Aydın Əliyev vitse-prezidentlə görüşdü

20:14 | 01.02.2018
Aydın Əliyev vitse-prezidentlə görüşdü

Aydın Əliyev vitse-prezidentlə görüşdü

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltan Reszekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dan Axar.az-a verilən məlumata görə, Aydın Əliyev Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Gömrük sistemindəki son yeniliklər barədə də məlumat verən Aydın Əliyev bildirib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.

Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektlərilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri DHL Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib.

Ötən il DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması üçün təşkil edilən təlimi nümunə göstərən Aydın Əliyev, qarşılıqlı işgüzar münasibətlərin inkişafının vacibliyini diqqətə çatdırıb, eyni zamanda cari ilin 2-4 may tarixlərində Bakıda keçiriləcək Gömrük və Loqistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il Assambleyası və Konfransına DHL şirkətinin nümayəndələrinin də qatılacağına ümidvar olduğunu bildirib.

DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltak Reszek Bakıda keçiriləcək Gömrük və Loqistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il Assambleyası və Konfransında təmsil etdiyi qurum əməkdaşlarının iştirak edəcəyini bildirib.

Eyni zamanda bu ilin yayında Mingəçevir şəhərində təşkil olunacaq "Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində "əşyaların interneti" və "böyük həcmli verilənlərin təhlili" mövzusunda ənənəvi konfransda fəaliyyət sahələri barədə təqdimatla çıxış etmək istəklərini dilə gətirib.

Görüşdən sonra qonaqlar Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələrlə tanış olublar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM