Nigar Seyidova: “Bakıda hər tarixi bina memarlıq şedevridir”MÜSAHİBƏ

19:07 | 10.12.2015
Nigar Seyidova: “Bakıda hər tarixi bina memarlıq şedevridir” – MÜSAHİBƏ

Nigar Seyidova: “Bakıda hər tarixi bina memarlıq şedevridir”MÜSAHİBƏ

 
 
Rüstəm Qasımov

Bir müddət əvvəl paytaxtın "Natəvan” qalereyasında gənc azərbaycanlı rəssam Nigar Seyidovanın Bakının abidə və binalarına həsr olunan "Şəhər eskizləri” adlı fərdi sərgisi baş tutdu. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Nigar Seyidovanın ANN.Az-a müsahibəsini təqdim edirik. 

- Nigar, sizi oxucularımıza necə təqdim etsək yaxşı olar? Biraz özünüz barədə danışardız...

- Gəlin belə başlayaq, mən orta təhsili Respublika İncəsənət Gimnaziyasının fortepiano sinfində almışam. Solo konsertlərim olmasa da, müxtəlif tədbir və mərasimlərdə tez-tez ifa etmişəm. Səhnəni sevirdim. Müəlliməm mənim musiqini necə sevdiyimi görəndə, mənim mənəvi zövq ala biləcəyim bir ixtisası peşə kimi seçməyimi təklif etdi. Bu məni düşünməyə vadar etdi. Həmin an mən seçim qarşısında qaldım: nə istəyirəm və həyatda nə işlə məşğul olacağam?
 


- Bundan sonra siz rəssam olmaq qərarına gəldiniz?

- İş burasındadır ki, rəssamlığı uşaqlıqdan sevirdim. Mən saatlarla oturub çəkə bilərdim. Ancaq valideynlərim, xüsusilə nənəmlə anam məni bundan yayındırmağa, enerjimi daha çox musiqiyə yönəltməyə çalışırdılar. Onlar incəsənət xadimi olmasalar da, musiqini, fortepioanonu və s. çox sevirlər. Bizim ailəmizdə yeganə sənət adamı mənəm (gülür). Beləliklə, yuxarıda xatırlatdığım pedaqoqumla danışandan sonra, mən tamamilə başqa sahəni seçmək qərarına gəldim. 

Azərbaycan memarlıq və inşaat universitetində dərs deyən anam və nənəm mənim sonrakı peşə seçimində müəyyən rol oynadılar. Mən həmin universitetin kafedrasında tez-tez qonaq olurdum. Qovluq və çetryojlarla kafedraya gələn tələbələri müşahidə eləyirdim. Bu obraz mənim xoşuma gəldi və həmişəlik yaddaşıma həkk olunmuşdu. Pedaqoqlarımın,  yaxınlarımın və qohumlarımən məsləhətlərini dinləyəndən sonra, memar olmaq qərarına gəldim, axı sənət təkcə mənəvi zövq deyil, həm də maddi təminat gətirməlidir. 

- Ancaq memarlıq və inşaat universitinə daxil olmadınız... 

- Bəli. Tam təsadüfdən mən Rəssamlıq Akademiyasının memarlıq fakültəsinə daxil oldum. Qeyd edim ki, peşəkar rəssamlıqla mən heç vaxt məşğul olmamışdım, amma birinci kursda oxuyanda özümü bu sahədə yoxlamaq qərarına gəldim. Akademiyadakı atmosfer özü mənə bunu vadar edirdi. Mən yaratmaq, düzəltmək, qurmaq, yeni ideyalar tapmaq istəyirdim. Mənə hətta boyanın rəngi ilham verirdi. Bundan başqa, yaxın qohumumun mənə dediyi bir sözü unuda bilmirdim, o demişdi ki, akademiyanın tələbəsi olsam da, rəsm çəkə bilmərəm. 
 


- Bu sizi yaradıcılığa sövq etdi? 

- Tamamilə düzdür! Mən kətan və boyalar aldım və işə girişdim. İlk işim "İlin fəsilləri” adlanırdı. Dürüst olsam, birinci şəklim heç xoşuma gəlməmişdi, ancaq ona kənardan baxanda başa  düşdüm ki, zəhmətim boşa getməyib, şəkil alınıb. Bundan başqa, pedaqoqlarım və kurs yoldaşlarımdan xoş sözlər eşidirdim, bu da mənə ilham verirdi. 

- Fərdi sərgi ideyası həmin vaxt ağlınıza gəlmişdi? 

- Hələ musiqiçi olanda, ağlıma sərgi ideyası gəlmişdi, ancaq o vaxt nə zamansa rəssam olacağım ağlıma gəlməmişdi. Bir sözlə, mən fərdi sərgi keçirməyi qarşıma məqsəd qoydum və bunun üçün ekspozisiyalar yaratmağa başladım. Arzum o qədər güclüydü ki, hər gün işləyirdim. Sonda 50 şəkil alındı, onlardan da 40-ı sərgiyə düşdü. 
 


- Rəsm işlərinin mövzusu nəydi? 

- Sərgi "Sifət və səs” adlanırdı. O Müasir İncəsənət mərkəzində keçirilmişdi. İşlərin mövzusu abstrakt idi. Şəkillər fəlsəfi mövzudaydı, bu da tamaşaçıları düşünməyə vadar edirdi. 

- Ancaq ilk fərdi sərginizdə təkcə rəsmlər deyil, fotolar da nümayiş olunurdu? 

- Bəli (gülür). Rəsmlə yanaşı, fotoqrafiya ilə də məşğul olmağa başlamışdım. Əvvəlcə bu sadəcə həvəs idi. Ancaq həmin il Akademiyada fotoların kütləvi sərgisi keçirilirdi, mən orada 3-cü yeri tutdum. Bundan sonra mənim həvəskar fəaliyyətim peşəkar sferaya keçdi. Mövzuya gəldikdə isə, mən sərgidə şəhərimizin memari binalarını çəkmişdim. Sərgi keçən il baş tutdu və mənim 20 yaşıma hədiyyə oldu. Bu, mənim ən yaddaqalan doğum günüm idi. 

- Ancaq sizin indiki sərginiz birincindən radikal şəkildə fərqlənir. 

- Bəli. Mən təkrarçılıq etmək yox, tamaşaçılara tamam fərqli şey göstərmək istəyirdim. Çox təəssüf ki, bizdə insanlar memarlıqla o qədər də maraqlanmırlar. Onlar hansısa binanın qarşısında durub şəkil çəkdirməyi sevirlər, ancaq onun xüsusiyyətlərinə, individuallığına, təkrarolunmazlığına və s. fikir vermirlər. Bizim insanların əksəriyyəti fikirləşir ki, şəhərimizdəki binaların çoxu yeknəsək boz-qəhvəyi rəngdədirlər və bir-birlərinə oxşayırlar. Ancaq yaxından baxsalar, görərlər ki, belə deyil. "Şəhər eskizləri” sərgisinin məqsədi şəhər memarlığını insanlara yaxınlaşdırmaqdır. Axı demək olar ki, Bakıdakı bütün tarixi binaların hər biri memarlıq şedevridir, onlar özlərində çoxlu sirr və müəmma saxlayırlar. 

Şəhəri gəzərkən və şəhər memarlığını öyrənərkən, əmin olursan ki, hər bina identik və təkrarolunmazdır, orijinal dizaynı, interyeri var, gəm də bu gözəllik təkcə xarici görünüşlə məhdudlaşmır, daxili dizaynda da özünü göstərir. 
 


- Demək istəyirsiz ki, binaların təkcə xarici görünüşünü deyil, daxilini də sevirsiz? 

- Əlbəttə! Binanın bütün gözəlliyini anlamaq üçün təkcə onun fasadına baxmaq yox, daxili interyerinə nəzər salmaq, qapılardan içəri girmək, mümkünsə mənzillərə daxil olmaq lazımdır. Tarixi binalarda yaşayan sakinlərin bir çoxu necə sehrli yerdə yaşadıqlarını bilmirlər. Ancaq onların arasında buranın qədrini bilən, bina barədə maraqlı məlumatlara sahib kimsə mütləq tapılır.  

- Sizin binaların eskizləriylə məşğuliyyətiniz nə vaxtdan başladı və bu ekspozisiyanı necə hazırladız? 

- Mən ömrüm boyu müxtəlif janrlara müraciət etmişəm və öz işlərimdə ən müxtəlif süjetləri sınamışam, ancaq heç vaxt bina eskizləri çəkməmişdim. Amma keçən il mən gənc memar Urfan Məmmədovla tanış oldum, o, İtaliya magistr dərəcəsi alıb. O mənimçün təkcə müəllim yox, həm də dost oldu. Məhz Urfan mənə eskizlər düzəltməyi öyrətdi, lazımlı məsləhətlər verdi və hər zaman dəstəklədi, bunun da sayəsində mən eskizlər kolleksiyası hazırlaya və onları Bakı auditoriyasına təqdim edə bildim. Əvvəlcə biz binaların adi çertyojlarını çəkirdik, ancaq özümün təkcə memar yox, həm də rəssam-memar olduğum faktını nəzərə alandan sonra, istədim ki, işlərim rəsmvari olsun, bununla eskizlər daha canlı olacaq və tədbirin qonaqlarının xoşuna gələcəkdi. 
 


- Nigar, tamaşaçılara neçə ədəd iş təqdim etmisiz? 

- Çərçivəli 20 iş, çərçivəsiz 20 iş. Sərgidə mən həmçinin özümün bir neçə rəsm işimi təqdim edirəm. 

- Siz təkcə Bakının binalarını göstərirsiz, yoxsa başqa şəhərlərin də? 

- Təkcə Bakı deyil. Keçən il mən İstanbulda oldum, nəticədə mən İstanbulun bir neçə memarlıq binasını – "Aya Sofiya" məbədini, "Dolmabahçe” sarayını "Qalata kulesi"nin rəmlərini çəkmişəm. 

- Mən eşitmişəm ki, siz gələcəkdə heykəltaraşlıqla da məşğul olmaq istəyirsiz. Bu doğrudurmu?

- Məni müasir heykəltaraşlıq və instalyasiya çox cəlb edir. Bizdə belə bir stereotip formalaşıb ki, heykəltaraşlıq qadın işi deyil, ancaq mən gücümü sənətin bu janrında da sınamaq istəyirəm, çünki burada sərhədlər yoxdur və insan öz potensialını tam gerçəkləşdirə bilər. Məsələn, rəssamlıqda sən kətanın çərçivəsindək kənara çıxa bilməzsən, fotoqrafiyanın da sərhədləri var. Heykəltaraşlığa gəldikdə isə, fantaziyanı işə sala və ağlına nə gəlirsə, yarada bilərsən. Mənim bu işdə heç bir təcrübəm olmasa da, əminəm ki, məndə mütləq alınacaq, sadəcə tənbəllik eləməmək və başlamaq lazımdır (gülür). 
 


- Rəssamlıqdan başqa nə iləsə məşğul olursuz? 

- Mən fortepianoda çalır və ifa edirəm. Məktəb dövründə xorda oxumuşam, ancaq indi təkcə ailəm, dostlarım və yaxınlarım üçün oxuyuram. Boş vaxtlarımda kitab oxuyuram və tarixlə maraqlanıram. 

- Bəs arzunuz nədir? 

- Memar-bərpaçı olmaq və Bakıdakı binaların, tarixi abidələrin restavrasiyası ilə məşğul olmaq mənim arzumdur. 

- Nigar, maraqlı söhbətə görə təşəkkür edirik. Biz sizə yaradıcı uğurlar və arzularınızın gerçəkləşməsini arzulayırıq. 

- Təşəkkür! 
  



























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb