Mahir Talışlı: "İlk özəl universitetə hətta Təhsil Nazirliyi qısqanclıqla yanaşırdı"

12:28 | 09.12.2014
Mahir Talışlı:

Mahir Talışlı: "İlk özəl universitetə hətta Təhsil Nazirliyi qısqanclıqla yanaşırdı"

ANN.Az-ın suallarını Azərbaycan Universitetinin humanitar fənnlər üzrə dekanı Mahir Talışlı cavablandırıb.

- Azərbaycan təhsilinin bugünkü vəziyyətini necə təhlil edərdiniz?

- Bu gün Azərbaycan təhsili keçid dövrünü yaşayır. Tətbiq olunmuş Baloniya sistemi hələ yeni-yeni öyrənilir, onun dərinliklərinə yeni-yeni varılır. Kiçik nüanslar var ki, onlara əməl etmək insanlardan vərdiş tələb edir. Baloniya sistemində tələbələrin öz üzərinə yük götürməsi daha çox düşür. Yəni işgüzarlıq onların özlərindən asılıdır. Bu sistemdə informasiya mühiti çox aktivdir. Maariflənmə prosesində keçmiş sistemlə müqayisədə müəllim-tələbə münasibətinə deyil, tələbələrin informasiya ilə birbaşa təmasına üstünlük verilir. Ona görə də tələbənin özündən daha çox çalışmaq tələb olunur. Öz istiqamətini müəyyənləşdirmək üçün hər bir tələbə birinci növbədə özü maraqlı olmalıdır. Tələbə özü müəyyən etməlidir ki, hansı istiqamətə gedəcək, harada daha çox müvəffəqiyyət qazana biləcək. Bütün bunlar çox böyük faktordur.


- Özəl universitetlərlə dövlət universitetlərinin fərqi nədə özünü biruzə verir?
 
- Əslində, bu gün özəl və dövlət təhsil müəssisələri arasında hər hansı fərqin olduğunu demək düzgün deyil. Hər iki təhsil ocaqlarında - həm özəl, həm də dövlət universitetlərində eyni proqram əsasında dərs keçirilir. Demək olar ki, eyni müəllimlər özəl və yaxud dövlət universitetlərində çalışırlar. Əvvəllər qəbul prosesində nisbətən az bal toplayan abituriyentlər özəl universitetlərə daxil ola bilirdirlər, amma son 2-3 ildə bu qaydada da aradan qalxıb. Hesab edirəm ki, bu gün sadəcə bir məsələdə seçim var: hansı özəl ali məktəblərdə hansı ixtisas daha çox formalaşıb.

Azərbaycan Universitetinin dekanı olaraq qeyd edə bilərəm ki, bizim universitetdə humanitar yönümlü ixtisaslar, sosial işlərlə əlaqədar ixtisaslar daha sürətlə inkişaf edib. Yəni cəmiyyətin tələbatıda daha çoxdur. Bu səbəbdən xarici əlaqələrə önəm verilir, tələbə mübadiləsi aparılır. Tələbə mübadiləsinin aparılması daha keyfiyyətli mütəxəssislərin hazırlanması üçün bir vasitədir. Yaxşı mütəxəssislərin hazırlanmasını cəmiyyət özü tənzimləyir. Çünki bu gün bazarda yalnız savadlı, istedadlı və fərasətli mütəxəssislərə önəm verilir. Ali məktəblərin rolu yalnız ondan ibarətdir ki, ən savadlı və dövrün tələbatına cavab verə bilən ən peşəkar mütəxəssis hazırlaya bilsin.
 
 
Bu gün biz informatika, kompüter, internet dövründə yaşayırıq. Əgər ölkənin hər hansı bir ucqar nöqtəsində baş vermiş hadisə yarım saat sonra internet vasitəsilə, xəbər agentlikləri vasitəsilə bütün dünyaya yayılırsa, istənilən sahəyə - iqtisadiyyat, yüngül, yaxud ağır sənaye, qida sənayesi, hətta kənd təsərrüfatına belə kompüter proqramlaşması tətbiq olunursa, bu qədər operativlik, dəqiqlik varsa, iş adamları, yaxud işəgötürənlər qeyri-peşəkarları qəbul etməzlər. Bu baxımdan özəl ali məktəblərdə də son 2-3 ildə əsaslı dəyişiklilklər olub və bunun da nəticəsində özəl ali təhsil ocaqlarına meyl artıb. Artıq aşağı bal toplayan abituriyentlər özəl ali məktəblərə qəbul ola bilmirlər. Misal üçün, bu il bizim universitetin humanitar fənlər fakültəsinə qəbul olan tələbələr arasında ən aşağı bal toplayanın 318 balı  olub. Eyni zamanda özəl ali məktəblərin şansı ondan ibarətdir ki, istədikləri mütəxəssisləri dəvət edib, onları dərslə təmin edirlər ki, daha yüksək keyfiyyətli mütəxəssis hazırlasınlar. AMEA-dan, digər ali məktəblərdən mütəxəssislər dəvət edirik. Müəyyən müddətdən sonra onlar arasında yenidən seçim edir, ən uğurlu təhsil kadrı ilə müqaviləni uzadırıq. Bu yolla biz dərslərin yüksək səviyyədə keçirilməsinə nail oluruq. Bu gün cəmiyyət üçün vacib olanı budur.


- Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, sən əgər özəl universiteti bitirmisənsə, gələcəkdə iş tapmaq çox çətin olacaq. Sizcə, belə bir fikir nədən qaynaqlanıb?

- Bu fikirlə razı deyiləm. Digər özəl universitetləri deyə bilmərəm, amma bizim universiteti bitirən tələbələrin 80-85 faizi işlə təmin olunur. Keçən il təkcə ədəbiyyat ixtisası üzrə 6, informatika ixtisası üzrə 8 nəfər bizim universitetin tələbə qəbulunun test komisiyasında uğur əldə edərək işlə təmin olunublar. Tələbələrin dövlət qulluğunda iştirak edib uğur qazanmaları yalnız onların özləri üçün deyil, həm də bizim üçün çox böyük nailiyyətdir.


- Özəl ali təhsil müəssisələrindən jurnalistika, hüquqşünaslıq, tibb ixtisaslarının yığışdırmasını necə izah edərdiniz?

- Özəl ali məktəblərdə bu ixtisaslar üzrə qəbulun dayandırılması birbaşa Təhsil Nazirliyinin göstərişi əsasında həyata keçirildi və sonradan da bu ixtisasların tədrisi geri verilmədi. Azərbaycan Universitetində vaxti ilə beynəlxalq münasibətlər, hüquqşünaslıq ixtisasları tədris olunurdu. Bu ixtisasları bitirən məzunlarımızdan xeylisi hazırda hüquq-mühavizə orqanlarında çalışır. Təkcə hüquqşünaslıq fakültəsindən 8 tələbəmiz dövlət qulluğunda test imtahanında iştirak edərək uğur qazanıb və hakim adına yiyələniblər. Beynəlxalq münasibətləri bitirən tələbələrimizdən bir neçəsi səfirliklərdə çalışırlar. Bu fakültələrə qəbulun dayandırılması bizim özümüz üçün də qeyri – müəyyən oldu. Həmin sahədə dərs deyən müəllimlərimiz də peşəkar kadrlar idi.

Jurnalistika fakültəsinin tələbələrinin universitet daxilində veriliş hazırlaması, öz studiyalarını qurması hər kəsin marağına səbəb olmuşdu. Çox təəssüflə olsun ki, bizim bu qədər çalışmağımız, səy göstərməyimiz yarımçıq qaldı. Həmin ixtisaslar yığışdırıldı. Amma biz Təhsil Nazirliyi qarşısında, digər əaqədar qurumlar qarşısında bu məsələni yenidən qaldıracayıq ki, həmin ixtisaslar geri qaytarılsın. Çünki bizim həmin sahədə uğurlarımız get-gedə artırdı.


- Hər il dünyanın ən məhşur universitetlərinin siyahısı dərc olunur. Amma indiyə qədər Azərbaycanın nə özəl, nə də ali məktəbi nəinki ilk onluğa, iyirmiliyə, heç 50-liyə belə düşə bilmir. Sizcə, bu nə ilə əlaqədardır?

- Bununda səbəbləri var. Hesab edirəm ki, Azərbaycanın hələ gənc dövlət olması, eyni zamanda təhsil sisteminin fəlsəfəsi ilə bağlıdır. Təhsil, elm elə bir sahədir ki, 5-10 ilə ondan nailiyyət gözləmək çətindir. 4-5 ildir ki, təhsilimizə Baloniya sisemi tətbiq olunub. Amma Avropa ölkərində bu sistemin tarixi xeyli vaxtdır. Bu sistemin oturuşması, inkişaf etməsi və uğurlar verməsi üçün vaxt lazımdır. Hazırda universitetlərimizin çoxu, elə həmçinin bizim universitet də Avropa, yaxud dünyanın bir neçə universitetləri ilə əməkdaşlıq edir, tələbə mübadilsə aparır. Amma dünya universitetlərinin siyahısinda ilk 10-luğa, yaxud 20-liyə düşmək üçün xeyli vaxt lazımdır.

Xatırlayıram ki, Azərbaycanda ilk özəl ali məktəb yarananda və fərqli tədris proqramı əsasında dərs keçiriləndə hətta Təhsil Nazirliyi buna qısqanclıqla yanaşırdı. Bunun da əsasında o dayanır ki, biz sovet təhsil sistemindən qurtula bilmirdik. İnanıram ki, təhsil sisteminə tətbiq olunacaq islahatlar bizim ali təhsil ocaqlarımızı - istər dövlət, istər özəl universitetlərinin nüfuzunun qalxmasına səbəb olacaq.

Sonda tələbələrə onu demək istəyirəm ki, universitet tələbəyə tək diplom vermir, həm də tələbənin gələcək həyatı üçün önəmli rol oynayır. Tələbələr cəmiyyət üçün, Azərbaycanımız üçün yararlı mütəxəssis kimi yetişməlidirlər və ən əsası yaxşı vətəndaş olmalıdırlar. Ən yaxşı kadrdan ən birinci yaxşı vətəndaş olmaq tələb edilir. Yaxşı vətəndaş və yaxşı kadr olan şəxs bütün potensialını  rahatlıqla vətəninə sərf edə bilir.

Orxan Aslanlı

ANN.Az





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb