Regionda yeni neft müharibəsi

18:30 | 09.04.2016
Regionda yeni neft müharibəsi

Regionda yeni neft müharibəsi

İran dünya bazarında nefti digər region qonşuları ilə müqayisədə 2,43 dollar ucuz satmağı qərara alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Bloomberg” agentliyi İranın milli neft  şirkəti  NIOC-da olan mənbəsinə istinadən bildirib. Məlumata görə, NIOC-un Forozan Blend markalı nefti istehlakçılara Oman və Birləşmiş Ərəb Əmirliklərinin neftinin orta qiymətindən 2,43 dollar ucuz satılacaq. 

Şirkətdəki mənbə bildirib ki,  Fo​rozan Blend neftinin bareli Səudiyyə Ərəbistanının "Saudi Aramco” neft şirkətinin istehsal etdiyi Arab Medium neftinin barelindən 3 sent ucuz satılacaq. Halbuki hələ fevral ayında Forozan Blend markalı neftin bareli Arab Medium neftinin barelindən 7 sent baha idi. Iranian Light markalı neft isə  asiyalı istehlakçılara eyni sort digər Yaxın Şərq neftləri ilə müqayisədə 60 sent ucuz satılacaq. Qiymətin aşağı salınması ağır neft sortlarına da şamil olunacaq.  


"CTD Energy Services” şirkətinin strateji istiqamətlər üzrə rəhbəri Con Driskoll "Bloomberg”ə bildirib ki, İran və Yaxın Şərq ölkələrinin neft nəqli üzrə əsas rəqabət meydanı Asiya olacaq, amma Aralıq dənizi və Şimal-Qərbi Avropa ölkələri də bu sıraya daxil ola bilər.

Amma "Thomson Reuters” agentliyinin Moskva  ofisinin baş redaktoru  Aleksandr Yerşov bildirib ki, İranın Asiyada aşağı qiymətlərə əl atması ümumi bazardakı diskont siyasətinin tərkib hissəsi olacaq. "Bloomberg” agentliyinin yazdığına görə, bu il İran Rusiyaya da rəqib ola bilər və rus neftinin ənənəvi satış bazarlarında gizli şəkildə ucuz qiymətə öz neftini təqdim edə bilər.

Bütün bu hadisələrin fonunda Tehran gündəlik neft hasilatını artıraraq 4 milyon barelə çatdırmaq istəyir. Hazırda İranın orta gündəlik hasilatı 3,2 milyon barel olub. Bu, bir sıra ölkələrin göstəricisindən xeyli aşağıdır. Məsələn, İraqın orta günlük hasilatı 4,35 milyon barelə, Səudiyyə Ərəbistanının günlük hasilatı 10,19 milyon barelə, Rusiyanınkı isə  10,91 milyon barelə bərabərdir.

Səudiyyə Ərəbistanı əvvəlki kimi İranın neft bazarlarına ekspansiyasını narazılıqla izləyir. İrandan neft idxalını azaltmaq üçün Səudiyyə Ərəbistanı aprelin əvvəlindən öz limanlarına bu ölkənin tankerlərinin girişinə məhdudiyyət qoyub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM