Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşanı izləyiblər.
Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən, müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı "Wadi AlFann"ın sifarişi ilə hazırlanan tamaşa rejissor və xoreoqraf Əkrəm Xanın son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan layihə üzərində vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib.
Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir və mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.
Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib.
Əsərin vizual tərtibatı "Wadi AlFann"ın rəssamı Mənal Əl-Dovayan tərəfindən hazırlanıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
"Zikra" layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə obrazların rolunu və simvolik mənasını vurğulayır.
Səhnə əsəri Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq ərsəyə gətirilmiş dünya premyerası 2025-ci ilin yanvarında baş tutub.
Son xəbərlər
Daha çox