MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür

21:42 | 25.08.2015
MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür

MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür

MSKSeçki Məcəlləsinin 29-cu maddəsinə görə, MSK ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə təqdim etdiyi məlumatlar əsasında hər 5 ildən bir 125 seçki dairəsi yaramalıdır. Seçki dairələri seçicilərin orta təmsilçilik norması əsasında qurulur. Orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir.

Bu il noyabrın 1-də Milli Məclisə seçki keçiriləcək. Transparency.az-a danışan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib ki, seçki dairələrini yenidən yaratmağa (Mövcud seçki dairələri) ehtiyac yoxdur: "Bu və ya digər dairədə seçki məntəqələrinin sayının dəyişməsi, seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması kimi dəyişikliklər həmişə olur. Bunun üçün 5 il gözləmirik, hər il seçici siyahıları yenidən təsdiqləndikdə Mərkəzi Seçki Komissiyası bu məsələləri həll edir. Dairələrin 5 ildən bir yaradılması öhdəliyi yoxdur. Zərurət yarananda hüdudlarda dəyişiklik ola bilər”.

Transparency.az bildirir ki, Mərkəzi Seçki Komissiyası son dəfə 13 oktyabr 2014-cü il iclasında 6 seçki dairəsinin hüdudlarında dəyişiklik edib (Qərar). O zaman əsas yenilik 2 seçki dairəsi ilə bağlı olub. 44 saylı dairə Sumqayıt-Xızı seçki dairəsi, 50 saylı dairə isə Abşeron-Qobustan seçki dairəsi adlandırılıb.

Bu il avqustun 19-da isə Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması barədə qərar çıxarıb. Qərar əsasən, 8 saylı Binəqədi birinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 46 saylı Şirvan, 55 saylı Xaçmaz şəhər, 58 saylı Hacıqabul-Kürdəmir, 60 saylı Salyan-Neftçala, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 84 saylı Füzuli, 86 saylı İsmayıllı, 91 saylı Ucar, 104 saylı Gədəbəy-Tovuz, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM