Daxildən baxış: Təbiətşünaslıq muzeyi REPORTAJ

14:37 | 27.08.2015
Daxildən baxış: Təbiətşünaslıq muzeyi – REPORTAJ

Daxildən baxış: Təbiətşünaslıq muzeyi REPORTAJ

Rüstəm Qasımov

Təbiətşünaslıq muzeyi Cənubi Kensinqtondakı "Exhibition Road” küçəsində yerləşən 3 böyük muzeydən biridir. Bu çox gözəl və sakit rayondur. Muzeyin yaxınlığında böyük Kensinqton Gardenz bağı yerləşir, burda çoxlu gözəl kafelər və restoranlar var. Muzeyi tapmaq çətin deyil, Cənubi Kensinqton metro stansiyasında düşürsən, vəssalam. Bu ərazidə daha iki böyük muzey var – Viktoriya və Albert muzeyi və Elm muzeyi. Muzey ziyarətçiləri üçün şəhər meriyası xüsusi tunellər tikib, buna görə də metrodan çıxmadan istədiyiniz muzeyə baş çəkə bilərsiniz. Bu həqiqətən çox rahat və əlverişlidir, Təbiətşünaslıq muzeyini görməmək mümkün deyil.  
 


Binanın yaxınlığında sərgilər barədə məlumat verən lövhələr var. Daimi kolleksiyalar olsa da, sərgilər il ərzində daimi qaydada keçirilir. 
 


Tarixi keçmişə baxanda, bu möhtəşəm binanın necə və nə vaxt tikildiyini öyrənə bilərik. 1850-ci ildə Britaniya muzeyinin təbiətşünaslıq şöbəsinə rəhbərlik edən professor R. Ouen kolleksiyalar üçün ayırca yerin ayrılması barədə müraciət edir. Yeni muzeyin Roma-Bizans üslubunda tikilməsi üçün memarlar Frensis Fouk, sonralar isə Alfred Uoterhauz layihə hazırlayırlar. Muzeyin tikintisi 1873-cü ildən 1880-cı ilə qədər davam edir, 1881-ci ildə Muzeyin açılışı elan edilir, 1963-cü ilə qədər isə o, Britaniya muzeyinin heyətinin bir üzvü olur. 
 
 
Muzeyin özü də möhtəşəm memarlıq üslubunda tikildiyindən böyük marağa səbəb olur. Muzeyin divarlarını heyvan və bitkilərin naxışları bəzəyir.  







Muzey hər gün saat 10:00-dan 17:50-yə qədər açıq olur (Milad istisna olmaqla hətta bayram günləri də fəaliyyət göstərir). Muzeyə səhər tezdən baş çəkmək tövsiyyə olunur, yoxsa növbələrdən ona yaxın durmaq müşkül məsələyə çevrilə bilər. Yeri gəlmişkən, hər ayın sonu cümə günü muzey 22:30-a qədər açıq olur. 
 


Giriş hər kəs üçün sərbəstdir. Ancaq ziyarətçilərdən xahiş olunur ki, xeyriyyə məqsədiylə muzeyə istədikləri qədər pul bağışlasınlar, ya da 5 funt (8.5 manat) dəyərindəki jurnalı alsınlar. 
 


Muzeydə həmişə çox sayda uşaq və məktəbli olur, ona görə də içəri səs-küylüdür və xüsusilə muzeyin əsass girişinin də olduğu mərkəzi zalda tez-tez uzun növbələr yaranır. Bu zal muzeyə ümumi ab-hava verir. Muzey ekspozisiyasına baxış nəhəng dinozavr skeletindən başlayır. 
 


 
 
Mərkəzi zalda dinozavrların, qədim sürünən və balıqların skeletlərini görmək mümkündür. 
 




Qeyd etmək yerinə düşər ki, muzeyin sahəsi o qədər böyükdür, bütün kolleksiyalara baxmaq bir neçə gün vaxt ala bilər, burada həmçinin botanikaya (70 milyon eksponat (6 milyon bitki daxil olmaqla)), zoologiyaya (55 milyon heyvan nümunəsi, onların yarısı həşəratlara aiddir), minerologiyaya (500 min daş və mineral) və paleontologiyaya dair (9 milyon qalıq) nümunələr sərgilənir. Burada tarixdən əvvəlki canlıların sümüklərini, çox sayda rekonstruksiya, nəsli kəsilən və kəsilməkdə olan heyvanları, sümüklər, minerallar və digərlərini görmək mümkündür. Elə nadir şeylər də var ki, onlar yeganə ekzemplyarda nümayiş olunurlar.
 
Kolleksiyalara özlüyündə həmçinin çox sayda məşhur olan elementlər də daxildir, məsələn, Darvinin topladığı nümunə kolleksiyalar, flora və fauna nümunələri, ilkin kəşflər dövründə səyahətçilərin topladığı nümunələr, nadir kitablar. Ziyarətçilərin rahatlığı üçün muzey 4 hissəyə bölünüb, burada eksponatlar mövzular isə fərqləndirilir. 
 


Mən əvvəlcə dinozavr, dəniz və okean canlılarının, balıq və suda-quruda yaşayanların skeletlərinin sərgiləndiyi Mavi zonaya baş çəkdim. Tarixdən əvvəlki müxtəlif modellər də çox maraqlıydı. Bəzi dəniz dibi canlıları xüsusi küncdə sərgilənirdilər. Eksponatlar o qədər yaxındadılar ki, onları ən xırda detallarına qədər görmək mümkündür. 
 







Muzeyin ən maraqlı zallarında biri Mavi zonaya daxildir, burada məməlilərin kolleksiyaları sərgilənir. Elə həmin zonada tavana dünyanın ən böyük canlısı, uzunluğu 30 metr olan göy balinanın surəti bərkidilib. Burada momont skeletlərini, müxtəlif dəniz məməlilərini, məsələn, delfinlərin, qatil balinaları və başqa balinaları görmək olar.  
 










Bu zalda müxtəlif heyvanları, zürafələri, filləri, atları, beqemotları, qabanları və digərlərini görmək olar. Lövhələrdə xüsusilə qeyd edilib ki, heyvanların buynuzları, dişləri təbii deyil, sünidir, bu, oğurluqların qarşısını almaq üçün edilir. 






Muzeyin əməkdaşlarından biri əlində delfin başı tutmuşdu, arzu edənlər ona toxuna bilərdilər. Ən çox marağı uşaqlar göstərirdilər, məsələn bu ispan uşaq ingilis dilini bilmirdi və anasının yardımıyla danışırdı. 
 


Qeyd etməliyəm ki, muzeyin əməkdaşları disiplinə ciddi nəzarət edirlər. Bundan başqa, binada çox sayda qadağa lövhələriylə qarşılaşmaq mümkündür. Onlardan birində yazılmışdı ki, muzeyin administrasiyası eksponatlara çox da yaxın getməməyi, xüsusilə balinaların skeletlərinə toxunmamağı xahiş edir, çünki onların sümükləri çox zərif olur, toxunan kimi dağıla bilərlər. 
 


Narıncı zonada vəhşi təbiət bağı salınıb, buraya həşəratların və bitkilərin sərgiləri daxildir. Darvin mərkəzi də elə burada yerləşir.
 
 

Muzeydə mavi və narıncı zonadan başqa, yaşıl və qırmızı zona da mövcuddur. Yaşıl zona quşlara, həşəratlara və bitkilərə həsr olunub. Bu zonada həmçinin lələklilərin müqəvvaları sərgilənir. Kolleksiyalara ən kiçiklərindən tutmuş ən nəhəng dəvəquşuların sərgiləndiyi bölmələr də daxildir. Burada həmçinin artıq mövcud olmayan quşlar da göstərilir, məsələn, Dodo quşu. 

Qımızı zonada isə müxtəlif geoloji hadisələrin sərgisi nümayiş olunur, məsələn, qabarma və çəkilmə, zəlzələlər və vulkanlar. Qırmızı zonada bizim qədim əcdadlarımız və Yerin yaranması haqqındakı fərziyələrimizi əks etdirən müxtəlif maketlər də sərgilənir. 
 


Muzeyin möhtəşəmliyini daha dərindən hiss etmək üçün 3-cü mərtəbəyə qalxmaq əla ideyadır. 
 


Burada hətta divarlarda meymunlar görünür. 
 


Sonuncu mərtəbədə Təbiətşünaslıq muzeyinin ən dəyərli eksponatı – 1300 illik Sekvoyya ağacının gövdəsi sərgilənir. Bu nəhəng ağac ABŞ-ın Kaliforniya ştatında bitir. 
 

 

Muzeydə olarkən təkcə eksponatlardan zövq almırsan, həmçinin dizayn da və binanın quruluşu da insana gözəl hisslər bəxş edir. 
 






Muzeydə insanın quluşunu, orqanların quruluşunu, sinir sisteminin necə olduğunu, qanın necə olduğunu öyrənə bilirsən. Bunun üçün xüsusi zal yaradılıb, girişdə çox maraqlı bir abidə də qoyulub. 
 


Muzeyin mərkəzi zalında Çarlz Darvinin heykəli qoyulub. 
 


Səyahətimizin sonunda qeyd etmək istəyirəm ki, çox sayda sirlərin və gizlinlərin açılması üçün əla vasitədir. Muzeyin ən vacib cəhətlərindən biri maarifləndirici olmasıdır. 

Xüsusi eksponatların köməyilə ziyarətçilər Günəş sisteminin necə qurulduğu ilə, heyvan və həşəratların həyatı ilə tanış ola bilərlər. Çox sayda nümayişlər və interaktiv eksponatlar insanın planetdəki rolunu öyrənməyə, ətraf mühitin mühafizəsini dərk etməyə imkan yaradır. Muzeyi xüsusilə uşaqlar çox sevirlər. 

Muzeydəki bütün sərgilər elə qurulub və elə sərgilənir ki, ilk növbədə bu, uşaqlar üçün maraqlı olsun. Sizin uşağınız orada ümumiyyətlə darıxmayacaq. Əgər siz yorulmusuz və istirahət etmək istəyirsizsə, o zaman muzeyin skameykasında və yaxud kafedə otura bilərsiniz. 

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az portalı oxucularını təkcə ölkədaxili deyil, xaricdə baş verən mədəni hadisələr və məkanlarla tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 






























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM