Rusiya radikalları Suriyaya göndərirmiş

13:39 | 18.05.2016
Rusiya radikalları Suriyaya göndərirmiş

Rusiya radikalları Suriyaya göndərirmiş


«Reuters» agentliyi Rusiyanın radikal islamçıların Suriyaya getməsinə yardım etməsini üzə çıxaran araşdırma dərc edib. Məsələn, 38 yaşlı Saadu Sharapudinov Rusiyada axtarılırmış, o, Şimali Qafqazda qadağan olunmuş islamçı qrupun üzvü olub. «Reuters»ə danışıb ki, 2012-ci ildə Rusiya kəşfiyyatçıları ona gözlənilməz bir təklif ediblər. Rusiyadan çıxmağa razılaşsa, həbs olunmayacaq, onun ölkədən çıxışına kömək edəcəklərmiş.

Sharapudinov razılaşır, bir neçə aya ona yeni adla pasport verirlər və İstanbula birtərəfli bilet alırlar. O, Türkiyədən asanlıqla Suriyaya keçir, daha sonra özünü «İslam Dövləti» adlandıracaq qruplaşmaya qoşulur.

«Reuters» daha dörd belə rusiyalı radikalı müəyyənləşdirib, onlar da Rusiyadan hakimiyyətin köməyi ilə çıxıblar. Qohumlarının, keçmiş və indiki rəsmilərin sözlərincə, Moskva bununla ölkədə terror hücumları riskini azaltmaq istəyib. Bəzi mənbələr iddia edir ki, rəsmilər silahlıları Rusiyadan çıxmağa həvəsləndiriblər. Bu ssenari, azı, 2014-cü ilədək davam edib. Bütün bunların Soçi olimpiadasından öncə baş verdiyi ortaya çıxır. Hakimiyyət yaraqlıların bu tədbirlə bağlı hücumlar təşkil edəcəyindən ehtiyatlanıb.

2015-ci ilin dekabrınadək 2 min 900 rusiyalı Yaxın Şərqə savaşmağa gedib, - rəsmilər belə deyir. Onların 90 faizindən çoxu ölkəni 2013-cü ilin ortalarından sonra tərk edib.

«Rus dili «İslam Dövləti» qruplaşmasının ərəb və ingiliscədən sonra üçüncü dilidir. Rusiya bu qruplaşmaya əcnəbi döyüşçülər göndərən vacib ölkə sayılır», - Beynəlxalq Böhran Qrupunun aparıcı təhlilçisi Ekaterina Sokiryanskaya deyir. «Olimpiya Oyunlarından öncə Rusiya xeyli sayda döyüşçünün Rusiyadan çıxmasına göz yumub. Onlar radikal gənclərin Yaxın Şərqə axışmasını gözardı edib».

Rusiya rəsmiləri ölkənin terrorçularla əməkdaşlıq etmədiyini bildirib, deyilənləri «əsassız» adlandırıb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM