SOCAR Türkiyə layihələri üçün yeni baş plan hazırlayır

15:21 | 19.03.2024
SOCAR Türkiyə layihələri üçün yeni  baş plan hazırlayır

SOCAR Türkiyə layihələri üçün yeni baş plan hazırlayır

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır. Bu barədə "SOCAR Turkiye Enerji”nin (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) baş direktoru Elçin İbadov deyib.

"Türkiyə enerjisi üçün vacib komponentlərdən biri olan neft-kimya sahəsində yeni layihələr hazırlayacağıq. Bilik və təcrübəmizdən istifadə edərək, investisiya alternativlərini qiymətləndirdiyimiz master plan üzərində işləyirik. Biz çalışırıq ki, alternativin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün yaxın aylarda işə başlayaq ki, bu da, fikrimizcə, ölkələrimiz üçün ən dəqiq və effektiv töhfə verəcək”, -  İbadov Türkiyənin "Dünya” qəzetinə müsahibəsində bildirib. 

 İbadov qeyd edib ki, SOCAR 15 il ərzində Türkiyədə layihələrə ümumilikdə 18,3 milyard dollar investisiya yatırıb.

"SOCAR Türkiyə, yol xəritəsinə uyğun olaraq, neft emalı və neft-kimya sahəsi olan əsas fəaliyyət istiqamətlərinə strateji sərmayələr yatırmaqla gələcəkdə istehsal imkanlarını, kommersiya və əməliyyat bacarıqlarını ən yüksək standartlara çatdıracaq”, -  İbadov vurğulayıb.

O, əlavə edib ki, neft-kimya məhsullarının beynəlxalq ticarəti, elektrik enerjisi və təbii qaz ixracının artırılması, logistika və saxlama sistemlərinin etibarlılığının artırılmasına investisiyalar və davamlı aviasiya yanacağı əməliyyatları kimi artım layihələri də "şirkətin gündəliyindədir”.

İbadov şirkətin Türkiyənin qaz sektorundakı fəaliyyətinə toxunaraq qeyd edib ki, "SOCAR Turkiye Enerji” qaz təchizatının davamlılığını və səmərəliliyini təmin etmək üçün artıq çalışdığı Türkiyə əyalətlərinə yeni investisiyalar yatırmaq niyyətindədir.

"Müştərilərimizin ehtiyacları əsasında paylama şəbəkələrini genişləndirməklə bu sahədə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq. Dayanıqlı inkişaf bundan sonra da bizim əsas diqqət etdiyimiz sahələrdən biri olacaq. Bütöv bir strategiya vasitəsilə biz enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin sayını artıracağıq, həmçinin Türkiyədə ekoloji cəhətdən təmiz məhsulların inkişafı vasitəsilə karbonsizləşdirməni sürətləndirəcəyik. Rəqəmsal transformasiyaya diqqət yetirdiyimizə uyğun olaraq, biz də  modernləşdirilmə və optimallaşdırılma üzrə səylərimizi davam etdiririk”, - İbadov bildirib.

O əlavə edib ki, şirkət bundan sonra da insan resurslarımızın inkişafına dəstək verəcək və bu sahədə yeni təcrübələr tətbiq edəcək.

SOCAR Turkiye Enerji 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya sektorları və təbii qaz ticarəti sahəsində investisiya layihələrini həyata keçirmək üçün yaradılıb.

"SOCAR Turkiye Enerji” Türkiyənin "Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət paketinin (51%) sahibidir. Türkiyədə şirkət həmçinin STAR neft emalı zavodu, konteyner terminalı, elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə neft məhsulları tədarükü ilə məşğuldur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb