Gəncədə iki polis zabitinin qətlə yetirilməsinə görə 9 nəfər həbs olundu — RƏSMİ

CəmiyyətSiyasət 12-07-2018 19:14
Gəncədə iki polis zabitinin qətlə yetirilməsinə görə 9 nəfər həbs olundu — RƏSMİ
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Anews.az xəbər verir ki, məlumatda deyilir: 
"Bu gün, iyulun 12-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirmiş, görülən işlər barədə hesabatlarını dinləmişlər.
Məruzə olunmuşdur ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilmişdir.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar vermişlər.
Müşavirədən sonra Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak etmişlər. Onlar, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırmış, kədərlərinə şərik olmuşlar.".

www.anews.az