Eyni yerdən 3 nəfər itkin düşüb - AĞCABƏDİ MÜƏMMASI-VİDEO

12:00 | 21.10.2015
Eyni yerdən 3 nəfər itkin düşüb - AĞCABƏDİ MÜƏMMASI-VİDEO

Eyni yerdən 3 nəfər itkin düşüb - AĞCABƏDİ MÜƏMMASI-VİDEO

Ağcabədidə müəmmalı şəkildə itkin düşmüş üç nəfərin taleyindən hələ də xəbər yoxdur. Oktyabrın 17-də rayonun "Kolxoz bazarı” adlanan ərazisindən yoxa çıxan Valeh İsmayılovun oğlu Elmin İsmayılov APA TV-yə bildirib ki, bütün qohum-əqrəbaya soraq salsalar da, atasından heç bir xəbər yoxdur: "Atam evdən səhər saat 8-ə qalmış çıxdı. Mən də saat 9-da çıxıram. Üstündən bir saat keçdi. 10-a işləmiş mənə zəng etdi ki, hardasan? Sonra mən zəng etdim, zəng çatmadı. Bildim ki, atamın başı əldə deyil, salamat deyil. Cibində 9-10 min pul olub. Ordan-burdan alıb işləyirdik. Ailəmizi güclə dolandırırdıq. Yetimlərimiz var, yetimlərimizi dolandırırdıq. Qapımızın ağzından götürüb apardılar. Yoxdur".
 
İtkin düşmüş Valeh İsmayılovun ailəsini narahat edən amillərdən ən əsası odur ki, bu hadisə ilk deyil. Beş ay əvvəl Ağcabədi rayonunun Həzi Aslanov küçəsində yaşayan 40 yaşlı Vüqar Hümbətov itkin düşüb. Vüqar Hümbətov Valeh İsmayılovla eyni bazarda çalışıb. 2015-ci il mayın 27-də itkin düşən Vüqar Hümbətovun üç uşağı hələ də onun yolunu gözləyir. Vüqarı sonuncu dəfə görən onun  13 yaşlı qızı Telli Hümbətova olub: "Bizi məktəbə apardı. Sonra qayıdıb elə bura gədik. Əmim bizi evimizə apardı. Ondan sonra..."
 
Dayısı Kamil Məmmədov deyir ki, Vüqar Hümbətov mayın 27-də səhər-səhər bazara işə çıxıb: "Bazar ətrafında işləyirdi. Orada gəlib bir saat, saat yarım görünüb. Ondan sonra yoxa çıxıb. Uşaqlar axtarıb, ora-bura baxıblar, tapmayıblar. Ondan sonra şöbəyə xəbər verdik".
 
Sonuncu gün Vüqar Hümbətovun cibində 5 min manatadək pul olub. Vüqar Hümbətov kimi 14 aydır itkin düşən rayonun Qaravəlli kəndindən olan 56 yaşlı Məhərrəmova Fatma Nədulla qızının da taleyindən bir xəbər yoxdur.
 
Ağcabədi Rayon Polis Şöbəsindən hər üç faktla bağlı araşdırma aparıldığını, istintaq sirri olduğu üçün açıqlama verə bilmədiklərini bildiriblər. İtkin düşmüş hər üç şəxsin ailəsindən APA TV-yə bildiriblər ki, onların heç kimə nə borcu yoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb