Gəncədəki qeyri-adi evin sirri - VİDEO

20:42 | 17.10.2016
Gəncədəki qeyri-adi evin sirri  - VİDEO

Gəncədəki qeyri-adi evin sirri - VİDEO

Qardaşının xatirəsini yaşatmaq üçün sənət əsəri yaratdı

ARB 24 xəbər verir ki, Gəncə şəhərinin Hüseyn Cavid və Qəmbər Hüseynli küçələrinin kəsişməsində yerləşən, "butulkalı ev" kimi tanınan, şəhərə gələn turistlərin diqqətini çəkən bu tikili 1966-cı ildə ərsəyə gəlib. 

Bu evi Gəncə şəhər sakini İbrahim Cəfərov Böyük Vətən Müharibəsində itkin düşən 26 yaşlı qardaşı Yusifin xatirəsini əbədiləşdirmək fikri ilə inşa edib. İxtisasca mühəndis olan və şəhər körpü-tikinti idarəsində işləyən İbrahim Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək yaşayış binası tikib. 

Evin birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin mühəndis ikinci mərtəbənin inşasında qeyri-ənənəvi tikinti materiallarından istifadə etməklə, insanların memarlıq zövqünü oxşayan və şəhərin bütün yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri yaradıb. 

İbrahim Cəfərov evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən və binanın tavanına çəkilmiş rəsm əsərlərindən istifadə edib.

Tikilinin bayırdan divarlarına, eyvanın və tavanına vurulan müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin hərbi geyimdə olan portreti vaxtilə həmin məhəllədə yaşayan rəssam Nazim Məmmədov tərəfindən çəkilib. Binanın arxa divarına butulkalarla işlənən "Moskva 80" yazısı göstərir ki, memar "butulkalı ev"in ikinci mərtəbəsinə sonradan bir sıra əlavələr edib. 

İbrahim Cəfərovun nəvəsi olan Rövşən deyir ki, o vaxt bu evə Azərbaycanın tanınan insanları gəliblər. Hətta indi də bir çox ölkədən gələn turistlər  buraya baş çəkirlər. 

"Butulkalı ev"in memarlığında diqqətçəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla "Gəncə" sözü işlənib. Məlum olduğu kimi, Gəncə şəhərinin adı 1935-ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək Kirovabad adlandırılıb. Şəhərin tarixi adı isə yalnız 1989-cu ildə özünə qaytarılıb.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM