Vaxtı idarə etmək olarmı?

08:16 | 08.04.2016
Vaxtı idarə etmək olarmı?

Vaxtı idarə etmək olarmı?

"Vaxt nədir?” sualı əslində çox fəlsəfi bir sual olsa da, "onu idarə etmək mümkündürmü?” sualı da maraq doğurur. Çoxları bu suala "bəli” deyərək cavab verir, çünkü bununla bağlı kifayət qədər kitablar yazılmış, təlim və seminarlar təşkil olunmuşdur. Lakin doğru cavab "xeyr”dir. Vaxt idarə olunmaz, ancaq ondan məhsuldar şəkildə istifadə etmək mümkündür. Vaxtı məhsuldar idarə etməyin yolu isə onun qurduğu tələlərdən qaçmaqdır.

Təxirə salmağı öyrənin. Hərdən bəzi işləri yerinə yetirmək üçün heç də doğru zaman olmur. İşin üstünə getmək onu tamamlamaqdan çox böyütməyə səbəb ola bilər. Onda bu sualı vermək lazımdır: "bu işi bu gün etməliyəmmi?” . Cavab "hə” olarsa, lakin o işi həmin vaxt edə bilməyəcəyinizi düşünürsüzsə, günün ərzində həll edəcəyinizi planlayaraq masadan qalxın. Cavab "xeyr” olarsa, bu iş üçün özünüzə yeni bir "deadline” təyin edin.  Lakin o işi mütləq həmin vaxt etməlisizsə, sadəcə olaraq masadan qalxın, bir qədər gəzib nəfəs alın, fikirlərinizi və özünüzü təzələyərək yenidən yerinizə əyləşin.

Unutmayın ki, o an sizə uyğun olmayan bir işi görməkdə israr etmək onun tamamlanma müddətini uzadacaq və vaxt təzyiqi ilə stress arasındakı əlaqəni əyani şəkildə sübut edəcəkdir.

Bu mövzu ilə əlaqədar istənilən təlim və seminarda sizə söylənəcək şey planlaşdırma bacarığınızı inkişaf etdirməniz olacaqdır. Və bu doğrudur. Həyatın müəyyən olunmuş bir proqrama uyğun davam etməsi bəzi insanlar tərəfindən sıxıcı və azadlığı məhdudlaşdıran bir hal olaraq görülsə də, əslində belə deyildir. Planlaşdırma vasitəsilə hər şeyin bir-birinə dolaşmasının qarşısını ala bilərsiz.

Həyatı planlamaq və proqramlaşdırmaq düzgün bir strategiyadır. Lakin digər yandan da unutmaq olmaz ki, dəyişikliklər qaçınılmazdır.

Planlaşdırarkən  rahat olmaq və dəyişmələrin mövcud ola biləcəyini qəbul etmək lazımdır. Planlara yüksək dərəcədə bağlı olmaq müasir dövrümüzün ən pis xəstəliyi olan stressə səbəb olur. Öz proqramınızda mümkün ola biləcək dəyişikliklərə və  tərsliklərə yer açın. Unutmayın ki, vacib bir zəng, təcili bir e-mail və ya tələbkar bir müdir sizi proqramınızda dəyişiklik etməyə məcbur qoya bilər.

Hər şeyi yadınızda saxlaya bilməzsiniz. Yetkin bir insanın beynindən gün ərzində 60 min düşüncə keçdiyini bilirdizmi? Bunların bir qismi adi olsa da, bəziləri çox parlaq fikirlərdir. Buna görə də qeydiyyat aparmaq çox yararlı bir vaxt idarəedicidir. Sonradan sizi "axı mən bunun cavabını tapmışdım” peşmançılığını yaşamaqdan xilas edir. Qeyd aparmaq sizin həmin ana fokuslanmanıza və buna görə də işinizi rahat tamamlamanıza kömək edər. Hər hansı bir işi görərkən, axşama həyat yoldaşınızın dediyi bazarlıq siyahısını yadda saxlamağa çalışmaq 2 şeyə səbəb ola bilər: gördüyünüz işdə vaxt itirməyə və qeyri-məhsuldar nəticəyə, həmçinin, nəyisə mütləq unutmağa. Qeyd aparmaq isə sizə vaxt qazandırar.

Qeyd apararkən yazdıqlarınıza fikir verməlisiniz. Əlbəttə ki, günü planlaşdırmaq vaxt sarıdan vacibdir. Ancaq uzun siyahı tutmaq motivasiyanı aşağı sala bilər. Bunun üçün də gün ərzində həqiqətən etməli olduğunuz və həqiqətən etmək istədiklərinizi siyahıya salmaq daha doğru olar.

Adətən insanlar işləri çətinlik dərəcəsinə görə təsnifləşdirməyə meyilli olurlar. Və bu təsnifatda ən çətin işlər hər zaman günlük,həftəlik,aylıq və illik təqvimin ən sonunda yer alırlar. Bu, vaxtdan səmərəli istifadə etmək baxımından ən çox edilən səhvlərdən biridir. Həmin çətin işə çatana qədər gün ərzində rastlaşdığımız maneələr motivasiyamıza mənfi təsir göstərə bilər. Və buna görə də biz həmin çətin işə lazım olan güc,diqqət və səbri artıq özümüzdə tapmaya bilərik. Yaxşı olar ki, yeni başlayan gündə ən çətin və mütləq həmin gün edilməli olan işi ən birinci, digərlərini isə növbəti addımlarda yerinə yetirəsiz.

Adətən vacib bir sənəd və yaxud iş üzərində çalışarkən maneələrlə bağlı yayınan diqqətinizi toplamaq üçün sərf etdiyiniz vaxt həmin maneə və ya elə işin özünə sərf etdiyiniz vaxtdan çox olur. Lakin bir həqiqət var ki, maneələrdən yaxa qurtarmaq mümkün deyil. Xüsusən də açıq bir ofisdə işləyirsizsə, "1 saat məni heç kəs narahat etməsin” deyə biləcəyiniz bir katibəniz və buna uyğun pozisiyanız yoxdursa...

Onları həyatımızdan çıxara bilməməyimiz idarə edə bilməyəcəyimiz mənasına gəlmir. Onda:
-konkret vaxt limiti qoyun və buna mütləq əməl edin: " 5dəqiqə vaxtım var, sənə kifayətdir? Yoxsa başqa vaxt görüşək?”
-yolüstü ofisinizə gələn yoldaşlarla ayaqüstü danışın. Əgər otursalar, söhbət uzanacaq
-birbaşa mövzuya girilməsini təmin edin:” başa düşürəm, amma əsas məsələ nədir?”
- "sən” əvəzinə "mən” istifadə edin: "sizə ən qısa zamanda və düzgün kömək etməyim üçün mənə problemi qısaca izah edə bilərsiz?”
-dinləmə qabiliyyətinizi artırın
-sadəcə vacib zəngləri qəbul edin. Digərlərinə doğru zamanda yenidən zəng edərsiz.
-təcili olmayan vacib məsələləri nahar fasiləsində planlaşdırın.
 
Unutmayın ki, vaxt əvəz edə bilməyəcəyiniz tək resursunuzdur və düzgün şəkildə idarə olunmalıdır. Bəzi kiçik dəyişikliklərlə həyatınızda fərq yarada bilərsiz.
 
Nərgiz Rəhimli.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
İqtisadiyyatın tənzimlənməsi. Magistr, 1-ci kurs.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb