Kommersiya banklarının vəsait açıqlamamasının SİRRİ

11:49 | 21.10.2016
Kommersiya banklarının vəsait açıqlamamasının SİRRİ

Kommersiya banklarının vəsait açıqlamamasının SİRRİ

Mərkəzi Bankın yeni qərarına əsasən, kommersiya bankları bundan sonra keçiriləcək hərraclarda iştirak edəcək. Əvvəllər tək alıcı kimi hərraclarda iştirak edən kommersiya bankları artq satıcı qismində də iştirak etmək hüququ qazanıblar. Mərkəzi Bank və Neft Fondu hərraca çıxarılan vəsaitin miqdarını açıqlasalar da, banklar bunu kommersiya sirri ilə əlaqələndirərək, gizlədirlər.

Kommesiya banklarının bu addımı atmasının səbəbi nədir?

Bunu ANN.Az-a iqtisadçı-ekspertlər Samir Əliyev və Natiq Cəfərli şərh ediblər.
 
 
"İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi”nin eksperti Samir Əliyev kommersiya banklarının vəsaitin gizlədilməsini hərraca az miqdarda dollar çıxarmaları ilə əlaqələndirib: 

"Son vaxtlar bank sektorundakı məlumatların gizlədilməsi prosesi gedir. Bu, təbii ki, vəziyyətin getdikcə çətinləşdiyini göstərir. Çünki istənilən məlumat vəziyyət haqqında real mənzərəni görməyə imkan verir. Kommersiya banklarının hərraca çıxardığı vəsaitin gizlədilməsinin əsas səbəblərindən biri odur ki, ola bilsin ki, banklar hərraca az miqdarda vəsait çıxarırlar. Yəni görünür, hərraca az miqdarda dollar çıxarılıb, amma satış çox olub. Bu, dollar məzənnəsinin bahalaşmasına gətirib çıxarır. Bazara çıxarılan dolların miqdarı həmişə müzakirə mövzusu olduğu üçün kommersiya bankları bu cür addım atırlar. Banklar bunu kommersiya sirri saya bilərlər, amma Neft Fondu xalqın fondudur. Hərracda xalqın pulu satılırsa, bu barədə ictimaiyyətə mütləq açıqlama verilməlidir”. 

"Bununla yanaşı, alqı-satqı məsələsi üçün banklar arası valyuta birjaları olur. Bu proses orada həyata keçirilməlidir. Hər bir ölkədə banklar arası valyuta birjası var və bu birja hamı üçün açıq olur. İstənilən şəxs oradan məlumat əldə edə bilər. Bizdə isə valyuta birjası keçən il fəaliyyətini dayandırdı. Bizdəki valyuta birjası demək olar ki, işləmirdi. İndi də bu işlər "Bloomberg” üzərindən aparılır və gizli saxlanılır. Ancaq Mərkəzi Bank və orada iştirak edən banklar məlumat ala bilirlər. Düşünürəm, Azərbaycanda banklar arasında valyuta birjasına fəaliyyətinin bərpa edilməsinə ehtiyac var”, - deyə S. Əliyev əlavə edib.
 


Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli bunun kommersiya sirrləri ilə heç bir əlaqəsi olmadığını açıqladı: 

"Kommersiya sirri konkret şəxs və yaxud da şirkətlərin maraqlarına toxuna biləcək məsələlərə aid olunur. Bu, ictimai maraq kəsb edən məsələdir. İctimaiyyətin məlumatlandırılması nöqteyi-nəzərindən hərraca çıxarılan vəsait gizlin saxlanmamalıdır. Banklar əvvəllər hərraclarda alıcı kimi iştirak edirdisə, yeni dəyişikliklərdən sonra satıcı kimi də iştirak edirlər. Hərraca çıxarılan vəsait gizli saxlanılırsa, yəqin ki, banklar satış həyata keçirmirlər. 

"Əvvəlki kimi ancaq Mərkəzi Bank və Neft Fondu hərrac həyata keçirirlərsə, kommersiya banklarının burada iştirakı gözə kül üfürməkdən başqa bir şey deyil. Belə qənaətə gəlmək olar ki, kommersiya bankları satış üçün yox, əvvəlki kimi alıcı qismində hərracda iştirak edirlər. Yəni, belə bir görüntü yaradırlar ki, ölkədəki banklarda dollarla bağlı heç bir problem yoxdur, onlar hətta valyutanı sata bilirlər”, - deyə ekspert əlavə edib. 

Mərkəzi Bank və SOFAZ-ın məlumatına görə, kommersiya banklarının hərraca çıxardıqları vəsaitin həcmi hər ayın sonu açıqlanacaq.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM