitində keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır.

Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM