Ali məktəb tələbələri kirayə ev tapa biləcəkmi?

Sentyabrın 29-dan Azərbaycandakı, o cümlədən paytaxt Bakıdakı ali məktəblərdə tədrisə start veriləcək.
Həmişə olduğu kimi, bu il də minlərlə gənc ali təhsil almaq üçün yaşadığı yeri müvəqqəti tərk etməli, kirayədə qalmaq üçün yer axtarmalı olacaq.
Bu isə kirayə mənzil bazarındakı vəziyyətə təsirsiz ötüşməyə bilməz.
"Report"a açıqlama verən daşınmaz əmlak bazarı üzrı ekspert Elnur Fərzəliyev deyir ki, artıq xeyli sayda tələbə Bakıda və digər böyük şəhələrdə ev axtarışına başlayıb. Amma tələbələr üçün yararlı olan fərdi həyət evlərinin və qiyməti nisbətən aşağı olan bina evlərinin sayında çox ciddi azalmalar var:
"Bu, əsasən onunla əlaqədardır ki, pilot layihələr hesabına köhnə həyət və bina evləri sökülür. Bu da qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən evləri sökülən sakinlər yeni mənzil ilə təmin olunana qədər minimum 2 il kirayədə qalmalı olurlar. Bu da bir tərəfdən ev qıtlığına səbəb olur. Köhnə binalar sökülərək yerində yeni binalar tikilərkən həmin binalarda qiymətlər köhnə binalardakı qiymətlərlə eyni olmur. Onların arasında demək olar iki dəfəyə qədər fərq var”.
E.Fərzəliyev köhnə binalarda 1 otaqlı mənzilin aylıq kirayə qiymətinin 300 manatdan başladığını bildirir: "Tələbələr üçün yararlı olan Bakının Yasamal rayonunda, metronun "Elmlər akademiyası, "İnşaatçılar” və "20 yanvar” tansiyalarına yaxın ərazilərdəki köhnə binalarda əvvəl 250-300 manata 1otaqlı ev tapmaq olurdusa, bu gün onların qiyməti 300 manatdan başlayır və tapmaq daha da çətinləşib. Tələbələr Yasamal rayonu ilə paralel Nərimanov rayonunda da evlər kirayə götürür. Çünki orada da bir neçə ali təhsil müəssisəsi var. Nərimanov rayonunda da artıq 4 ildən çoxdur ki, pilot layihələr ilə söküntü işləri aparılır. Orda yerləşən Təbriz küçəsi istiqamətindəki ucuz həyət evlərinin sökülməsi ucuz kirayəlik həyət evlərinin bazardan çıxmasına səbəb olub. Bu baxımdan tələbələr üçün bu il problem daha ciddidir. Məcburən tələbələr Bakı ətrafına, Binəqədi rayonuna, Xırdalana və Abşeronun digər ərazilərinə üz tuturlar”.
www.anews.az
























