Türk ordusuna qarşı çirkin oyun

16:43 | 16.02.2018
Türk ordusuna qarşı çirkin oyun

Türk ordusuna qarşı çirkin oyun

İstər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, istər Baş nazir Binəli Yıldırım, istərsə də Müdafiə naziri Nurəddin Canikli açıqlamalarında Afrində sivil itkilərin sıfıra bərabər olduğunu qeyd edib. Amma PKK və Avropanın, o cümlədən İranın bəzi sayt və agentlikləri fərqli yerlərdə və fərqli vaxtlarda çəkilmiş fotoları Türkiyənin adından göstərməyə çalışaraq, sivil itkilər bəhanəsi altında qardaş ölkəyə təzyiq göstərməyə cəhd edir.

Axar.az xəbər verir ki, vaxtaşırı olaraq təkzib edilməsinə, həmin yayılan foto və videolarda əks olunan hadisələrin əslində harada baş verdiyi haqda ortaya sübutlar qoyulmasına rəğmən, Türkiyənin "mülki vətəndaşların qatili” obrazını yaratmaq üçün ən müxtəlif cəhdlər yenə də davam edir.

Növbəti belə bir çirkin kampaniya Binəli Yıldırımın Almaniya səfərində yaşandı. PKK tərəfdarı olan media təmsilçisi Türkiyənin Afrin əməliyyatında mülki vətəndaşları öldürdüyünü "təsdiqləyən” fotonu nümayiş etdirdi.

Bu gün isə İran millətçiləri türk ordusunun əsir aldığı YPG əsgərlərini (kadrlarda onlardan birinin qadın olduğu görünür) öldürdüyünü "əks etdirən” görüntü yayıb. Guya türk əsgəri beynəlxalq konvensiyaya zidd olaraq, hərbi əsirləri güllələyir.

Rəsmi statistikalar nə deyir?

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra əraziyə digər dövlətlərin, koalisiya qüvvələrinin də cəlb olunması ilə sivil insanların həyatı supergüclərin əlində oyuncağa çevrilib. Belə ki, hələ 2016-cı ilin rəqəmlərinə görə, ötən 5 il ərzində Suriya əhalisinin 12 faizi ya döyüşlərdə öldürülüb, ya da yaralanıb. 1 milyon 900 mindən artıq yaralının olduğu bildirilib. 400 min insanın birbaşa olaraq döyüşlərdən, 70 min insanın isə müharibənin səbəb olduğu problemlərə görə yaranan dərman çatışmazlığından dünyasını dəyişdiyi rəsmən açıqlanıb.

Suriyada isə ən çox insan ölümlərinə bəlkə də koalisiya qüvvələri və Rusiyanın endirdiyi aviazərbələr səbəb olub. Mətbuatda vaxtaşırı dərc olunan informasiyalarda hər dəfə "səhvən” endirilmiş zərbələrdə onlarla mülki vətəndaşın həyatını itirdiyi və bir o qədərinin də yaralandığı qeyd olunur. Koalisiya qüvvələrinin "Röyter”də dərc olunmuş hesabatına əsasən isə ABŞ rəhbərliyindəki birləşmiş ordunun aviazərbələri nəticəsində 2014-cü ilin avqustundan 2017-ci ilin oktyabrına qədər Suriyada 801 sivil insanın öldüyü rəsmən etiraf olunur. Hesabatda yer alan digər məlumatlara baxıldıqda isə bu rəqəmin heç də tam həqiqəti əks etdirmədiyini söyləmək olar. Belə ki, sözügedən zaman kəsiyində koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizəyə qoşulması nəticəsində terrorçu mövqelərinə nə az, nə çox - 28 min aviazərbə endirilib və 1790 potensial sivil itkisi barədə məlumat yayılıb. "Eirvors” (Airwars) monitorinq qrupunun açıqlamasına baxıldıqda isə bu rəqəmin daha da çox - 5691-ə bərabər olduğu görünür.

Suriya İnsan Haqları üzrə Müşahidə Şurasının 2017-ci il hesabatında 374 qətliam barədə informasiya verilir. Bu qətliamlarda Əsəd rejimi, ABŞ-ın rəhbərlik etdiyi koalisiya, Rusiya və bölgədə fəaliyyət göstərən çox sayda terror qruplaşmasının əli olduğu bildirilir. 431 uşaq, 752 qadın, ümumilikdə isə 4006 mülki insan qətliamların qurbanı olur. 129 dəfə əlini sivil insanların qanına batıran Əsəd rejimi isə bu qeyri-insani reytinqdə ilk pilləyə sahib olub.

İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri 113, Rusiya 83, İŞİD 19, terror təşkilatı PKK və onun Suriya qolu PYD 4, müəyyən olunmayan qruplar isə 26 qətliama imza atıb. Əsəd rejiminin 420 uşaq, 220 qadın olmaqla 1174, rejimə hava dəstəyi verən rus qüvvələrinin isə 356 uşaq, 207 qadın olmaqla 990 insanın ölümünə səbəb olduğu qeyd olunur.

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın əli ilə 479-u uşaq, 239-u qadın, ümumilikdə isə 1200 nəfərin dünyasını dəyişməsi barədə məlumat isə daha təzadlı bir məqamı ortaya çıxarır. Bunun İŞİD-in ötən illər ərzində olduqca zəifləməsi ilə izah etmək məntiqə uyğun hesab edilsə də, yenə də terror təşkilatı İŞİD-in qətliamlarında "sülhpərvər” qüvvələrdən daha az sivilin dünyasını dəyişməsi Suriyada yaşananların əsl mahiyyətini ortaya qoyur. Belə ki, 2017-ci ildə İŞİD Suriyada 71 uşaq, 28 qadın, ümumilikdə 210 nəfəri öldürməklə siyahıda sonuncu yerə sahib çıxıb.

İndi isə Türkiyə...

Türkiyənin "Zeytun budağı” əməliyyatının ən böyük uğuru kimi qardaş ölkə rəsmiləri sivil itkilərin olmamasını göstərir. PKK tərəfdarları və Avropanın, o cümlədən İranın bəzi media qurumlarının YPG-dəki mənbələrə əsaslanaraq yaydıqları məlumatdan başqa heç bir qurum Türkiyənin Afrin əməliyyatında mülki vətəndaş ölümünə səbəb olduğunu təsdiqləməyib.

Əksinə, mülki geyimdə əhalinin arasında gizlənən terrorçuların türk ordusunun bir neçə əsgərini şəhid etdiyirəsmi olaraq təsdiqlənib. Buna baxmayaraq, türk ordusu yenə də mülki itkilərin qarşısını almaq üçün öz həyatları bahasına mülki geyimlilərə qarşı aqressiv davranmır.

Hətta bu vaxta qədər yayılmış foto və videolarda əksini tapanlar həqiqət olsa belə, yenə də mülki vətəndaş ölümü 10 nəfərdən artıq deyil. Belədə, rəsmi olaraq minlərlə sivil vətəndaşın ölümünə səbəb olan qüvvələrin 28 gündür böyük əməliyyat aparan və 1600 terrorçu zərərsizləşdirən Türkiyəyə qarşı "2 sivil öldü” deyə təbliğat aparması heç bir halda anlaşılmır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb