Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib.
O, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Celal Çiftçi paylaşımlarının Azərbaycan xalqında inciklik və məyusluq yaratmasına görə peşman olduğunu bildirib və istifadə etdiyi ifadələrin məqsədini aşdığını etiraf edib.
O, Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsinə çağırmaq niyyətinin olmadığını vurğulayıb.
Celal Çiftçi Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını bildirərək, ölkənin gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin konstitusion institutlarına aid olduğunu qeyd edib.