BP Azərbaycanda sosial layihələrə 820 min dollar xərclədi

14:56 | 22.08.2016
BP Azərbaycanda sosial layihələrə 820 min dollar xərclədi

BP Azərbaycanda sosial layihələrə 820 min dollar xərclədi

2016-cı ilin birinci yarısı ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 0,82 milyon dollar xərcləyib. 

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Məlumata görə, ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək. 

Bu qəbildən Azərbaycanda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır: 

- "Sahibkarlığın İnkişafı və Təlim Proqramı” (SİTP) - bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişləndirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verməyə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır. 

- BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçmişdir və 2017-ci ilin üçüncü rübündən etibarən yerli təlimçilər tərəfindən aparılması planlaşdırılır.

- BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edirlər. Bu şirkətlər neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan  yerli icma nümayəndərlərinin SOCAR-ın Qobustandakı Regional Texniki Təlim Mərkəzi vasitəsilə peşə və texniki təliminə dəstək verilir. Bu günədək BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları 131 – 2015-ci ildə 79, 2016-cı ildə 52, yerli icma nümayəndəsinin həmin mərkəzdə təlimini maliyyələşdiriblər.

- BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. Gələcəkdə belə təlimlərin boru kəmərləri boyunca digər icmalarda da keçirilməsi planlaşdırılır. Bu yeni təşəbbüsdən 200-ə qədər yerli icma nümayəndələrinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının 23 ən uğurlu məzununu dəstəkləməyə davam edərək onlara qabaqcıl İT bacarıqları öyrənmək və İngilis dili biliklərini inkişaf etdirmək üçün imkan yaratmaq planlaşdırılır.

- BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlamışdır. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Layihə "British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək.

- BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəmərlərinin keçdiyi rayonlarda bir çox uşaq bağçalarını kompüterlərlə təchiz etmək üçün yeni layihə həyata keçirir. Bu layihənin başlıca məqsədi dərs zamanı əyləncəli kompüter proqramlarından istifadə etməklə məktəbəqədər yaşlı uşaqlara fəal dinləmə və yaradıcı düşüncə qabiliyyətləri kimi idrak bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır. Bu günə qədər Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında 42 icmaya 275 kompüter bağışlanıb. 2016-cı ilin sonunadək daha 100 kompüterin qalan icmalara paylanması planlaşdırılır.

- BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarını, siyasətini və qanunvericiliyini səmərəli şəkildə həyata keçirmək üçün beynəlxalq qabaqcıl təcrübələrin mənimsənilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır.

- BP-nin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstəyi. Bu tərəfdaşlığa bir qrup milli idmançının əsas beynəlxalq yarışlara hazırlığına dəstək vermək, həmçinin  Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək daxildir. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti inkişaf və bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən bir sıra layihələri maliyyələşdirib. BP şirkəti həmçinin Rio 2016 oyunları da daxil olmaqla böyük beynəlxalq yarışlarda iştirak etməyə hazırlaşan bir qrup milli idmançını dəstəkləyir.

- BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM