Moskvada Məmməd Arazın yubileyi keçirildi

20:02 | 25.11.2013
Moskvada Məmməd Arazın yubileyi keçirildi

Moskvada Məmməd Arazın yubileyi keçirildi

Moskvanın Millətlər Evində Azərbaycanın Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş gecə keçirilib. 

ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumat görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayəti nümayəndəliyinin “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti ilə birlikdə keçirdiyi tədbirdə Məmməd Araz poeziyasının pərəstişkarları, ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşları, Moskva ədəbi dairələrinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gecənin təşkilatçılarından biri, ÜAK-ın Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbəri Araz Mürsəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ədəbiyyatımızın görkəmli nümayəndəsinin 80 illik yubileyinin həm ölkəmizdə, həm də onun sərhədlərindən kənarda qeyd olunması böyük sənətkarın xatirəsinə ehtiramın və ümumxalq sevgisinin ifadəsidir. Böyük vətənpərvər şairimizin xatirəsinə və irsinə hörmətlə yanaşılması hər bir azərbaycanlı kimi, bizim də mənəvi borcudur.

Tədbirdə çıxış edən “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov Məmməd Arazın həyat və yaradıcılığı barədə məlumat verib, onun dərin ictimai məzmunlu lirikasının böyük təsir gücündən danışıb.

“Şəhriyar” cəmiyyətinin üzvü, şair Sultan Mərcili çıxışında vurğulayıb ki, Məmməd Araz Azərbaycan tarixinin XX əsrdə baş verən sarsıntıları qarşısında büdrəməyərək həmişə öz ideallarına sadiq qalıb, xalqın arzu və istəklərini, ağrı-acılarını öz əsərlərində əks etdirməklə ona mənəvi dəstək olub.

Tanınmış rus şairi və tərcüməçisi Sergey Karatov təəssüf hissi ilə qeyd edib ki, müasir Azərbaycan poeziyasının bir çox görkəmli nümayəndələri ilə tanış olsa da, Məmməd Arazı şəxsən tanımaq xoşbəxtliyi ona nəsib olmayıb. Bununla belə, Məmməd Araz poeziyasının vurğunu olduğunu deyən S.Karatov, şairin yubileyi münasibətilə yazdığı şeiri oxuyub.

Rusiyada fəaliyyət göstərən “Dərviş” teatrının aktyoru Şirzad Pirallahı, hərbi vətənpərvərlik mövzusunda şeir və mahnıların tanınmış ifaçısı Şəmistan Əlizamanlı və başqalarının ifasında Məmməd Araz poeziyasından nümunələr və şeirlərinə yazılmış mahnılar səslənib. Moskva Dövlət Linqvistika Universitetinin müəllimi, professor Bella Musayevanın tələbəsi Yana Juravlyova Məmməd Arazın “Dünya sənin, dünya mənim” şeirini Azərbaycan dilində ifa edib.

Yubiley gecəsində xalq şairinin həyat və yaradıcılığında bəhs edən film nümayiş olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb