Hacıbaba Bağırovun həyat yoldaşı kimlərdən narazıdır?

14:10 | 12.06.2014
Hacıbaba Bağırovun həyat yoldaşı kimlərdən narazıdır?

Hacıbaba Bağırovun həyat yoldaşı kimlərdən narazıdır?

Bu gün əfsanəvi mərhum sənətkar, xalq artisti Hacıbaba Bağırovun dünyaya gəldiyi gündür. 
1932-ci ilin iyun ayının 12-də Bakıda anadan olan sənətkarın həyat yoldaşı Arzu Bağırova AzNews.az-a bildirib ki, yaxın çevrədəki insanlarla və sənətkarın bəzi sənət yoldaşlarıyla onun doğum gününü qeyd edəcəklər:
“İndi hər il olduğu kimi qəbir üstünə getməyə hazırlaşırıq. Qəbirüstündən gələndən sonra anam halva bişirəcək. Axşam da bütün yaxınlarımız onun doğum gününü mütləq qeyd edirik.
Teleaparıcı Rövşanə Bektaşi, əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov xanımıyla gələcək. Çingiz Əhmədov bizim ailə adamımızdır. Onlar bizim hər işimizdə yanımızdadırlar. Bunlardan başqa kiminsə adını dəqiqliklə çəkə bilmərəm. Əvvəl rəhmətlik Elçin Həmidov, Lütfiyyə Səfərova gəlirdilər. Amma bütün teatr adamları bilir ki, hər il onun ölüm və doğum günündə qapımız və süfrəmiz açıq olur. Bunu özlərinə də demişəm. 
Hacı dostlarına qarşı tamam başqa insan olub kömək əlini uzadıb. Hətta elə olub ki, öz rollarını da onlara verib”.
Arzu Bağırova bildirib ki, xalq artistinin doğum günündə vaxtilə direktoru və bədii rəhbəri oduğu Dövlət Musiqili Teatrının rəhbərliyindən ona heç bir zəng edilməyib:
“Durum yalandan deyim ki, teatrdan zəng ediblər, düz olmaz. Heç olmasa ötən illərdə İlham Namiq Kamal, Nazim Hacıəlibəyov gəlmişdi. Amma bu rəhbərlik səviyyəsində olmur. 80 illiyində isə teatr rəhbərliyi də qəbirüstünə gəlmişdi”.
Qeyd edək ki, 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb - nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.
1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.
1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpkili rollar oynayıb.
1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Ü.Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Haradasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?"ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" trilogiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
1974-cü ildə Respublikanın əməkdar artisti, 1982-ci ildə Azərbaycanın xalq artisti" fəxri adlarına layiq görülüb.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Sənətkar 2006-cı il oktyabr ayının 10-da dünyasını dəyişib. H.Bağırovun sonuncu evlilikdən bir qızı qalıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb