Oktyabrın 22-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların paytaxtın polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.
Axeber.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb. O deyib ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, xidməti borca sədaqətə görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.
Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
O, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, ölkə Prezidentinin rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !