• $ 1.7
  • € 1.9672
  • ₽ 0.020995
  • ₺ 0.0402
  • £ 2.232

Prezident assambleya iştirakçılarına müraciət edib - Yenilənib

Prezident assambleya iştirakçılarına müraciət edib - Yenilənib
12.10.2025 17:57

Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərində keçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalət mühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təmin olunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıram.

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür.

Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmiz və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır. 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur. 30 il əvvəl – 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəmə sistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir. İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolunun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir. Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır.

Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir.

Sizi Bakıda bir daha ürəkdən salamlayır, 67-ci illik iclasın işinə uğurlar arzulayıram".

17:25

Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib.

Müraciəti Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev elan edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Prezident ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
Siyasət 10:11
Prezident ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib

Azərbaycanla Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb
Siyasət 16:55
Azərbaycanla Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Siyasət 16:44
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Paşinyan Azərbaycanla danışıqlara dair sənədləri dərc edəcək
Siyasət 14:36
Paşinyan Azərbaycanla danışıqlara dair sənədləri dərc edəcək

Azərbaycan MN Türkiyəyə başsağlığı verib
Siyasət 10:26
Azərbaycan MN Türkiyəyə başsağlığı verib
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Siyasət 22:10
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 20:58
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Ərdoğana zəng edib - Yenilənib
Siyasət 17:51
Prezident Ərdoğana zəng edib - Yenilənib
Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Siyasət 17:15
Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol