Rüstəm Hüseynov: “Fotoqrafiya – mənim ehtirasımdır” MÜSAHİBƏ

15:57 | 17.09.2015
Rüstəm Hüseynov: “Fotoqrafiya – mənim ehtirasımdır” – MÜSAHİBƏ

Rüstəm Hüseynov: “Fotoqrafiya – mənim ehtirasımdır” MÜSAHİBƏ

ANN.Az tanınmış azərbaycanlı fotorəssam Rüstəm Hüseynovla müsahibəni oxucularına təqdim edir: 

- Rüstəm, hansı sahə üzrə təhsil almısınız?

- Birinci ixtisasıma görə hüquqşünasam, ikinci təhsilim isə iqtisadiyyatla bağlıdır. 

- İtaliyaya səfəriniz nə ilə bağlıdır?

- İtaliyan Renessansının incəsənət tarixindəki rolunu öyrənməyə gedirəm. Bu cərəyanın mənbələri mənimçün maraqlıdır. Mən həmin dövrdə yaşayıb-yaratmış rəssamların yaşadığı və işlədiyi evlərin, kilsələrin, monastırların olduğu məkana gedirəm. Bir çox şedevrlər əslində kitablarda və saytlarda göründüklərindən fərqlidirlər. Bundan başqa, rəssamların motivasiyasını və qərarlarını bilmək üçün onların həyatını və yaşayış şərtlərini bilmək də vacib rol oynayır. 
 


-Avropaya səyahətiniz zamanı hansı ölkələrə baş çəkmək şansı qazandınız və onlar sizdə hansı təəssüratlar yaratdı?

- Bu yay mən Toskananın bir çox şəhərlərində, Florensiyadan tutmuş Syena, Lukka, Piza, Pitoyyaya qədər oldum, həmçinin Barselona və Jironaya da baş çəkməyə fürsət tapdım. 

Adlarını sadaladığım şəhərlər arasında Jirona xüsusilə xoşuma gəldi, köhnə şəhərin qotik arxitektura ansamblı heyratamiz şəkildə qorunub saxlanılıb, bu şəhər ispan qotikinin möhtəşəm nümunəsidir. Təsadüfi deyil ki, kult serial "Taxt savaşları”nın bu ilki mövsümümünün əsas çəkilişləri bu şəhərdə baş tutacaq. 
 

 
Vulkan partlayışı nəticəsində lavalar altında qalmış əfsanəvi Pompey şəhərinin də adını çəkməsəm olmaz. Savadlı şəhərsalma nümunəsi kimi bu nağılvari şəhər hələ də insanı heyran edir, dağıntılar altında qalsa da, bu "şəhər-bağ” möhtəşəm sübutdur ki, hətta primitiv şərtlər daxilində onu yenidən yaratmaq olar. Bu, ayrıca söhbətin mövzusudur, bu barədə saatlarla söhbət etmək olar.  

- Siz "Art” qəzetinin baş redaktorusunuz. Mümkünsə, qəzetdəki işləriniz barədə danışardınız.
 
- Qəzetdə ölkəmizdə baş verəm maraqlı mədəni hadisələr barədə yazılar, orijinal sərgilər və plenerlər barədə məlumatlar dərc edirik, həmçinin müasir rəssamlarımız barədə mümkün olduğu qədər geniş informasiya verməyə çalışır, gənc istdadlarını uğurları barədə geniş ictimaiyyətə məlumatlar veririk. 

-  Siz məşhurluğu fotoqraf kimi qazansanız da, həmçinin yazıçılıqla məşğul olursuz və "Tamqa” adlı almanax buraxırsız. Nə barədə yazırsız, oxucular sizin almanaxınızda nələrlə tanış ola bilərlər? 

- Mənim ədəbi yaradıcılığımın əsasını insanlar və onların həyata münasibəti təşkil edir. Bu məntiqə çətinliklə sığışan çox maraqlı mövzudur. Kimlərsə aza qane olurlar və həyatlarının hər anından zövq alırlar, kimlərsə isə bütün dünyanı əldə etsələr, yenə razı qalmazlar. Bəzən insanlar mənəvi cəhətdən keçmişdə ilişib qalırlar və heç cür dəyişən şəraitə uyğunlaşa bilmirlər, bacardıqları qədər keçmişdə yaşamağa çalışırlar. Mənim qəhrəmanlarımın demək olar ki, hamısı real həyatdan götürülmüş obrazlardır, oxucular orada öz yaxınlarını görə bilərlər. 
 


 
- Sizi tez-tez təkcə fotoqraf yox, həm də fotorəssam adlandırırlar. Bunun səbəbəni bizə deyə bilərsinizmi? 

- Mənə görə fotorəssam təkcə anı tutmağa çalışan insan yox, həm də şəklinə estetik dəyər qatmaq istəyən kəsdir. 
 



- Sizin yaradıcılığınızda küçə fotoqrafiyası vacib yer tutur. Küçə fotoqrafiyasına bu qədər populyarlıq qazandıran hansı xüsusiyyətlərdir? 

- Maraqlı süjetlərdəki çoxobrazlılıq, gözlənilməzlik və coşğunluq, axı sən heç bir zaman deyə bilməzsən ki, nə qədər sayda yaxşı an tuta biləcəksən. 
 



- Heç də hamı şəhər və kənd peyzajını fərqləndirə bilmir. Bu anlayışın sərhədləri barədə danışa bilərsinizmi? Məsələn, meqapolisdə mövcud olan gölün peyzajına hansı nöqteyi nəzərdən yanaşmaq lazımdır? 

- Bu şəhər peyzajıdır. Fərq odur ki, peyzajın əsas mövzusu nədir. Şəhər peyzajında binalar və memarlıq dominantlıq təşkil edir. 
 



- Fotoqrafiyada minimalizm nə deməkdir və o sizin yaradıcılığınızda hansı yeri tutur? 

- Minimaliz kompozisiyanın sadəliyi və lakonikliyi, detalların bütünlüklə yoxluğu, artıq şeylərin olmamasıdır. Nə zamanki mən şəklin mənasını birbaşa, əlavə mətnsiz və yaxud əlavə parlaq elementlərsiz çatdırmağa çalışıram, onda minimalizmə üstünlük verirəm. 
 



- Mümkünə "keyfiyyətli şəkil” anlayışının dəqiq tərifini verərdiniz. Məsələn, proporsiyalara necə əməl edilməli, fon düzgün necə seçilməlidir və s...

- Bir sözlə cavab verəcəm – harmoniya. Bunu necə öyrənmək olar? Kompozisiyalar barədə dərsliklər vasitəsilə, köhnə ustaların işlərini öyrənməklə və özünün gözəlliyi duymaq qabiliyyətinlə. Və yaxud da "şedevr” düyməsi olan kamera tapmaqla (gülür). 
 



- Bəs makrofotoqrafiyanın xüsusiyyətləri nədir? 

- Bu janrın texniki keyfiyyətlərinin tələblərini bilməklə, həmçinin fotoqrafın istisnasız diqqətiylə makrofotoqrafiya işləri ortaya qoymaq olar. Və əlbəttə ki, bahalı linzalar olmalıdır, bu janrda optikasız keçinmək mümkün deyil. 
 



- Nəyə görə bir çox fotoqraflar, həmçinin siz tez-tez ağ-qara şəkillər çəkməyə üstünlük verirsiniz? Səbəb nədir?

- Əlavə maneə olan detalları aradan qaldırmaq və fotonun əsas mövzusuna fokuslanmaq üçün. 
 



- Ən çox hansını çəkməyi xoşlayırsınız? İnsanları, peyzajı, memarlığı..?

- Emosiyaları. Mən çalışıram ki, güclü, səmimi hissi tuta bilim. Bəzən bu alınır.
 


 
- Yenicə başlayan fotoqraflara nə məsləhət verərdiniz?

- Kompozisiyaları öyrənsinlər, texnikayla işləmək qaydasını bilsinlər, bir də kameranı top-modellərə tərəf tuşlamasınlar, fetiş-kulta baş qoşmasınlar...
 




- Rüstəm, sonda bu sualı vermək istərdim: sizinçün fotoqrafiya nə deməkdir: iş, sevimli məşğuliyyət, yoxsa..?

- Bu mənim ehtirasımdır. 
 


- Maraqlı söhbətə görə təşəkkür edirik. Sizə yeni layihələr, orijinal kadrlar və yeni fotosərgilər arzu edirik.

- Çox sağolun!

Söhbətləşdi: Rüstəm Qasımov

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb