Qarabağ qazisi Əhəd Abıyevi fırıldaqda qınayır - VİDEO+FOTO

13:43 | 07.11.2018
Daşkəsən rayon sakini, Aprel döyüşləri zamanı bir qolunu itirmiş Qarabağ qazisi Arzu Məmmədov yaşadığı Daşkəsən rayonun icra hakimiyyəti başçısı Əhəd Abiyevdən şikayətçidir. Məmmədov iddia edir ki,  Əhəd Abıyev icra hakimiyyətinin işçisi İlhamə Bayramova vasitəilə  ondan  20 min manat alıb və  ona Gəncədə ev verdirəcəyinə boyun olub. Amma  Əhəd Abıyev  20 min manatı mənimsəyərək  Bakıda  Neftçi bazanın yanında olan villasını böyütməyə xərcləyib.

"Aprel döyüşü zamanı bir qolumu itirdim. Xəstəxanada yatdım. Mənimlə eyni otaqda yatan digər hərbiçilərlə yaşadıqları  rayonun icra hakimiyyətinin və digər qurumlarının əməkdaşları, deputatlar  maraqlandıqları halda mənə baş çəkən olmadı.   Xəstəxanadan çıxandan sonra Daşkəsən icra hakimiyyəti başçısı Əhəd Abıyevin qəbuluna  getdim. Nədən mənimlə  maraqlanmadıqlarını soruşduqda Əhəd Abıyev bildirdi ki,  oğlu yıxılıb və başı onun problemlərinə qarışıb. Bundan sonra şəxsən maraqlanacağını desə də Arzu Məmmədovun dediyinə görə, problemləri elə həmin gündən böyüməyə başlayıb.

Qarabağ qazisi deyir ki,   görüş zamanı o, icra başçısına evsiz olduğunu söyləyib və ondan kömək istəyib.  Öz növbəsində Əhəd Abıyev kömək edəcəyini bildirsə də Arzu Məmmədovla ancaq icra hakimiyyətinin işçisi İlhamə Bayramova maraqlanıb.  Sonda İlhamə Bayramova Arzu Məmmədova  Əhəd Abıyevin ona  qeydiyyatını Daşkəsəndən Gəncəyə dəyişməyi tövsiyyə etdiyini deyib.  "Əhəd müəllim Gəncənin icra başçısından xahiş edib ki, sənə ev versinlər. Bu işin alınması üçün  20 min manat pul ödəməlisən. Qeydiyyatımı dəyişdim və borc alaraq 20 min manatı düzəldib verdim. Bir müddət sonra öyrəndim ki, bəs mənim kimi bir neçə nəfəri belə aldadıblar. Pul aldıqları adamlar İlahmə Bayramovadan   şikayətçıdır. Pulumu geri istəsəm də vermədilər. Bununla bağlı şikayət etmədiyim qurum qalmayıb, amma baxan yoxdur. Hətta bu məsələ ilə bağlı Əhəd Abıyevlə görüşəndə özü mənə dedi ki, puldan xəbərsizdir və əlavə etdi ki, özü polisə və prokurorluğa tapşırıb ki,  İlhamə Bayramovanı tutmasınlar. Sual yaranır, Əhəd Abıyevın reputasiyasına xələl gətirən birisinin  tutulmasına niyə icazə vermir”, - deyə Qarabağ qazisi vurğulayır.  

Məmmədovun sözlərinə görə,  Əhəd Abıyev ondan və başqalarından aldığı pulu İlhamə Bayramova ilə  birlikdə mənimsəyib. Həmin pullar onların şəxsi ev, obyektlərinə  və digər işlərinə xərclənib. "Mən bunları ictimailəşdirdiyimə görə,  Əhəd Abıyev mənə qarşı qarayaxma kampaniyasına başlayıb.  Daşkəsən rayon Ağsaqqallar Şurası Əhəd Abıyevın göstərişi ilə məni ləkələməyə çalışır. Hər yerdə yazırlar ki, guya mən saxta əliləm, valideynlərim məndən imtina edib. Axırda mən əlillik sənədlərimi və valideynlərimin mənimlə bağlı çıxış  videonu paylaşaraq onların dediklərinin yalan olduğunu sübut etdim”, - deyə Məmmədov əlavə etdi.
 
Arzu Məmmədov indi Xırdalan şəhərində Füzuli Məmmədov tərəfindən ona bağışlanan   evdə yaşayır. Odur ki, Aprel döyüşlərinin iştirakçısı Əhəd Abıyevdən əməkdaşı vasitəsi ilə aldığı 20 min manatı qaytarmağı tələb edir. 

Anews.az-ın əməkdaşı Daşkəsən rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin adının Vüqar olduğunu bildirən əməkdaşı məsələyə münasibət bildirərkən qeyd edib ki, bu problem çoxdan baş verib. Mətbuata bu barədə  icra hakimiyyətinin mövqeyi bildirilıb. " 20 min manat isə  İlhamə Bayramova ilə Arzu Məmmədov arasında olan şəxsi problemdir. Hazırda da İlhamə Bayramova icra hakimiyyətində işləmir və 20 min manat probleminə görə də İlhamə Bayramova haqqında Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı var", - deyə icra hakimiyyəti əməkdaşı vurğulayıb.  

Sonda Vüqar müəllim bu hadisənin köhnə olmasını qeyd edərək yenidən mətbuatda işıqlandırmamağımızı tövsiyyə etdi.