Partlamamış hərbi sursatın məktəbdə nə işi var? - Direktor danışdı - VİDEO

20:30 | 24.10.2018
Partlamamış hərbi sursatın məktəbdə nə işi var? - Direktor danışdı - VİDEO

Partlamamış hərbi sursatın məktəbdə nə işi var? - Direktor danışdı - VİDEO

Dünən "ANAMA"nın 175 nömrəli tam orta məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ partlamamış hərbi sursatın aşkar olunması ilə bağlı yaydığı məlumat valideynlərin narahatlığına səbəb olub. 

Anews.az xəbər verir ki, qafqazinfo sözügedən məktəbə baş çəkib və direktor Tural Mirzəliyevlə görüşüb. O, açıqlamasında bildirib ki, belə bir fakt var, amma bir qədər şişirdilərək təqdim edilib. Götürülmüş ləvazimatların heç birinin alışmaq, yanmaq ehtimalı yoxdur:

"Hətta onları tonqala belə atsan, alışmayacaq. Təlim məqsədli avadanlıqlardır. İki həftə əvvəl bu məktəbə təyin edilmişəm. Ətraf əraziyə, həmçinin məktəbin zirzəmisinə təmizlik məqsədi ilə baxış keçirən zaman əvvəlki dövrlərdən qalmış lazımsız ləvazimatları aşkarladıq. Tapılmış patronların heç bir təhlükəsi yoxdur. İçi barıtsız, alışma imkanı olmayan təlim məqsədli avadanlıqlar idi.

Onsuz da, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vaxtaşırı məktəbə baxış keçirir. Biz də xəbər tutan kimi FHN-ə məlumat vermişik. Gəlib baxış keçirilib. Qərar verildi ki, ləvazimatlar artıq təlim üçün də yararsızdır və aktlaşdırılaraq götürülməlidir. Odur ki, tapılmış patronlar və bir top mərmisi agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Hazırda əleyhqazlar qalıb və onlar barədə də tədbir görüləcək".

Tural Mirzəliyev qeyd edib ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaydığı məlumatda da bildirilib ki, bunlar təlim məqsədli ləvazimatlardır:

"Sadəcə, partlamamış terminindən istifadə edilməsi çaşqınlıq yaradıb. Heç şagirdlərin təxliyyəsinə də ehtiyac olmadan proses yerinə yetirildi. Ancaq bir neçə mətbuat orqanı məsələni tam başqa cür təqdim edib. "Məktəbdə silah anbarı aşkarlandı", "Uşaqlar bombanın üstündə oturub" kimi başlıqlı məqalələr haqlı olaraq valideynlərin narahatlığına səbəb olub. Biz onlara izah etdik ki, xəbərlər fakt olaraq doğru, ancaq üslub olaraq yanlışdır. Düşünürəm ki, azyaşlıların olduğu müəssisə ilə bağlı yazılar dərc olunan zaman bir qədər həssas yanaşmaq lazımdır".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb