ANN.Az Modern.az-a istinadən hazırda dollara nisbətdə ən bahalı dünya valyutalarını və onların məzənnəsini təqdim edir.
Küveyt dinarı – 3,38 dollar
Küveyt əmirliyinin rəsmi pul vahidi sayılan Küveyt dinarı birmənalı olaraq dünyanın ən bahalı valyutası hesab olunur. O 1961-ci ildən dövriyyədədir.
Bəhreyn dinarı – 2,65 dollar
Bəhreyn krallığının rəsmi pul vahidi olan dinar isə dollara nisbətdə ikinci ən güclü valyuta sayılır. Bu pul 1965-ci ilin oktyabrından dövriyyədədir.
Oman rialı – 2,59 dollar
Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Britaniya funt-sterlinqi – 1,53 dollar
Böyük Britaniya Avropa Birliyinin üzvü olsa da, funt-sterlinqdən imtina etməyib. 1694-cü ildə İngiltərə bankı funt-sterlinq banknotları çap etməyə başladıqdan bəri bu pul vahidi dollar və digər qlobal valyutalar qarşısında dəyərini itirmir.
Cəbbəllütarik funtu – 1,53 dollar
Böyük Britaniyanın Pireney yarımadasında yerləşən kiçik müstəmləkəsi - Cəbbəllütarik krallığın tərkibinə daxil olsa da, öz valyutasına malikdir. 1927-ci ildən dövriyyədə olan Cəbbəllütarik funtu nominal dəyərinə görə həmişə 1 funt-sterlinqə bərabərdir və buna görə də dollardan bahadır.
İordaniya dinarı - 1,41 dollar
İordaniya krallığı 1950-ci ildən dinarı rəsmi pul vahidi kimi istifadə edir. Adətən, həm sikkə, həm də kağız pulların üzərində hakimiyyətdəki Haşimilər sülaləsinin üzvləri təsvir olunub.
Azərbaycan manatı - 1,27 dollar
Azərbaycan manatı dollara nisbətdə ən bahalı 7-ci valyutadır. 1992-ci il avqustun 15-dən dövriyyədə olan manat 2006-cı il yanvarın 1-dən 5000:1-ə nisbətində devalvasiya olunub.
Kayman adaları dolları – 1,21 dollar
Karib hövzəsində yerləşən Böyük Britaniyanın müstəmləkəsi olan Kayman adaları 1972-ci il mayın 1-dən yerli dollardan istifadə edir.
Avro - 1,13 dollar
19 Avropa ölkəsinin pul vahidi olan avro 1999-cu il yanvarın 1-dən istifadə olunur. Daha 9 ölkədə isə rəsmi valyuta ilə yanaşı, istifadə olunur. ABŞ dollarından sonra dünyada ən çox isitfadə olunan ikinci beynəlxalq valyutadır.
İsveçrə frankı – 1,07 dollar
İsveçrə frankı İsveçrə və Lixtenşteynin rəsmi pul vahididir. İlk banknot seriyaları hələ 1907-ci ildə çar olunub. Frank stabil kursuna görə dünya ölkələri tərəfindən rezerv valyuta kimi geniş istifadə olunur.
ABŞ dolları
Qeyd edək ki, ABŞ dollarının özü dəyərinə görə dünyanın 11-ci valyutası sayılır. Dollar ilk dəfə 1861-ci ildə Amerika bankları tərəfindən əskinas halında çapa buraxılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !