Eyyub Quliyev: “Mən həyatımı musiqiyə həsr etmişəm” – MÜSAHİBƏ

14:29 | 23.02.2016
Eyyub Quliyev: “Mən həyatımı musiqiyə həsr etmişəm” – MÜSAHİBƏ

Eyyub Quliyev: “Mən həyatımı musiqiyə həsr etmişəm” – MÜSAHİBƏ



Rüstəm Qasımov

ANN.Az-ın beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Opera və Balet teatrının dirijoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Arturo Toskanini adına beynəlxalq dirijorlar müsabiqəsinin qalibi Eyyub Quliyevlə müsahibəsi. 

- Eyyub, sizin musiqini seçməyinizdə Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin ailəsində doğulmanız rol oynayıbmı? 

- Yəqin ki, hə! Əlbəttə, ailədə hökm sürən atmosfer uşağa ciddi təsir edir, həm intellektual, həm də mənəvi inkişaf baxımından. Yaradıcı ailədə doğulmaq böyük xoşbəxtlikdir. Atam Ramiz Quliyev böyük musiqiçidir, anam Hökumə xanım isə tanınmış elm adamıdır, BDU-nun professorudur, biologiya elmləri doktorudur, təkcə keçən il onun 3 elmi əsəri nəşr olunub. İncəsənət və elmin sintezi izsiz ötüşə bilməzdi. Bizim hər birimiz həyatda öz yolumuzu tapırıq. Qardaşım da fəlsəfə elmləri doktoru, məşhur hüquqşünasdır. Mənə gəldikdə isə, mən həyatımı musiqiyə həs etmişəm...

Təbii ki, atam bunda müəyyən qədər rol oynayıb, o istəyirdi ki, oğullarından biri onun davamçısı olsun, onun məktəbini davam etdirsin. Amma mənə heç kim musiqiylə məşğul olmağım üçün təzyiq göstərməyib, mən özüm bu sahədə özümü sübut etmək istəmişəm. 
 


- Müğənni, musiqiçi yox, məhz dirijor olmaq istədiyiniz nə zaman dərk elədiniz? 

- Musiqiylə məşğul olmağa mən tarzən kimi başlamışdım. Dirijor olmaq isə mühitin gətirdiyi seçim oldu. İş burasındadır ki, atam təkcə azərbaycanlılarla deyil, dirijorlar daxil olmaqla, xarici musiqiçilərlə də dostluq edirdi. Mən hələ onun bütün Avropa boyu etdiyi qastrol səfərlərini demirəm. Bu konsertlərdə məşhur maestrolar dirijorluq edirdilər, onların arasında görkəmli Azərbaycan dirijoru Niyazi də vardı, təəssüf ki, o, 1984-cü ildə mənim anadan olduğum il vəfat etdi. Böyük Niyazi dirijor sənətinin obrazlarından biri olaraq qalacaq, gələcək azərbaycanlı dirijor nəsilləri də ondan öyrənəcəklər. Atam və Niyazi təkcə yaradıcı ittifaqda deyildilər, həm də yaxın dostuydular. 

- Bu sizə necə təsir edib?

- Atam və maestro Niyazi məndə həmişə heyranlıq oyandırırdılar. Yadımdadır, atam xaricdən musiqi diskləri gətirirdi, onları Bakıda tapmaq çətin idi, mənsə atamın kabinetinə qapanıb dirijorluq edirdim.  O zamanlar mən texnikanı bilmirdim, bunlar rabitəsiz hərəkətlər idi. Prosesin özü xoşuma gəlirdi, bundan hədsiz zövq alırdım. Simfonik musiqiyə, Bethovenə, Çaykovskiyə, Bramsa, Motsarta olan sevgi bunu mənə diqtə edirdi. Təsəvvürünüzə gtirin, mən şahmat taxtasını götürür, fiqurları düzür, atı ortaya qoymaqla onu dirijorla əlaqələndirirdim. Digər fiqurlar mənimçün musiqiçilərdi. Demək istədiyim odur ki, uşaqlıqdan mən dirijor olmağa can atırdım, müntəzəm olaraq simfonik konsertləri ziyarət edirdim, tarda ifa etməklə musiqiylə peşəkar məşğul olurdum, dirijorlarını maneralarını izləmək imkanım olurdu, onların orkestri idarə etmələrini, diqqət kəsilmələrini, səhnədəki dinamikalarını və s. müşahidə edirdim. Musiqi karyeram ərzində mən Azərbaycanın ən məşhur dirijorlarıyla birgə ifa etmək şansım olmuşdu, yaxşı təcrübə yığmışdım, ona görə də vaxt gəlib çatanda mənim seçimim dirijorluq oldu, çünki bu sənətə artıq vurğun idim. 
 


- Ancaq Bakı musiqi akdemiyasını bitirdikdən sonra, siz dərhal iki diplom aldınız... 

- Mən eyni zamanda həm tarzənlik, həm dirijorluq üzrə oxuyurdum. Beləliklə, mənim iki diplomum birdən oldu. Xor dirijorluq mütəxəssisi ola-ola mən magistr oxumaq üçün Sankt-Peterburqa yollandım, burada simfonik dirijorluğu üzrə təhsilimi davam etdirdim. Bu minvalla mən həm xor, həm də oskestr dirijorluğunu öyrəndim, baxmayaraq ki, bu iki istiqamətin hər birinin ayrıca texnikası və xırdalıqları var. Yeri gəlmişkən, bizə təkcə xora dirijorluq etməyi deyil, oxumağı da öyrədirdilər. Buna görə də, xor dirijorluğu tələbələri mütləq tələbə xorunda oxuyurdular.
 
- Atanızla ilk dəfə bir səhnəni bölüşmək təcrübənizdən danışardız. 

-  Bu, mənim həyatımda ən həyəcanlı, eyni zamanda ən parlaq anlardan biriydi. Mən kamera orkestrinin müşayiətiylə atamla bir səhnədə çıxış etmək imkanı əldə etmişdim. Bizim ikili debütümüz 1994-cü ildə atamın solo konsertində baş tutmuşdu. Atam hələ də deyir ki, yaşımın azlığına baxmayaraq, hələ o vaxt musiqi və ritmi yaxşı hiss edirdim, bu da səhnədə harmoniya yaratmağa imkan vermişdi.  
 


- Bir dəfə siz atanızla birlikdə Rastropoviçin qarşısında tarda klassik musiqi də ifa etmisiniz...

- 1997-ci ildə baş tutan bu konsert mənim həyatımda vacib yerlərdən birini tutur. Belə böyük musiqiçinin, şəxsiyyətin qarşısında çıxış etmək mənimçün böyük şərəf idi. Düzdür, onda uşaq idim, bu tarixi şəxsiyyətin əhəmiyyətini dərk etmirdim, ancaq böyük insan qarşısında çıxış edəcəyimi bilirdim. Rastropoviçi tanımaqda kitablar və filmlər mənə kömək etdi. Konsert İncəsənət muzeyində keçirilirdi, biz orada təkcə Azərbaycan musiqisini deyil, klassik musiqini də ifa edirdik. Konsert əsl hadisə kimi yadda qaldı, klassik musiqi ata və oğulun ifasında çox savadlı şəkildə ifa edilmişdi. Bizim çıxışımız qonaqlarda güclü təəssürat yaratmışdı, Rastrpoviçdən başqa, gələnlər arasında mərhum prezident Heydər Əliyev də vardı, o da dinlədiyindən riqqətə gəlmişdi. Konsertdən sonra o, Mstislav Rastropoviçlə birgə bizə yaxınlaşdı, Rastropoviçin dedikləri yadımdadır: "Heydər Əliyeviç bu sadəcə möcüzədir”. Bu sözlər mənim əbədi yadımda qalacaq...

- Dirijorluq ən çətin sənətlərdən biri sayılır, axı burada siz bütöv orkestrə başçılıq eləməlisiniz. Siz musiqiçilərlə qarşılıqlı anlayışa necə nail olursunuz? 

- İş burasındadır ki, hətta bu günün özündə də insanlar ümumi qərara gələ bilmirlər ki, dirijor kimdir, heç də hər kəs razılaşmır ki, musiqiçilərlə qarşılıqlı anlayış ancaq kompleks yanaşmadan yaranır. Gəlin ondan başlayaq ki, hər bir orkestr fərqlidir, xüsusilə siz internasional komanda ilə işləyirsinizsə, hər bir xalqa məxsus olan mentalitet fərqliliyini və bəzi xüsusi detalları da nəzərə almadan keçinmək olmaz. Fərq ünsiyyətdə, rəftarda, ifa manerasında, öz işinə yanaşmada və s.-də özünü göstərir  Unutmaq olmaz ki, orkestrdə tez-tez səndən yaşca böyük insanlar da var, ona görə də, dirijor musiqilərlə ünsiyyəti elə qurmalıdır ki, heç kimin xətrinə dəyməsin, o özünü nəzakətli, lakonik, taktik kimi aparmalıdır, musiqiçilərə hörmət etməli, onların yaşını, bacarığını və ustalığını nəzərə almalıdır. 
 


Ən əsası – icazə veriləndən kənara heç vaxt çıxmaq olmaz, bu görünməz sərhədi görmək lazımdır. Bununçün dirijor yaxşı psixoloq olmalıdır. Dirijor üçün vacib olan faktorlar kimi bunları sadalaya bilərəm: musiqiçilik, istedad, manual texnika, xarizma, ünsiyyətcillik, disiplin, özünə-nəzarət, əməksevərlik, inadkarlıq, intuisiya, musiqi bazası, psixologiyanı bilmək, erudisiya və s. 

İş burasındadır ki, musiqiçilər alətlərində çox gözəl ifa edə bilərlər, ancaq onların nəyə görə bir yerə toplandığını, bu və ya digər əsəri oxuduqlarından baş çıxarmaq dirijorun çiyinlərinə düşür. Onun öhdəliklərindən biri də notların arxasından gizlənilənləri hiss etmək, bəstəkarın əsərin içərisinə nə qoyduğunu duymaqdır. Bunu hər kəs edə bilməz.  Bununçün bəstəkarların bioqrafiyasını, onların hansı dövrdə yaratdıqlarını və s. bilmək tələb olunur. Ona görə də dirijor hərtərəfli inkşaf etmiş insan olmalıdır. Əgər sən musiqiçisənsə, bu o demək deyil ki, sən ədəbiyyatı oxumamalısan. Əksinə, yalnız kompleks yanaşmadan sonra sənin yüksək kültürlü bir insan olmağın mümkündür. 

Dirijor orksetrlə əlləri vasitəsilə əlaqə qurur, plastika burada önəmlidir. Orkestrə əl və düşüncələrlə istədiyini vermək olduqca çətindir. Bundan başqa, sən orkestrə hamınızın bərabər olduğunuzu hiss etdirməlisən, onlardan üsün olduğu fikrini formalaşdırsan, heç nə alınmayacaq. Siz hamınız tək bir ideyaya köklənməlisiniz. 
 


- Bu məsələdə bizim musiqiçilərin nəylə fərqləndiklərini bilmək istərdik, məsələn, avropalı musiqiçilərdən? Psixoloji xüsusiyyətləri, maneraları, işə münasibəti və s.-ni nəzərdə tuturam. 

- Musiqi ənənələrini mütləq nəzərə almaq lazımdır, axı Azərbaycan Almaniya, İngiltərə, Fransa, İtaliyayla müqayisədə gənc ölkədir. Əlbəttə, bu ölkələrdən fərqli müqayisə kateqoriyasıq. Ancaq mənim sevindirən odur ki, Azərbaycan musiqi məktəbi yerində saymır, daim inkişaf edir. Bizim musiqiçilərdə xoşuma gələn cəhət özünətəndiqi yanaşmaq və zəhmətkeşlikdir. 

İfa tərzinə gəldikdə isə, bizdə rus və sovet məktəbinin təsiri böyük olub, ona görə də bizim musiqiçilərimiz, xüsusilə simlilər, hündürdən, vurğuyla çalırlar. Bu üslubu musiqiçilərin sonrakı nəsilləri də davam etdirdilər, ancaq hesab edirəm ki, buna yüngüllük gətirməyin artıq vaxtıdır. Bizim rus məktəbindən təsirlənməyimiz yaxşı olub, ancaq bununla məhdudlaşmaq olmaz, inkişaf etmək labüddür. Məsələn, avropalılar səsə daha çox konsentrasiya olurlar, musiqidə traktovkadan qaçırlar. Avropa orkestrləri hərəkətliliyi, dinamikliyi, virtuozluğu, plastikasıyla fərqlənirlər. Bu keyfiyyətlər bizim musiqiçilərdə də var, sadəcə bunları inkişaf etdirmək lazımdır ki, keyfiyyət olaraq başqa mərhələyə keçək. 
 


- Sizcə, buna necə nail olmaq olar? 

- Qastrolların hesabına. Məhz qastrollar musiqiçiyə inkişaf etməyə kömək edir. Birincisi, sərhəddən kənara çıxan musiqiçi başa düşür ki, o ölkəsini təmsil edir və çiyinlərinə düşən məsuliyyəti başa düşür. Nəticədə öz musiqisinə daha böyük məsuliyyətlə yanaşır. İkincisi də öz həmkarlarını canlı dinlmək şansı qazanır. Bu effekti televizorda konsertdə baxarkən almaq mümkün deyi. Üçüncüsü, beynəlxalq konsert salonlarında çıxış etmək misilsiz təcrübədir. 

- Eyyub, siz 2013-cü ildən etibarən Vasiliy Safronov adına Rusiya Dövlət Akademik Filarmoniyasının əsas qonaq dirijorusunuz. Bakıdakı qrafikinizlə məzuniyyətləri necə uyğunlaşdıra bilirsiniz? 

- Belə qədim musiqi kolektiviylə çalışmaq böyük fəxrdir, bu filarmoniyanın 125 illik tarixi və musiqi ənənələri var. Vasiliy Safronov Rusiya musiqi mədəniyyətində ən məşhur və avtoritet simalardan biri olub, o, həmçinin ABŞ-ın ilk konservatoriyasının qurucularından biri sayılır. Təsəvvürünüzə gətirin ki, Safronov filarmoniyasında 9 konsert zalı var. Dəvət olunmuş dirijor kimi mən Rusiya və Azərbaycanda işlərimi uyğunlaşdırmaqda çətinlik çəkmirəm. Xaricdə çıxışlar etmək, təcrübə qazanmaqda mənə kömək edir.
 


Öz konsertlərimə bizim əfsanəvi bəstəkarlarımızın əsərlərini əlavə etmək mənim əsas tapşırığımdır, bu da ki, ölkə incəsənətinin təbliğatı deməkdir. Bu həm də mənim vətəndaş mövqeyimdir, çünki dünyanın hansı nöqtəsində olursaq olaq, öz xalqımızın adını təmsil edirik, orada xaricilər bizim ölkəmiz və xalqımız barədə nəticələr çıxarırlar. Əlbəttə, müəyyən qüvvələr var ki, Qara Qarayev, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının prestijli musiqi zallarında səslənməsinin əleyhinədirlər, ancaq biz bu baryeri aşmağa müvəffəq oluruq. 

- Bizim əsərlər Rusiyada necə qarşılanır? 

- Əla! Yadımdadır, Qara Qaayevin "Don Kixot”u, Fikrət Əmirovun, Niyazinin və digərlərinin əsərləri çalınarkən, artistlər heyran qalmışdılar, publikanın alqışları susmaq bilmirdi, effekt möhtəşəm idi.

- Eyyub, maraqlı söhbətə görə sizə təşəkkür edirik. Biz siz yaradıcı uğurlar və dünyanın ən prestijli musiqi salonlarında çıxışlar arzulayırıq. 

- Təşəkkür!

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb