• $
  • £

Səbinə İskəndərli Stokholm meriyasının mükafatına layiq görülən ilk azərbaycanlı olub

Səbinə İskəndərli Stokholm meriyasının mükafatına layiq görülən ilk azərbaycanlı olub
29.05.2026 19:02

Stokholm şəhər meriyasında kino, teatr, ədəbiyyat, musiqi, ifaçılıq və təsviri incəsənət, eləcə də maarifçilik fəaliyyəti sahələrində peşəkar mədəniyyət və xalq təhsili nümayəndələrinə hər il təqdim olunan mükafatların təltifetmə mərasimi keçirilib.

1945-ci ildən təqdim edilən və İsveçin ən nüfuzlu mükafatlarından biri hesab olunan bu mükafatın tarixində ilk dəfə olaraq ictimai təhsil sahəsində laureat azərbaycanlı həmvətənimiz, Cinema Club Stockholm-un rəhbəri Sabina İsgəndərli olub.

Sabina İsgəndərli uzun illərdir ki, İsveçdə yeni həyata başlayan insanlara İsveç kinosunun tarixini tanıdır. Məsələn, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra onun kino klubunun fəal üzvləri arasında ukraynalı qaçqınlar da yer alıb.

Sabina İsgəndərlinin fikrincə, kino ölkəni və onun mədəniyyətini anlamaq üçün ən təsirli vasitələrdən biridir və insanların cəmiyyətə inteqrasiyasına kömək edir. O hesab edir ki, məhz kino və onun tarixi vasitəsilə cəmiyyətin necə inkişaf etdiyini, dəyişdiyini və formalaşdığını anlamaq mümkündür. İsveç kinosunun tarixi bunun parlaq nümunəsidir.

“Kinoklubdakı görüşlərdə ən əvvəl İsveç kinosunun başlanğıc dövrlərindən danışıram”, – deyə Sabina bildirib. “İsveç kinematoqrafiyasının qızıl dövrünün böyük rejissorlarından, İnqmar Berqmandan, 1960-cı illərin “yeni dalğa” rejissorlarından bəhs edirəm. Məqsədim İsveçə gələn və bu ölkənin mentalitetini, ənənələrini və qanunlarını anlamaq istəyən insanlar arasında İsveç kinosunu tanıtmaqdır. Kino isə bunun üçün açar rolunu oynayır”.

Onun sözlərinə görə, dünya kinematoqrafiyasında heç bir hadisə ayrıca mövcud olmur və bütün proseslər bir-biri ilə sıx bağlıdır. Buna görə də kinoklub görüşlərində italyan neorealizmi və fransız “yeni dalğa”sı haqqında da məlumat verir ki, iştirakçılar kino dünyasında baş verən prosesləri daha yaxşı anlaya bilsinlər.

Sabina İsgəndərlinin fəaliyyəti İsveçdə fəaliyyət göstərən və formal təhsil sisteminə paralel mövcud olan xalq təhsili sistemi – Folkutbildning sayəsində mümkün olub. Bu sistem yalnız diplom əldə etməyə deyil, həm də şəxsi inkişaf, dünyagörüşünün genişlənməsi, ictimai həyata qatılma və inteqrasiyaya xidmət edir.

İsveçdə xalq təhsili əsasən xalq ali məktəbləri (folkhögskolor) və NBV, Sensus, ABF, Medborgarskolan kimi təhsil birlikləri (studieförbund) vasitəsilə həyata keçirilir.

Bu proqramlar çərçivəsində dillər, incəsənət, musiqi, siyasət və cəmiyyət öyrənilir, peşə bacarıqları əldə olunur. Təhsil kurslar və maraq dərnəkləri formatında təşkil edilir. Cinema Club kimi dərnəklərdə ciddi imtahan və qiymətləndirmə sistemi yoxdur, əsas diqqət dialoq və iştirakçılığa yönəlib. Burada filmlərə baxılır, onlar müzakirə edilir, insanlar ünsiyyət qurur və İsveç bayramlarını birlikdə qeyd edirlər.

Folkutbildning İsveç cəmiyyətində mühüm rol oynayaraq miqrantların inteqrasiyasına, ömürboyu təhsil ideyasının təşviqinə və vətəndaş fəallığının artırılmasına xidmət edir.

“Altı il ərzində Stokholmda müxtəlif təhsil birlikləri ilə əməkdaşlıq etmişəm”, – deyə Sabina qeyd edib. “Son üç ildə isə NBV ilə çalışıram. Məhz onlar məni hər il xalq təhsili sahəsində fəallara təqdim olunan təqaüdə namizəd göstəriblər. Buna görə onlara minnətdaram. Bu mükafat yeni layihələrin və İsveç kino tarixinə həsr olunmuş maraqlı proqramların hazırlanması üçün əlavə stimul yaradır”.

Mükafata cəmi səkkiz namizəd təqdim olunub. Onların hər biri xalq məktəbləri və ya təhsil birlikləri tərəfindən irəli sürülərək Stokholm meriyası tərəfindən təsdiqlənib. Bununla yanaşı, incəsənət, ədəbiyyat, rəssamlıq və mədəniyyət sahələrində fəaliyyət göstərən şəxslərə də mükafatlar təqdim olunub.

Mükafatların məbləği 10 min İsveç kronundan 100 min kronadək dəyişir.

Qaliblər bələdiyyə şurası tərəfindən müəyyən edilir, mükafatlandırma mərasimi isə hər il Nobel təntənələrinin keçirildiyi Stokholm Şəhər Ratuşasında baş tutur.

Sabina İsgəndərli Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, müxtəlif milli və beynəlxalq media qurumlarında çalışıb, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının yaradıcısıdır.

2004-cü ildən İsveçdə yaşayır. Lenfilm nəzdində fəaliyyət göstərən rejissorlar və jurnalistlər üçün ali məktəbdə kino tarixi üzrə kursu bitirib. Stokholmda İsveç və dünya kinosunun tarixindən bəhs edən kinokluba rəhbərlik edir. O, həmçinin İsveçdə yaşayan etnik icmaların mədəni inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərən Almen mədəni təşkilatının sədridir.

NBV (Nykterhetsrörelsens Bildningsverksamhet) İsveçin ən böyük xalq təhsili birliklərindən biridir.

Təşkilat 1971-ci ildə yaradılıb və onun ideoloji əsaslarının formalaşmasında təmkinlilik və ayıqlıq hərəkatları mühüm rol oynayıb. NBV-nin yaranmasına ilham verən təşkilatlardan biri də tampliyerlər ordeni olub. Onlar maarifləndirmə və təhsil vasitəsilə cəmiyyətdə ayıqlığın təşviqini qarşıya məqsəd qoymuşdular.

Bu gün NBV ölkə üzrə minlərlə təhsil proqramı, kurs və ictimai layihə həyata keçirərək təhsil, vətəndaş fəallığı və sosial inteqrasiyanı dəstəkləyir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə İskəndərli Stokholm meriyasının mükafatına layiq görülən ilk azərbaycanlı olub
Mədəniyyət 19:02
Səbinə İskəndərli Stokholm meriyasının mükafatına layiq görülən ilk azərbaycanlı olub
Fransız arxeoloqun kəşf etdiyi qədim şəhər – Çorum
Mədəniyyət 15:05
Fransız arxeoloqun kəşf etdiyi qədim şəhər – Çorum
Dünya şöhrətli reper Kanye West Avropa turuna İstanbuldan başlayır-FOTOLAR
Mədəniyyət 13:37
Dünya şöhrətli reper Kanye West Avropa turuna İstanbuldan başlayır-FOTOLAR
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Mədəniyyət 19:30
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Mədəniyyət 18:05
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
“ÇƏTİN”lə geri dönüş edən gənc istedadın çətin həyat hekayəsi
Mədəniyyət 20:29
“ÇƏTİN”lə geri dönüş edən gənc istedadın çətin həyat hekayəsi
Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək
Mədəniyyət 15:08
Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: “Bir Süfrədə Miras”
Mədəniyyət 12:14
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: “Bir Süfrədə Miras”
İstanbul Qlobal Dizayn Forumuna ev sahibliyi edəcək
Mədəniyyət 12:16
İstanbul Qlobal Dizayn Forumuna ev sahibliyi edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol