Mabud Məhərrəmov: “Mən özümü xoşbəxt insan sanıram!” - MÜSAHİBƏ

15:11 | 23.08.2016
Mabud Məhərrəmov: “Mən özümü xoşbəxt insan sanıram!” - MÜSAHİBƏ

Mabud Məhərrəmov: “Mən özümü xoşbəxt insan sanıram!” - MÜSAHİBƏ

Azərbacan xalq artisti Mabud Məhərrəmov çox gülərüz, parlaq insandır, böyükdən kiçiyə hamının sevimlisi olduğu üçün onu hər yerdə tanıyırlar. Və bu onun üçün xoşdur, çünki böyük hərflə əsl Aktyordur. Bundan başqa, Mabud müəllim çox açıq insandır, bizimlə söhbəti zamanı o böyük sevgi və mehribanlıqla valideynləri Əliəskər və Əminə-Xatun, həyat yoldaşı, bacıları, bir sözlə ailəsi barədə danışdı. Aktyorun dediyi kimi ailə təkcə rahat ocaq deyil, həm də daimi yaradıcılıq üçün adacıqdır. Səhnə isə ondan ötrü reinkarnasiya məkanıdır...    

- Mabud müəllim, siz səhnədə hər zaman müxtəlif cürsüz, bəs həyatda necə?  

- Belə deyərdim, həyatda müxtəlif cür, səhnədə müxtəlif obrazlarda. Zənnimcə, hər şey ovqatımdan asılıdır:  baməzə də ola bilərəm, filosof da (gülür). 

- Nə qədər müddətdən bir filosof olursunuz? 

- Heç bilmirəm, yəqin, Ayın fazalarından asılıdır (gülür). 

- Həyatda sizə tamaşaçılar lazımdırmı? 

- Tamaşaçı mənə hər zaman lazımdır. Tutalım, hansısa mağazaya girim, satıcı məni tanıyır və mən dərhal artist oluram, dərhal özümü səhnədə hiss edirəm, balaca səhnə ifa edirəm.  
 


-  Hansı rollarınız yaddaşınızda daha yaxşı qalıb?

- Demək olar, teatrda ifa etdiyim hər bir rolu mən özümçün vacib hesab edirəm. "Balzaminovun nigahı”nda Ustraşimov, İva Jamiakın "Ağlayan adam”ında Polo, "Salam mən sizin dayınızam”da Dayı və Əhməd, "Mənim əlim dəlidir”də Ər, Elçinin "Şekspir”ində Baş həkim, C. Patrikin "Qəribə missis Sevic”ində Hannibal, R. İbrahimbəyovun "Tartüf Ağayeviçin”də Pəri xanım, Dostoyevskinin "Karamazov qardaşları”nda Ata Karamazov, Şekspirin "Kral Lir”ində Şut, Axundzadənin mşhur pyesində Müsyö Jordan... Bütün bu obrazlar ömürlük məndədir! 

1983-84-cü ildə Bakıda ilk dəfə olaraq estrada artistlərinin birinci müsabiqəsi keçirilirdi, mən iştirak elədim və laureat oldum. Televiziyamızın korifeyi, rejissor Ramiz Həsənoğlu mənim çıxışımı görəndə, V. Səmədoğlunun "Yaşıl eynəkli adam” televiziya tamaşasında Qərib müəllim-Tabutik rolunu oynamağa dəvət etdi. Bu tamaşa yayımlanandan bir gün sonra, mən necə deyərlər artıq məşhur idim! 
 



- Siz "Günahkar tarix” tamaşasında Hitler rolunu ifa etmisiniz. Hansını ifa etmək çətindir: müsbət, ya mənfi qəhrəmanları? 

- Mənfi qəhrəmanları oynamaq daha maraqlıdır. Şəxsən mən özümə məhdudiyyətlər qoymuram – bütün rolları insanlar yazıb və hamısında müsbət və mənfi tərəflər var. Mən müəllifin yazdığı istənilən rolun harmonik obrazını yaratmağa çalışıram. V. Neverovun "Günahkar tarix” tamaşasında Hitler rolu eksentrik idi, tamaşanın özü isə ironik. Mənim istəyimsə Hitlerin Yeva Brauna sevgisini göstərmək idi. Bu bədheybət hər halda kimisə sevməliydi (gülür)! Düzdür, tamaşadan sonra bəzi tamaşaçılar mənə Hitleri insanlığa sığdırdığım üçün irad bildirirdilər. 

- Siz Hitleri insanlaşdırmaya müvəffəq olmusunuz, bəs insanlarda daha çox müsbət görürsünüz, yoxsa mənfi? 

- Mən insanlarda ilk növbədə müsbətləri görürəm. İnanıram ki, insanlarda müsbət xüsusiyyətlər daha çoxdur.
 
- Bəzi aktyorlar tamaşadan əvvəl yaxınlarının və dostlarının dəstəyinə ehtiyac duyurlar, digərləri isə təkliyi seçir. Sizə hansı yaxındır? 

- Bilirsinizmi, əgər mən sabah tamaşada oynayacamsa, onda elə axşamdan tamam başqa adama çevrilirəm, dinlənilən və dəstəklənən insana. Bəzən elə ovqat olur ki, tamaşadan əvvəl özünlə tək qalmaq istəyirsən. Ola bilsin, mən kaprizliyəm... Bir çox aktyorlar üçün səhnəyə çıxmaqla iş bitmiş sayılır, mənimsə yaradıcı axtarışlarım səngimir. Rus dram teatrının rejissoru Aleksandr Şarovski zarafatla deyir ki, rol repertuardan çıxarılsa da, Mabud onu oynamaqda davam edir. 

 - "Yaxın adam” deyəndə, siz kimi nəzərdə tutursunuz? 

- Həyat yoldaşımı, bacılarımı və əlbəttə, dostlarımı: A. Şaravskini, V. Neverovu, L. Duxovnovu. Onlarla məsləhətləşməyi və fikirlərini öyrənməyi sevirəm. 
 


- Aktyorlar arasında kumirləriniz varmı?

- Bəli! Məşhur akyorlar Entoni Kuinn və Entoni Hopkinsi çox dəyərləndirirəm. Ancaq ən çox aktrisaları bəyənirəm (gülür). Ciddi olsaq, Yaroslavlda Volkovsk teatrıyla qatıldığım festivalda Çulpan Xalmatovayla birgə iştirak etmişdim və o məni sehrləmişdi. O, möhtəşəm teatr aktrisasıdır. Allah vergisi olan Monikka Beluççini çox sevirəm. Sofi Loren və Mişel Pfayferin adını çəkmədən olmaz. Onlar təkcə istedadlı deyillər, həm də qənirsiz gözəldirlər. Bizim teatrda mən oynamağa və sadəcə yanlarında olmağa fürsət tapdığım V.Şirye, K. Adamov, S. Yakuşev, L. Qruber, A. Falkoviç, R. Ginzburq kimi aktyorlar var. N. Şaşikoğlu, A. Şarovskiy, L. Duxovnaya, M. Yagizarov, vaxtsız rəhmətə gedən N. Tağıyeva, A. Nikuşina, S. Mirzəhəsənov, A. Mirqasımov, E. Nevmerşitskaya, Y. Baliyev və bir çoxları mənim tərəf müqabilim olub. Siyahını uzatmaq olar. Onlardan hər biri mənə dəyər qatıb. 

- Hansı daha yaxındır, kino, yoxsa teatr? 

- Əlbəttə, teatr! Teatrda sənin obrazın daim inkişafdadır, teatrda sən heç vaxt eyni rolda həmişə eyni cür oynaya bilməzsən. Bu gün oynadığın sabah təkrarlanmayacaq. Biz aktyorlar tamaşaçıya enerji ötürürük, əgər o bunu qəbul edirsə, bu zalda öz əksini göstərir. Ümumiyyətlə, mən teatr aktyoruyam, ancaq tale mənə kinoda da özümü sınamağa imkan verib, həm televiziyada, həm estradada. 

 - Şiller deyib ki, yaxşı aktyor üçün pis rol yoxdur, bəs siz necə düşünürsünüz? 

- Mübahisə edə bilmərəm... Yaxşı aktyoru hər şeyi oynamalıdır, Strausdan pomidoracan. Gəncliyimdə mən uşaqlar üçün tamaşalarda həvəslə oynayardım. Eldar Əliyevin "Terem-Teremok” tamaşası mənim üçün daha yaddaqalan olub. Mən Bakı baxçalarının sevimlisinə çevrilmişdim, tamaşadan sonra məni əllərində güllərlə valideynlər və uşaqlar gözləyərdilər. Bu möhtəşəm tamaşa idi və 20 ildir ki, repertuarda saxlanılır. Ancaq gənc aktyor kimi gecə tamaşalarına çıxmaq istəyirdim. Bir dəfə gənc jurnalistin "uşaq tamaşalarında sizi cəlb edən nədir” sualına belə cavab verdim: "Uşaq tamaşalarında oynamağı məni... teatrın direksiyası cəlb edir” (gülür). 
 


- Tez-tezmi rejissorlarla razılaşmadığınız olub? 

- Deyirlər, mübahisədə həqiqət ortaya çıxır. Və bu həqiqətən belədir. Məsələn, Ramiz Həsənoğluyla bizi daimi axtarış prosesi cəlb edirdi. Ümumiyyətlə, mən işlədiyim rejissora həmişə inanıram. 

 - Elə bir rol varmı ki, həmişə oynamağı arzulamısınız, ancaq heç vaxt alınmayıb?

- Mən məmnuniyyətlə, Baron Münhauzenin, Ostap Benderin, Xlestakovun, Qorodniçevin, Falstafın rollarını oynayardım... Ancaq bilindiyi kimi aktyor peşəsi bir çox faktorlardan, yaxud taleyin gərdişindən asılıdır. Səmimi desəm, aldığım rollardan razıyam. Onlar necəsə özləri məni tapıblar.  

- Bu gün gənc aktyorlarda çatışmayan nədir? 

- Mənə elə gəlir, öz peşənə, ənənələrə həssas yanaşmaq lazımdır, şəxsiyyətin inkişafına da həmçinin. Əgər sənə istedad bəxş edilibsə, o inkişaf etdirilməlidir, bunun üçün əziyyət çəkilməlidir. Mən gənclərə bir ömür oxumağı və zəhmətkeş olmağı məsləhət görərdim. 

- Necə düşünürsünüz, yaxşı aktyor olmaq üçün Allah vergisi lazımdır, yox çalışqanlıq? 

- Əlbəttə, Allahdan gələn istedad, ancaq uğur məsələsi də böyük rol oynayır. 

- Siz tez-tez komik adlandırırlar. Bu sizi sevindirir, yoxsa əsəbləşdirir? 

-  Əlbəttə, məni sevindirir. Komediya çətin janrdır. 10 aktyordan sadəcə üçü komediyada çəkilə bilər. Bunun üçün xüsusi vergi lazımdır. Ancaq mən dramatik rollarda da oynayıram. 

- Bəs sizi nə güldürə və ya qəhqəhə çəkməyə vadar edə bilər? 

- Yaxşı zarafat!

- Həyatınızda sevinc çoxdu, ya kədər?

- Kədər. Bütün komiklər həyatda faciədirlər... (ancaq o yenə də gülür)

- Ən çox nəyə təəssüflənirsiz? 

- Təəssüflənirəm ki, valideynlərim öz zəhmətlərinin bəhrəsini görə bilmədilər, onlar mənimçün çox şey etmişdilər. Onları gənc yaşda itirdiyimə görə təəssüflənirəm. Onlar mənim formalaşmağımda çox böyük zəhmətlər çəkiblər. İnanıram ki, tezliklə onlarla skaypda danışmaq imkanı qazanacam, heç olmasa virtual (gülür). Mən həqiqətən buna inanıram! 

- Özünüzü 3 kəlməylə necə ifadə edərdiniz?..

- Hmm... etibarlı, sədaqətli, dürüst. 

- Öz mənfiləriniz barədə asanca danışa bilərsinizmi? 

-Bəli! Mən məişət məsələlərində olduqca danışqanam, bəzən ümumiyyətlə acıdil oluram. Bir dəfə dostum V. Neverov belə dedi: "Sənin bir mənfi xüsusiyyətin var. Sən elə bilirsən ki, hər kəs ətrafı aləmi sənin kimi qavrayır. Ancaq insanlar fərqlidirlər”. Mən özümün xəbəri olmadan zarafat edib, istəmədən bir insanın xətrinə dəyə bilərəm. Ancaq bir şeyi demədən deməyəcəyimi necə bilər bilərəm (gülür).  

- Özünüzü uğurlu insan hesab edirsinizmi? 

- Mən özümü xoşbəxt insan sanıram! Deyə bilərəm ki, yaradıcı həyatım olduqca uğurlu alınıb, baxmayaraq ki, mən Babəki, Nəsimini, Hamleti oynamamışam... Yəqin sifətim uyğun olmayıb (gülür).
 
- Bu gün pul hər şeyi həll edirmi?

- Pul azadlıq verir. Bəli, bir çox şeylər tələbatlardan asılıdır. Mən məsələn, deyə bilmərəm ki, pul mənə lazım deyil, ancaq mən ona sakit yanaşıram. Bir müddət əvvəl mən gülməli ifadə oxumuşdum: "Pul məni narahat etmir, pul məni sakitləşdirir” (gülür). Ancaq ciddiyə qalsa, mən taleyin bəxş etdiyilə razılaşmağa çalışıram, təvəzökar maddiyyatla necəsə şarm yaratmağa çalışıram. 

- Bəs siz necə istirahət edirsiniz? 

- Müxtəlif cür! Yaxın dostlarımın fikrincə, mən ümumiyyətlə istirahət etmirəm. Hətta istirahətdə olandan mən özümə faydalı bir iş tapıram. Mənim üçün istirahət nəsə yaratdığım andır. Hər şeydən çoxsa mənə rahatlıq verən təmir işləridir. Təmir işləri görməyi – mənzilin planlaşdırılması, dizayn vermək kimi işləri çox sevirəm. Mənimçün bu yaradıcı prosesdir. Bir müddət əvvəl öyrənmişəm ki, görkəmli Müslim Maqomayev də təmir işlərini sevirmiş. 

-  Aktyor olmasaydınız, inşaatcı olardınız?

- Yox, heç bir halda! Mən "Başqalarının işlərini həll edirəm” adlı büro açardım. Çünki mən bugün bürosuz da bu işi görürəm. Problemləri çxan dostlarım mənə zəng edirlər – həkim axtarışından tutmuş, sınıq qapının düzəldilməsinə qədər. 

- Sizin eşitmək istədiyiniz, amma verilməyən sual qaldımı?

- Məncə, yox, amma sizcə, yaradıcı insanı adi insandan fərqləndirən nədir? 

- İstedad?

- Bəli, yaradıcılıq istedadı. Yaradıcı insan həmişə özünü ifadə etmək üçün vasitələr tapır... Yaradıcı insanlarda ümumiyyətlə, ruh çox güclü inkişaf etmiş olur. 

Bizim qeyd: Azərbaycanın xalq artisti Mabud Ələskər oğlu Məhərrəmov 1957-ci ildə Bakıda anadan olub. Azırbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Estrada artistləri müsabiqəsinin laureatı, "Apofigey” teatr mükafatının tamaşaçı simpatiyasının 5 qat qalibidir. Həmçinin MDB kinematoqrafçıları ittifaqının konfederasiyasının və Azərbaycan teatr xadimləri ittifaqının üzvüdür. 

Materialı Bəhram Bağırzadə təqdim edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb