Hikmət Hacıyev: Trampın səyləri Cənubi Qafqazda yeni dövr açıb
ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində səyləri Cənubi Qafqazın strateji mənzərəsini dəyişdirib və ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ açıb.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev bunu Newsmax-ın baş direktoru Kristofer Ruddi ilə müsahibəsində bildirib.
“Prezident Tramp və onun bu vəzifəyə gəlişi ABŞ və Azərbaycanın əməkdaşlığını və tərəfdaşlığını tamamilə dəyişib. Ən əsası isə sülhdür. Və o, Cənubi Qafqaz regionuna sülh gətirdi”, - Hacıyev deyib.
Hacıyev Trampın 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü “tarixi an” adlandırıb. Onun sözlərinə görə, Trampın siyasi dəstəyi Azərbaycan və Ermənistanı sülh prosesində irəliləməyə gətirib.
Hacıyev əldə olunan nəticənin potensial əhəmiyyətini Yaxın Şərqdəki Kemp-Devid sazişləri ilə müqayisə edib.
Müsahibədə Azərbaycanın geosiyasi mövqeyi də əsas mövzulardan biri olub. Hacıyev “Coğrafiya bizim taleyimizdir” deyərək Azərbaycanın Rusiya və İran arasında yerləşdiyini, Türkiyə ilə Naxçıvan vasitəsilə sərhədə malik olduğunu və Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və enerji bağlantısı yaratdığını qeyd edib.
İranla bağlı Hacıyev bildirib ki, Bakı regionda gərginliyin artmasına baxmayaraq, diplomatik həll imkanlarının mövcudluğuna inanır və daha geniş qarşıdurmanın qarşısının alınmasına töhfə verməyə hazırdır.
“Biz inanırıq ki, bütün həll olunmamış məsələlərin sülh yolu ilə həlli üçün daha böyük şans var”, - o deyib.
Hacıyev Azərbaycanın İranın daxili işlərinə qarışmamaq siyasətini davam etdirdiyini və qonşu ölkədə “sülh, əmin-amanlıq və sabitlik” arzuladığını bildirib.
Azərbaycanın İsraillə münasibətlərinə toxunan Hacıyev iki ölkə arasında müdafiə və texnologiya, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın olduğunu deyib. O, Azərbaycandakı yəhudi icmasının ölkənin ictimai həyatında mühüm rol oynadığını vurğulayıb.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı Hacıyev Azərbaycanın həm Moskva, həm də Kiyevlə münasibətləri qoruduğunu və münaqişəni faciə kimi qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, tərəflər Azərbaycandan yardım istəsə, Bakı sülh səylərinə töhfə verməyə hazırdır.
Enerji məsələsində Hacıyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu vurğulayıb. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına qaz tədarük edir.
Hacıyev həmçinin ABŞ-Azərbaycan münasibətlərində yeni strateji tərəfdaşlıq mərhələsinin başladığını bildirib. Onun sözlərinə görə, tərəflər strateji tərəfdaşlıq haqqında yeni memorandum hazırlanması barədə razılığa gəliblər.
“Prezident Tramp və Prezident İlham Əliyev ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni bir dövr təklif ediblər”, - Hacıyev deyib.
O, Azərbaycanın ABŞ üçün “etibarlı tərəfdaş” olaraq qalacağını və iki ölkə arasında strateji əməkdaşlığın inkişaf edəcəyini bildirib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox