ABŞ səfirliyi nə üçün bəyanat verdi? - AÇIQLAMALAR

14:08 | 09.07.2015
ABŞ səfirliyi nə üçün bəyanat verdi? - AÇIQLAMALAR

ABŞ səfirliyi nə üçün bəyanat verdi? - AÇIQLAMALAR

Son zamanlar ABŞ-la Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinin pərdəarxası səbəbləri nədir? ABŞ-ın Azərbaycandakı səfirliyinin sonuncu – "ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır” mövzulu bəyanatının ortaya çıxmasına əsas nə olub? 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi  çevriliş hazırlanması barədə mediada gedən məlumatlarla bağlı bəyanat verib. Bəyanatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır: "Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.

Səfirliyin bəyanatında bu cür ifadələri işlədilməsinin səbəbi iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq, yoxsa bu qaraxaymalara bir cavabdır? Münasibətlərə xələl gətirən qüvvələr kimlərdir? 

Bu və digər sualları cavablandırmaq üçün Milli Məclis deputatlarına və politoloqa müraciət etdik. 



Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev ANN.Az-a açıqlamasında ABŞ-Azərbaycan arasındakı münasibətlərin bütün məqamlarda özünü göstərdiyini deyib: "Bir çox dairələr bu münasibətlərə kölgə salmağa çalışır. Xüsusən də erməni lobbisi buna cəhd edir və çalışır ki, Azərbaycanın ABŞ-la, Avropa ilə əlaqələri pozulsun. Amma Azərbaycan tərəfi də bu məsələlərdə çox ehtiyatlı və səbrli davranır”. 

F.Quliyev əlavə edib ki, bəzən Azərbaycandan asılı olmayan səbəblər üzündən qarşı tərəfin səhvləri, yanlışları olur: "Düzdür, bəzi senatorlar, yerləşmə təşkilatları, ABŞ dövlət məmurlarının mövqeləri olub və bunun qarşılığında biz dəfələrlə onların cavablarını vermişik. ABŞ tərəfi də bu mövqelərin Amerika dövlətinin rəsmi mövqeyi olmadığını bəyan edib.  Biz də hesab edirik ki, həm enerji təhlükəsizliyi məsələlərində, həm terrorla mübarizə çərçivəsində, həm də nüvə reaktorları üçün  vəsaitin qaçaq yolla aparılması problemlərinin çözülməsində Azərbaycan öz mövqeyini nümayiş etdirib. Və ABŞ tərəfi də Azərbaycanın bu xidmətlərini həmişə görüb”.

Deputat ABŞ səfirliyinin sonuncu bəyanatına toxunaraq "əgər "ABŞ Azərabycanda çevriliş hazırlamır” – deyilirsə, bunu  normal və başa düşülən bir çıxış kimi qəbul etməliyik. Bu həmçinin ABŞ-Azərbaycan münasibətlərinə qaraxaymalar deyən bəzi diplomatların dediklərinə bir cavabdır. Ümumiyyətlə, səfirin bu açıqlaması ABŞ dövlətini təmsil edir” – bildirib. 

F.Quliyev ABŞ-Azərbaycan dövlətlərinin şayiələr üzərində idarə olunmadığını da vurğulayıb: "Bu iki dövlət strateji əməkdaşlığa hər zaman maraqlıdır. Hesab edirəm ki, erməni lobbisi və Amerikanın bəzi senatorları bu münasibətlərə heç bir xələl gətirə bilməyəcək”. 



Azərbaycan Demokratik İslahatlar Partiyası sədri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə ANN.Az-a açıqlamasında Azərbaycan-Amerika münasibətlərinin çoxşaxəli tərəfdaşlıq proqramlarına bağlı olduğunu deyib: "Bizim ölkəmiz ABŞ-la  bir-neçə sahədə çox ciddi əməkdaşlıqlar edib. Amma buna baxmayaraq, fikir ayrılığı olan məsələlər də var. Azərbaycan tərəfini daha çox narahat edən məsələ isə ABŞ-da fəaliyyət göstərən erməni diasporunun ölkəmizə qarşı apardığı kompaniyalardır. Hətta bütün bunlara ideoloji müharibə, böhtan və iftiralar kompaniyası da deyə bilərik. Təbii ki, erməni diasporunun bu kompaniyaları ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir. Bununla yanaşı ABŞ-ın özünün də  milli təhlükəsizlik  maraqlarına zərbə vurur”.
Bütün bunları nəzərə alaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuata bu cür açıqlama verməsini, bəyanatla çıxış etməsini müsbət hal kimi dəyərləndirən A.Mollazadə hər iki ölkə rəsmilərinin yaranmış problemləri birgə həll etməyə daim hazır olduqlarını dilə gətirib. 

ABŞ-Azərbaycan ticari əlaqələr məsələlərinə toxunan A.Mollazadə bu qarayaxma prosedurlarının təsir etməyəcəyinə ümidvar olduğunu bildirib: "Tək enerji sahəsi deyil, mədəniyyət, təhsil, təhlükəsizlik və başqa sahələrlə də əməkdaşlıq işləri çox sürətli şəkildə davam etdirilir. Biz ABŞ-dan ən çox hüququn aliliyinə dəstəyi gözləyirik. Ümumiyyətlə, BMT-nin  qətnamələrinin icrasına Qarabağ münaqişənin həllində məhz hüququn aliliyindən, beynəlxalq hüquq normalarına arxalanan addımları gözləyirik. Erməni diasporunun bu münasibətləri korlamaq üçün etdiyi hərəkətlər, kompaniya bu ölkələr arasında münasibətlərə ciddi təsir göstərə bilər. Və səfir Robert Sekutanın mətbuata bu cür açıqlama verməsini dəstəkləyirəm”.



Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Səyavuş Novruzov ANN.Az-a açıqlamasında mətbuatda müxalifət nümayəndələrinin qarayaxmalarla məşğul olduğunu, ABŞ-Azərbaycan münasibətlərini korlamağa cəhdlər edildiyini xatırladıb: "Xüsusilə "Azadlıq” qəzeti, "Azadlıq radiosu” kimi mətbu orqanları hər hansı qeyri-hökumət təşkilatının və ya hansısa bir qəzetinin mövqeyini ABŞ dövlətinin mövqeyi kimi Azərbaycan ictimaiyyətinə təqdim edir. İki hökumət arasında heç bir problemin olmadığını görürük, sadəcə olaraq ayrı-ayrı qurumlar, strukturlar, erməni lobbisinə xidmət edən insanlar, konqresmenlər və başqa qruplar var ki, bunlar Azərbaycan əleyhinə belə addımlar atırlar”. 

Azərbaycanla ABŞ-ın strateji müttəfiq olduğunu deyən deputat bu qaraxamaların iki ölkə arasında olan münasibətlərə heç bir təsir etməyəcəyini vurğulayıb: "İstər antiterror əməliyyatlarında, istər Əfqanıstana girməsində Azərbaycanın hava məkanından istifadə etməsi, hərbi yüklərin daşınmasında Azərbaycan həmişə ABŞ-a qarşı öz mövqeyini ortaya qoyub. Bundan başqa Azərbaycan ordusunun sülhməramlılarının Əfqanıstana getməsi və bu yaxınlarda yeni bir qrupunun ora yola salınması da bu iki ölkə arasında olan münasibətlərin bir göstəricisidir. Yəni Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri tamamilə yerinə yetirir. Qarşı tərəfdən də biz bu cür münasibət gözləyirik, amma arada suyu bulandıran qüvvələr də ortaya çıxır. Bu qüvvələr də erməni lobbisinə xidmət edənlərdir”.




Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu ANN.Az-a açıqlamasında son zamanlar ABŞ-Azərbaycan münasibətləri ilə bağlı mətbuatda məqalələrin dərc olunmasının sayının artdığın deyib: "Ola bilsin ki, səfir də bütün bunlara cavab olaraq belə bir bəyanatla çıxış etməyi məsləhət görüb. Çünki məlumdur ki, bu iki ölkə arasında münasibətləri korlamaq üçün qarayaxmalar deyilir, kompaniyalar keçirilir”.
 
Bu proseslərin iki ölkə arasındakı iqtisadi-ticari münasibətlərə də mənfi təsir göstərəcəyini deyən politoloq  bir çox əlaqələrin siyasi məsələlərdən qaynaqlandigini vurğulayıb: "Ümumiyyətlə, ölkələr arasında siyasi münasibətlərin pozulması son nəticədə iqtisadi  münasibətlərin də pozulmasına xələl gətirir. Bu artıq qəbul olunmuş  aksiomduır. İki ölkənin siyasi münasibətləri pozulub iqtisadi münasibətləri davam etdirməsi mümkün deyil”.
Politoloq hesab edir ki, bu baxımdan ABŞ səfiri Robert Sekutanın bəyanatı və 16 senatorun Azərbaycana göndərdiyi məktubu əlaqələndirmək lazımdır: "Fikrimcə, bu artıq çox ciddi bir xəbərdarlıqdır”.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb