Deputat AŞPA-da “Qarabağ” komandasından danışdı

17:17 | 24.01.2018
Deputat AŞPA-da “Qarabağ” komandasından danışdı

Deputat AŞPA-da “Qarabağ” komandasından danışdı

Bu gün Ağdamın "Qarabağ” futbol klubu rəqiblərini doğma şəhərində qəbul edə bilmir: bunun səbəbi Azərbaycanın Ağdam rayonunun artıq 25 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olmasıdır.

Anews.az verir ki, bu fikri AŞPA-nın qış sessiyasının plenar iclasında müasir idmanda və futbolda yaxşı idarəçiliyə dair məruzələr dinlənildikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında səsləndirib.

Futbolun vətəni olan Avropada bu idman növündən çox danışmağa ehtiyacın olmadığını bildirən deputat son illərdə Ağdamın "Qarabağ” klubunun müvəffəqiyyətlərindən bəhs edib, ilk dəfə olaraq milli klubumuzun liqalar turnirinə vəsiqə qazandığını, güclü futbol klubları ilə oyunlarda əldə etdiyi qələbələrlə hər kəsi təəccübləndirdiyini bildirib.

Millət vəkili əlavə edib ki, klubun üzvləri zəfərlərinin sevincini yaşaya bilmirlər, çünki onlar rəqiblərini doğma şəhərdə – Ağdamda qəbul edə bilmirlər. Ermənistan silahlı qüvvələrinin "Qarabağ” klubunun vaxtilə rəqiblərini qəbul etdiyi stadionu da yerlə-yeksan etdiyini diqqətə çatdıran R.Rzayev bütün dünyanın bu işğaldan xəbəri olduğunu bildirərək vurğulayıb ki, təcavüzkarı beynəlxalq hüquqa riayət etməyə, işğal altındakı ərazilərdən geri çəkilməyə məcbur etmək lazımdır:

"Təəssüflər olsun ki, ikili standartlar siyasəti aparıldığı üçün Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Əgər ikili standartlar olmasaydı, bəlkə də, münaqişə öz həllini tapar və gənc futbolçular rəqiblərini öz doğma yurdlarında qəbul edə bilərdilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM