Növbəti Avropa Film Festivalına hazırlıq başladı

21:45 | 25.06.2014
Növbəti Avropa Film Festivalına hazırlıq başladı

Növbəti Avropa Film Festivalına hazırlıq başladı

Bu ilin oktyabrında Park Cinema-da 5-ci Avropa Film Festivalı keçiriləcək. Bu tədbirə hazırlıq məqsədiləPark Cinema Kinoteatrlar şəbəkəsinin diektoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralf Pilts arasında görüş keçirilib.
Avropa İttifaqının nümayəndəsi Toralf Pilts Azərbaycanın paytaxtında keçirilməsi artıq ənənə halını almış Avropa Film Festivalının ölkənin mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyini qeyd edib. “Avropa Film Festivalının Park Cinema kinoteatrlar şəbəkəsi ilə birgə əməkdaşlıq şəraitində keçirilməyə başlandıqdan sonra festival çərçivəsində nümayiş olunan filmləri daha çox insan izləməyə başlayıb. Festivalda nümayiş olunan ayrı-ayrı Avropa ölkələrinin istehsalı olan filmlərin ideyası, onların qəhrəmanlarının davranışı Azərbaycan tamaşaçılarına Avropa xalqlarını daha yaxından tanımağa imkan verir və nəticədə xalqlar arasında mədəni inteqrasiya güclənir”, - deyə T.Pilts bildirib. O, Park Cinema ilə birgə əməkdaşlıq nəticəsində Avropa Film Festivalının sanbalının daha da artdığını, onun Azərbaycanla yanaşı beynəlxalq miqyasda da mötəbər kino hadisəsinə çevrildiyini vurğulayıb.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev öz növbəsində Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi ilə qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək qeyd edib ki, xalqlar arasında mədəni inteqrasiyaya töhfəsin verən Avropa Film Festivalı həqiqətən də bu gün Azərbaycan və Avropanın həm rejissor və aktyorları, həmçinin də kinosevərləri arasında özünəməxsus mədəni körpü rolunu oynayır. “Biz Park Cinema kinoteatrlar şəbəkəsi olaraq bu mötəbər festivalın keçirilməsində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq etməkdən məmnunuq”.
Namiq Quliyev ötən festivaldan keçən bir il müddətində Azərbaycanın ən geniş auditoriyaya malik Park Cinema Kinoteatrlar şəbəkəsinin keçdiyi inkişaf yolundan da bəhs edib. Onun sözlərinə görə, Park Cinemanın oktyabr ayında 4 yaşı tamam olacaq. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Namiq Quliyev Park Cinema kinoteatrlar şəbəkəsinin zallarının sayının artması və texniki imkanlarının genişlənməsinin Avropa Film Festivalının daha yüksək səviyyədə təşkili və keçirilməsi üçün zəmin yaratdığını və filmlərin şəbəkənin bütün kinozallarında nümayiş olunmasına hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildə bu festivala qatılmış insanların sayı 4000 idisə, ötən il bu göstərici 6000 nəfərolub.
Şəbəkə və repertuar haqqında ətraflı məlumatıwww.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindənhttp://www.facebook.com/ParkCinema əldə etmək olar.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM