Ulduz idmançılar Azərbaycana gəlir

15:12 | 15.11.2019
Azərbaycan Gimnastika Federasiyası üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq.

Unikal.org AGF-yə istinadən xəbər verir ki, növbəti ildə federasiya tərəfindən nə az, nə çox, Dünya və Avropa Çempionatları da daxil tam 8 beynəlxalq yarış təşkil ediləcək.

İlk olaraq beynəlxalq yarışlara batut gimnastikası və tamblinq üzrə lisenziya xarakterli Dünya Kuboku ilə start veriləcək. Fevralın 15-16-da keçiriləcək bu yarışda ilkin qeydiyyat siyahısına əsasən artıq 26 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 238 gimnast da daxil nümayəndə heyətləri tərkibində ümumilikdə 400-dən çox şəxsin iştirakı gözlənilir.

Martda Milli Gimnastika Arenasında (MGA) baş tutacaq növbəti yarışlar isə kişi idman gimnastikası üzrə "AGF Junior Trophy” adlı beynəlxalq turnir və Tokio-2020 Olimpiya Oyunlarına daha bir lisenziya xarakterli yarış – idman gimnastikası üzrə Dünya Kubokudur. "AGF Junior Trophy” turniri martın 7-8-də,  Dünya Kuboku isə 1 həftə sonra - martın 12-15-də təşkil ediləcək.

İlkin qeydiyyat siyahısına əsasən Dünya Kubokunda iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Bu yarış üçün 321 gimnastın da daxil olduğu nümayəndə heyətlərinin tərkibində təxminən 760 şəxs Bakıya təşrif buyuracaq.

Bədii gimnastika üzrə yarışlar isə ənənəyə uyğun olaraq aprel ayında keçiriləcək. Aprelin 17-19-də Bakıda ilk dəfə Yana Batırşinanın Mükafatları uğrunda bədii gimnastika üzrə 7-ci Açıq turnir, aprelin 24-26-da isə bədii gimnastika üzrə ənənəvi Dünya Kuboku təşkil olunacaq.
Qeyd edək, bədii gimnastika üzrə ənənəvi Dünya Kubokunun iştirakçıları da Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bu yarış üzrə ölkələrin ilkin iştirak siyahısı isə dekabrda bəlli olacaq.

May ayında isə Azərbaycan daha irimiqyaslı beynəlxalq yarışlara ev sahibliyi edəcək. Aerobika gimnastikasının ölkəmizdə 2013-cü ilin sonlarından etibarən inkişaf etdirilməsinə baxmayaraq, bu növ üzrə Dünya Yaş Qrupu Yarışları (8-10 may) və Dünya Çempionatının (14-16 may) təşkili 2020-ci ildə məhz Azərbaycana həvalə olunub. Xatırladaq ki, 2019-cü ilin may ayında ilk dəfə olaraq Bakıda aerobika gimnastikası üzrə Avropa Çempionatı uğurla keçirilmişdi.
Mayın 27-31-də isə ölkəmizdə ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa Çempionatı təşkil ediləcək. Qitənin ən güclü idmançılarının toplaşacağı bu yarış da iki ay sonra baş tutacaq Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarına vəsiqə qazandıracaq son yarış olacaq.
İdmansevərlər dünya gimnastikasının ulduz idmançılarının həyəcan dolu və maraqlı çıxışlarını MGA-da izləyə biləcəklər. 

www.anews.az
loading...

Xəbər lenti