Qarabağ klanı Paşinyanı məhv etməyə hazırlaşır - Plan

Dünya 23-06-2018 09:09
Qarabağ klanı Paşinyanı məhv etməyə hazırlaşır - Plan
Ermənistanda Sərkisyanın yaxın adamlarına qarşı aparılan təmizləmə siyasəti onu göstərir ki, Qarabağ klanının indiki rejimə qarşı çox ciddi planları var.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qarabağ klanının indiki rejimə qarşı planları dövlət çevrilişindən tutmuş Paşinyanın ölkədə həyata keçirdiyi kadr və iqtisadi islahatların əngəllənməsinə qədər, bir sıra layihələri əhatə edir:

"Sərkisyan açıq surətdə Paşinyanın hakimiyyətinin iki ay çəkəcəyini bəyan etmişdi. Məhz bu bəyanat təhlükəsizlik orqanlarını Sərkisyana yaxın generalların üzərinə yönəltdi. Qriqoryanın dövlət çevrilişində günahlandırılması onu göstərir ki, belə cəhdlər yenidən təkrarlana bilər. Paşinyan üçün hazırda ən qorxulu olan ölkənin iqtisadi vəziyyəti və maddi durumudur. Vədlərini həyata keçirmək üçün Paşinyanın əlində lazımı vəsait yoxdur. Düzdür, Ermənistanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan edilib. Ancaq bu, qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərli deyil. Paşinyan xüsusilə də Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı ermənilərə yerinə yetirilməsi mümkün olmayan vədlər verib. Üstəlik, bu azmış kimi, indi də Rusiyadan Su-30SM təyyarələrini almaq eşqinə düşüb. Bu, Ermənistanın büdcəsi üçün çox ciddi problemlər yaradacaq. Digər tərəfdən, iqtisadiyyatı çökən Ermənistanda yeni istehsal sahələrinin yaradılması sıfır həddindədir. Bir sözlə, Sərkisyandan Paşinyana çox ağır bir miras qalıb. Paşinyan isə İrəvanı xilas etmək üçün heç olmasa müəyyən konstruktiv addımlar atmalı və danışıqlar prosesinə getməlidir”.

Politoloq bildirib ki, destruktiv siyasəti irəlidə Paşinyanı ciddi sürpriz və çətinliklər qarşısında qoyacaq:

"Paşinyan ən azından əhaliyə verdiyi sosial vədləri yerinə yetirməzsə, ona qarşı etirazlar yüksələcək. Nəticədə Paşinyan sosial bazasını itirəcək. Çünki onun verdiyi populist vədlərin zamanı bitir. Paşinyan hazırda çox ciddi sınaqlar qarşısındadır. Çünki bu dəfə erməni xalqını Dağlıq Qarabağ, böyük Ermənistan vədləri ilə aldatmaq mümkün olmayacaq. Böyük problemlər qarşısında qalan Paşinyanın bu çətinliklərin öhdəsindən gələcəyi şübhəlidir. O üzdən hesab edirəm ki, Paşinyan praqmatik yol seçərək Azərbaycanla məqbul sülh sazişinə getməlidir. Əks təqdirdə, o, hakimiyyətini itirəcək”.

www.anews.az