Milyonçunun səfil sonluğu... - FOTOLAR

09:24 | 30.07.2015
Milyonçunun səfil sonluğu... - FOTOLAR

Milyonçunun səfil sonluğu... - FOTOLAR

O adi bənnalıqdan milyonçu olmağa qədər yüksəlmişdi. Amma tale ona  həyatının sonunda da ehtiyac içərisində yaşamağı qismət eləmişdi.

Bura onun Mərdəkandakı bağ evidir. Yerli sakinlərin söylədiklərinə görə, ömrünün son günlərini bu evdə keçirib. İndi bu evin keçmiş dəbdəbəsindən əsər-əlamət belə yoxdur. Həyətə daxil olub qaranlıq binaya yaxınlaşıram. Əvvəlcə hansı tərəfə gedəcəyimi bilmədim. Dəhlizin sol tərəfində yerləşən qapının arasından zəif işıq süzülürdü. Qapını astaca tıkkıldatdım. İçəridən solğun bənizli, gözündə eynək olan və ilk baxışdan xəstə olduğu görünən ortayaşlı bir kişi boylandı. Özümü təqdim edib məşhur milyonçunun evindən fotoreportaj etmək istədiyimi dedim. Razılaşdı və biz birlikdə binanın içərisini gəzməyə başladıq.

Bələdçimin sözlərinə görə, o, bura əvvəl, sovet dönəmində xəstəxana olub. Hazırda yenə də Səhiyyə Nazirliyinin balansındadır, guya Ağ-ciyər Sanatoriyasıdır. Amma bura nəinki dincəlmək üçün, heç bir saat qalmaq, oturub-durmaq üçün belə münasib deyildi. 

Bu evdə sahibinə dair tək bir nişanə rütubətli və xarabaya oxşar qaranlıq otağın suvağı tökülmüş divarında olan rəsmi idi... Şəkildən bizə gözlərini dikmiş şəxs Hacı Zeynalabdin Tağıyev idi. Azərbaycanın milyonçusu, səxavəti ilə, insanlara etdiyi yaxşılıqları ilə seçilən, paytaxt Bakının ən gözəl binalarını tikdirib bizə miras qoyub gedən şəxs. 

Bizim ona hörmətimiz nədir? Ətrafa baxıram - sınıq-sökük otaqlar, adamın başına ucan tavan, qırıq-qırıq olmuş döşəmə...

Fərqanə Novruzova
Fotolar müəllifindir


 














































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb